Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Azərbaycandakı səfiri postu artıq 5 aya yaxındır ki, boşdur. Yada salaq ki, Mark Libbi yanvar ayında səhhətində olan problemlərlə əlaqədar istefa verib.
Hələlik ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn, Mark Libbinin təyinatına qədər 1 ildən çox Azərbaycandakı səfirlik başsız qalıb.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi.
Bu müddət ərzində prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etdi və bir ildən sonra Senat onun müddətinin uzadılmasına icazə vermədi. Erməni lobbisinin təsiri altında olan senatorlar Azərbaycan və Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq vermədi. Erməni lobbisi ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri olan Brayzanın həyat yoldaşının türk olmasını əsas gətirərək onun fövqəladə və səlahiyyətli səfir təyin edilməsinə imkan vermədi.
Ekspertlərə görə, Azərbaycan Tramp administrasiyası ilə qarşılıqlı işgüzar əlaqələr qurub və ABŞ-ın səfir təyinatının bu dəfə də uzanmasının heç bir əsası yoxdur. Üstəlik, ABŞ Senatının hər iki palatasında respublikaçılar əsas söz sahibidirlər və Tramp administrasiyasının istənilən namizədinin Bakıya təyinat almasına ciddi maneə yaradıla bilməz. İndiki halda hər şey Ağ Evin yürütdüyü siyasətdən asılıdır. Səfirin personası hansı cəhətdənsə, Azərbaycana uyğun gəlmirsə, bu zaman həmin səfiri Azərbaycan qəbul etməyə bilər. Diplomatiyada səfir təyinatının gecikdirilməsinin anlamı nə?
Bir sıra müşahidəçilərə görə, ABŞ-ın Azərbaycana səfir təyinatını yubatmasının arxasında iki ölkə arasında münasibətlərdəki Bayden dövründə başlamış soyuqluq dayanır. Vaşinqton bununla Bakıya mesaj göndərir. Belə fikir var ki, səfir təyinatının ləngiməsi və ya bu işə ən azı laqeyd münasibət Dövlət Departamentinin Bakıya mesajıdır. Diplomatiyada bu cür gedişlərə tez-tez rast gəlinir.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, əslində ABŞ-ın Azərbaycana səfir göndərməsi əvvəlki təcrübələrlə müqayisədə elə də çox gecikmiş sayılmamalıdır: “Bundan öncə hətta elə olub ki, səfir təyinatı üç il yubanıb. Lakin indi ABŞ-ın Azərbaycana səfir təyinatının bu dəfə də uzanmasının heç bir əsası yoxdur, ABŞ-ın yeni administrasiyası ilə Bakı arasında Co Bayden administrasiyası dövründə müşahidə olunan soyuqluq və gərginlik də yoxdur. Səfir Mark Libbinin səfir postundan getməsindən 5 aya yaxın vaxt keçir. Bu müddətin təxminən yarısı Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən Co Bayden administrasiyasının dövrünə düşür. Həm təcrübə göstərir ki, adətən Amerika səfir təyinatını dərhal bir-iki ay ərzində həyata keçirmir. Burada prosedurların çox olması və vaxt aparması da rol oynayır. Həm də Co Bayden hökuməti gethagetdə Azərbaycana dərhal səfir təyin etməzdi və etmədi də. Təyinat saxlandı Donald Tramp administrasiyasına. Trampın da prezident fəaliyyətinə başlamasından üç ay yarım keçir. Bu üç ay yarım ən çətin və işlərin sıx olduğu dövrdür. Trampın qarşısında bu müddətdə komandanı formalaşdırmaq, Ukrayna müharibəsi ilə məşğul olmaq kimi daha böyük, daha qlobal məsələlər dururdu. Bu məsələlərin bir hissəsi hələ də həllini tapmayıb. Belə bir gərgin vaxtda səfir təyinatına vaxt ayrılmaması müəyyən mənada təbii və gözləniləndir. Lakin artıq bundan sonrakı zamanda Tramp tərəfindən ABŞ-ın ölkəmizə yeni səfirinin təyin edilməsinin uzanması üçün ciddi maneə yoxdur. Öncəki zamanlarda Senatda üstün mövqedə olan Demokratlar, ermənipərəstlər təyinata maneələr yaradırdılar. Lakin artıq hər iki palatada respublikaçılar əsas söz sahibidirlər. Səfir təyinatı bu dəfə asanlıqla həyata keçirilə bilər. Səfirin təyinatında, əgər o, prinsip etibarilə Azərbaycanda fəaliyyət göstərməyə layiqdirsə, iki ölkə arasında hər hansı problem yaratması ilə bağlı ehtimallar yoxdursa, onun təyinatında, qənaətimə görə, heç bir problem olmamalıdır. Tramp administrasiyası tərəfindən təyinat olarsa, onun qarşısını almaq üçün heç bir ehtimal yoxdur”.
Politoloq qeyd etdi ki, səfir təyinatını adətən ABŞ hökumətindəki mürəkkəb prosedur və erməni lobbisinin təsirləri yubadırdı. Prosedurlar şübhəsiz ki, həmişəki kimi qalır, ancaq erməni lobbisinin təsiri Demokratların üstün olmaması üzündən azalıb: “Amerikada bu kimi təyinatların mürəkkəb prosedurları var. Prezidentin namizədini Senat təsdiqləməlidir. Bu isə müəyyən zaman və müzakirələr deməkdir. Güman etmirəm ki, burada hər hansı başqa bir səbəb olsun. Yəqin ki, elə bir namizəd seçməyə çalışırlar ki, həm bölgəni yaxından tanıyan, problemləri bilən diplomat olsun, həm də Senatdan keçəndə problemlərlə qarşılaşmasın. Çünki hazırda bu region xüsusilə çox mürəkkəbdir. Ukrayna müharibəsi bütün bölgəyə təsir göstərir. İranla, Suriya ilə bağlı gərgin vəziyyət davam edir. ABŞ-ın Türkiyə ilə razılığa gələ bilmədiyi məsələlər var. Belə bir vəziyyətin hökm sürdüyü dövrdə regionun vacib ölkələrindən olan Azərbaycana təyin olunacaq səfir təcrübəli diplomat olmalıdır. Əslində səfirin təyinatının ləngiməsi ABŞ hökuməti üçün çətinlik yaradır. Bu baxımdan, Bakıda səfir postunun boş qalmasının arxasında siyasi anlaşılmazlıqların olduğunu düşünmürəm. Səfirin təyin olunmaması ABŞ hakimiyyətinin özünə ziyandır. Çünki səfir fəaliyyət göstərdiyi ölkədə Amerikanın gözü və qulağı deməkdir. Həmin ölkələrdə baş verənlərlə bağlı düzgün qərar vermək üçün səfirin rəyinə, ümumiyyətlə, səfirliyin normal işləməsinə böyük ehtiyac var. Bu nöqteyi-nəzərdən güman etmirəm ki, Azərbaycana səfir təyinatının gecikdirilməsinin hər hansı subyektiv səbəbi var. Təyinatın gecikməsi daha çox texniki xarakterlidir və yaxud da ölkənin özünün siyasi ənənələri ilə bağlı olan məsələdir. Yəqin ki, yaxın zamanlarda ABŞ Azərbaycana yeni səfirini göndərəcək”.
Etibar SEYİDAĞA ,
“Yeni Müsavat”
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ