İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ silahlarını Azərbaycana tuşlayıb: Bölgədə yeni müharibə ocağı yarana bilər...- İlginc MƏQAMLAR

ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı məlumatlar iki gündür siyasi gündəmin mərkəzindədir.  Caliber.az bildirib ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. ABŞ-nin  Ermənistandakı səfiri isə bununla bağlı news.am saytına açıqlama verib. Səfir demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib:

“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

Burada söhbət əlbəttə, Ermənistan- ABŞ hərbi təlimlərindən deyil, Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından gedir. Səfir isə mövzudan yayınaraq “təlimləri” şərh edir. Bu isə onu göstərir ki,  ABŞ-nin səfirinin faktlar qarşısında deyəcəyi söz yoxdur.  Üstəlik, silah daşınması ilə bağlı yayılan xəbərdə ABŞ səfirliyinin cavabında qeyd olunan təlimlərdən bəhs edilməyib.

ABŞ-nin Ermənistanı silahlandırması regionda hansı nəticələrə gətirib çıxaracaq? Bölgədə yeni münaqişə ocağı yarana bilərmi? Azərbaycan hadisələrin gedişatını izləyib hansı addımları ata bilər?

İran israrla qırmızı xətti keçməyə çalışır” - Tofiq Abbasov - Infoteka.az

Məsələni Musavat.com-a şərh edən politoloq Tofiq Abbasov deyib ki, ABŞ, Faransa, Avropa  İttifaqının bəzi ölkələri və Hindistan Ermənistanı silahlandırmaqla bölgədə gərginliyi artırmağa çalışırlar.  

“Azərbaycan heç nəyi diqqətdən kənarda saxlamır. Dəqiq bir formada müşahidələr aparır. Ermənistanın və havadarlarının dedikləri sözlərlə əməlləri üst-üstə düşmür. Bir yandan sülhdən danışırlar, digər tərəfdən isə hərbi təlimlər keçirirlər, bölgəyə yad qüvvələri gətirirlər. 

 Avropa Birliyinin birinci sammitində Makron çalışdı ki, prezident İlhamə Əliyevə təzyiqlər göstərsin və Azərbaycanda qondarma müşahidəçilər yerləşdirsin. Dövlət başçısının isə buna yanaşması ondan ibarət oldu ki, onlara ehtiyacımız yoxdur, lüzum görmürük.

 Qərb isə planlarının baş tutmadığını görüb, Ermənistanı silahlandırmağa başladı.  Onların həyata keçirdikləri “binokul” diplomatiyasıdır. Bu proseslərin arxasında Qərb qütbünün məkrli, dağıdıcı və təhrikçi siyasəti durur.  Onlar bu minvalla çalışırlar ki, Azərbaycana təzyiqlər göstərsinlər. Ermənistanı artıq  müharibə, münaqişə vasitəsi kimi istifadə edirlər. Bu da erməni xalqının, Ermənistan dövlətinin zəifliyindən irəli gələn bir şeydir. Onlar həmişə kiməsə sığınmağa  öyrəşiblər. 

Özlərini Azərbaycan və Gürcüstan kimi suveren dövlət olaraq təsəvvür edə bilmirlər.

ABŞ-nin hədəfində tək Azərbaycan deyil, İran, Rusiya  və Türkiyə də var. Regionda onlara təzyiq göstərmək istəyirlər.  Əsas məqsədləri dünyanı yenidən bölüşdürməkdir. Dünya ölkələrini 12-15 makro zonaya çevirmək niyyətindədirlər. Bunu həyata keçirmək üçün isə dövlətləri öz aralarında vuruşdurmaq planları var.  Ermənistanı Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya qoyurlar. Burada sabitliyin olmasına imkan vermək istəmirlər.

Prezident İlham Əliyev və Azərbaycanın siyasi elitası da Ermənistanı danışıqlara dəvət edir və bildirir ki, bizə vasitəçi lazım deyil. Onlar isə prosesi pozurlar, danışıqlardan qaçırlar.

May ayında prezident Şuşada olarkən Ermənistana səsləndi və bildirdi ki, əgər bu dövlət qırmızı xətləri keçsə, Azərbaycan heç bir xəbərdarlıq etmədən tədbirlərini görəcək.

 Ermənistan və ABŞ təhrikçi və təhlükəli planlar üzərində fəaliyyət göstərirlər. Azərbaycan isə müşahidə edir, ayıq- sayıqlığını qoruyub saxlayır.  Lazım gələrsə, müdafiəmizi də edəcəyik”. 

Politoloq Rusiyanın bölgədəki vəziyyətə münasibətini də şərh edib: “Rusiya həmişə deyib ki, Qafqazdan geri çəkilməyəcək.  Türkiyə əgər güclənirsə, Rusiya arxayın olur ki, heç olmasa Türkiyə var. Strateji baxımdan Moskva ilə Türkiyənin baxışları bir çox məsələlərdə üst-üstə düşür.

Rusiya Ukrayna ilə nə qədər müharibə aparsa da, burada kontingenti var.  Söhbət heç  Ermənistanda yerləşən 102-ci bazadan da getmir.  Lazım olarsa, əlavə hərbi kontingent gətirə bilər. 

Ölkənin xarici işlər naziri Sergey Lavrov bir müddət öncə İsraillə bağlı açıqlamasında bildirmişdi ki, “İsraildə əgər düşünürlər ki, Rusiya kənardan müşahidəçi qismində qalacaq, onlar yanılırlar”. Bu eyham təsadüfü deyildi, ABŞ-yə də aid idi. Sözünün canı o idi ki, Qafqazı cənginizə almaq istəyirsinizsə, bu o demək deyil ki, kənardan durub baxacağıq.  Proseslər tektonik xarakter daşısa, Rusiya reaksiyasını fərqli bir tərzə bildirəcək”. 

T. Abbasov Qafqazda Rusiya-ABŞ münaqişəsinin böyüməyəcəyini deyib:

“Hər iki dövlət  bu məsələdən qaçır. Orada əsəb müharibəsi daim gedəcək. Bir -birlərinə psixoloji təzyiq edəcəklər.

Onların münasibətində əgər qırmızı xəttə yaxınlaşırlarsa, dərhal o prosesdə dialoq araya girir, təmaslar qururlar. Bu yaxınlarda siyasi məhbusların mübadiləsi oldu.  Bu, ondan xəbər verir ki, lazım gələndə Rusiya və ABŞ danışığa gedirlər. 

Ona görə də Qafqazda qlobal müharibəyə qatılma ssenarisi heç kimə fayda verməyəcək. Burada münaqişəli vəziyyət yaranarsa, tək Qafqaz ölkələri deyil, bölgədən asılı olan güc mərkəzləri də başağrısı yaşayacaq.  Ona görə də dərinə getməyəcəklər. Kritik nöqtəyə çatanda uzaqlaşacaqlar”.  

Qeyd edək ki, “Caliber” nəşri səfirin açıqlamasından sonra yeni məlumat yayaraq bildirib ki, onlarda İrəvan Zvartnots hava limanına eniş edən hərbi-nəqliyyat təyyarələrinin fotoşəkilləri var və təkzib etmək üçün növbəti cəhdlər olarsa həmin fotolar yayılacaq:

“Biz ABŞ-ın Ermənistandakı səfirliyini nəşrimizin mahiyyətini bulandırmaq cəhdlərini dayandırmağa, əvəzində Cənubi Qafqazda gərginliyin dərəcəsini xeyli artıran vəziyyətə aydınlıq gətirməyə çağırırıq”,-deyə nəşr bildirib.

Bir daha qeyd edirik ki, Azərbaycan bölgədə hər zaman sülhdən yanadır və dəfələrlə bəyan edilib ki, heç bir dövlətin ərazisində gözü yoxdur. Ermənistan ərazi bütövlüyünü tanıyır və qonşu dövlətlərin suverenliyinə hər zaman hörmətlə yanaşır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR