Onlayn ictimai-siyasi qəzet
ABŞ silahsız “Minuteman III” qitələrarası ballistik raketinin planlaşdırılmış buraxılışını həyata keçirib.
Sınaq mayın 21-də Kaliforniyadakı Vandenberq hərbi hava bazasında keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə bazanın komandanlığı məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, bu cür sınaq buraxılışları ABŞ-ın nüvə qüvvələrinin döyüş hazırlığını nümayiş etdirmək və onun çəkindirici potensialının etibarlılığını təsdiqləmək məqsədi daşıyır.
Beynəlxalq naviqasiya xəbərdarlığı — NAVAREA XII 283/25 — zamanı qeyd olunub ki, “təhlükəli əməliyyatlarla” bağlı olaraq raketin buraxılışı zamanı Sakit okeanda bir neçə dəniz zonası müvəqqəti bağlanıb. Söhbət Kaliforniya sahillərindən Marşall adalarındakı Kvajaleyn atollu yaxınlığında yerləşən poliqona qədər olan uçuş trayektoriyasından gedir.
ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi saytında qeyd olunur ki, “Minuteman III” raketləri təsiredici xüsusiyyətlərə malikdir: təxminən 36 ton ağırlığında olan bu raket saatda 24 min kilometrdən artıq sürətlə hərəkət edir və maksimal uçuş məsafəsi 9,5 min kilometrdən çoxdur. Müqayisə üçün qeyd edək ki, ABŞ ilə Rusiya arasındakı düz məsafə təxminən 8,7 min kilometrdir.
Hazırda ABŞ arsenalında Montanas, Vayominq və Şimali Dakota ştatlarında yeraltı şaxtalarda yerləşdirilmiş təxminən 400 belə raket mövcuddur. ABŞ bu raketləri 2030-cu illərin ortalarına qədər daha müasir sistem “Sentinel” adlı yeni nəsil qitələrarası ballistik raketlərlə əvəz etməyi planlaşdırır.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ