Onlayn ictimai-siyasi qəzet
Dünya yeni qeyri-adi savaşa şahidlik etdi. Bu savaş dünya tarixinə ən zərərsiz müharibə kimi düşə bilər. Çünki bir gecəlik müharibə hər iki tərəf üçün demək olar ki, itkisiz yekunlaşıb. Böyük ehtimalla indi hər iki tərəf bu bir gecəlik müharibənin nəticələrindən məmnundur. Və hərbi qarşıdurmanın bundan sonra gərginləşmə ehtimalı da artıq real görünmür.
Onu da qeyd etmək lazımdır ki, həm İran, həm də İsrail belə bir qısamüddətli müharibədə birbaşa maraqlı idilər. Əslində, bütün bunların məhz rəsmi Təl-Əvivin ssenarisi üzrə baş verdiyini də iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Hər halda, İranın İsrailə hücum etməsinə beynəlxalq hüquq normalarına bağlı səbəbləri məhz rəsmi Təl-Əviv əvvəlcədən təmin etmişdi. Və rəsmi Tehran da elə həmin hüquqi səbəblərdən maksimum səviyyədə istifadə etmiş oldu.
Məsələ ondadır ki, İsrail İranın Suriya paytaxtı Dəməşqdəki konsulluğuna zərbə endirməklə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdu. Hər bir dövlətin başqa ölkələrdə olan diplomatik nümayəndəlikləri onun suveren ərazisi sayılır. Yəni, Dəməşqdəki konsulluğa hücum əslində, İran ərazisinə zərbə anlamı daşıyırdı. Və rəsmi Təl-Əvivin bunu məqsədyönlü şəkildə etdiyi artıq qətiyyən şübhə doğurmur.
Nəzərə almaq lazımdır ki, İranın Dəməşqdəki konsulluğuna zərbədən öncə İsrailin Qəzzada törətdikləri beynəlxalq məkanda ciddi etirazlara səbəb olmaqdaydı. Üstəlik, Netanyahu hökuməti də yalnız ölkə xaricində deyil, həm də daxilində ciddi qınaqlara tuş gəlməkdəydi. Bu vəziyyəti dəyişmək üçün bütün narazılıqları eyni vaxtda aradan qaldıra biləcək hərbi təxribata ehtiyac duyulurdu. Və həmin hərbi təxribat da məhz İran konsulluğuna zərbə endirməklə törədildi.
Təbii ki, rəsmi Təl-Əviv İran konsulluğuna zərbənin doğuracağı nəticəni də əvvəlcədən hesablanmışdı. Çünki İsrailin hərbi təxribatına İranın mütləq cavab vermək məcburiyyətində qalacağını əvvəlcədən müəyyən etmək elə də çətin məsələ deyildi. Hər halda, İran öz beynəlxalq imicini istənilən halda, müdafiə etməli olacaqdı. Və rəsmi Tehran bir neçə günlük təhdidlərdən sonra bunu nəhayət ki, etdi.
İndi böyük ehtimalla hər iki tərəf böyük ölçüdə məmnundur. Çünki İran İsrail istiqamətində bir neçə yüz PUA və raket göndərməklə, Dəməşqdəki konsulluğuna hücuma cavab vermiş oldu. Artıq rəsmi Tehranın həm müttəfiqləri, həm də İran daxilində cavab reaksiyası tələb edən siyasi qruplar İranın özünümüdafiə potensialını qabarda bilərlər. Və İranın beynəlxalq imici də indi vurulmuş zərbəni təmizləmiş kimi görünür.
İsrail isə Qəzzada törətdiklərini müəyyən müddət üçün beynəlxalq məkanda arxa plana keçirtməyə nail olub. Eyni zamanda, Qəzzadakı qəddarlığa görə rəsmi Təl-Əvivi ittiham edən beynəlxalq siyasi dairələr də indi İsraili dəstəklədiklərini bəyanlayırlar. Üstəlik, Netanyahu hökuməti İsrail əhalisini İran təhlükəsi ilə qorxudaraq, öz daxili mövqelərini nisbətən möhkəmləndirməyə nail oldu. Və bütün bunları nəzərə aldıqda, dünyanın gözü qarşısında sonu əvvəlcədən müəyyən edilmiş bir hərbi ssenarinin reallaşdırıldığını da düşünmək olar.
Maraqlıdır ki, hazırda hər iki tərəf böyük uğurlar qazandığını iddia edir. Rəsmi Tehran İsraili cəzalandırdığını qabardır. İsrail isə İranın hərbi hücumunu heç bir ciddi zərər görmədən dəf etdiyini vurğulayır. Eyni zamanda, Netanyahu hökuməti İranın gecə hücumuna mütləq sərt cavab verəcəyini də bəyanlayır. Və bu, gecə münaqişəsinin davamının ola biləcəyi ilə bağlı ehtimalları aktual saxlayır.
Ancaq buna baxmayaraq, Yaxın Şərqdə belə bir savaşın yaxın vaxtlarda təkrarlana biləcəyini təxmin etmək hələlik bir qədər çətindir. Düzdür, hər iki tərəfə düşmənçilik vəziyyətini qabartmaq tamamilə sərfəlidir. Hər halda, hər iki tərəf bundan həm daxili, həm də xarici auditoriya qarşısında təbliğat kampaniyası üçün istifadə etməyə çalışır. Yəni, həm İsrail, həm də İran vaxtaşırı belə qısamüddətli və zərərsiz hərbi toqquşmalarda birbaşa maraqlıdır.
Bununla belə, hər iki ölkə genişmiqyaslı və uzunmüddətli savaşa qətiyyən həvəs göstərmir. Çünki bu, onların hərbi-siyasi maraqlarına və hədəflərinə qətiyyən cavab vermir. Hər halda, həm Tehranda, həm də Təl-əvivdə genişmiqyaslı və uzunmüddətli savaşın hər iki ölkə üçün dağıdıcı nəticələr verə biləcəyini nəzərə alırlar. Üstəlik, hər iki tərəf bir-birinə qarşı total savaş variantına hələlik qətiyyən hazır deyil. Və bu baxımdan, yaxın vaxtlarda yeni dağıdıcı savaşa risk edəcəkləri o qədər də inandırıcı görünmür.
Məsələ ondadır ki, əgər, bu iki ölkə arasında real genişmiqyaslı savaş baş verərsə, bu hərbi münaqişənin bir çox dövlətləri öz içərisinə ala biləcəyi tamamilə realdır. Hətta belə bir savaşın yayılma arealı yalnız Yaxın Şərq regionu ilə məhdudlaşmayıb, bütövlükdə Avrasiya məkanı əhatə edə biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, belə genişmiqyaslı savaşdan ABŞ, Rusiya Çin, Türkiyə və hətta ümumiyyətlə, NATO ölkələrinin kənarda qalma ehtimalı o qədər də yüksək deyil.
Dünyanın başının Ukrayna savaşına qarışdığı bir vaxtda isə heç bir nəhəng dövlət belə yeni qlobal savaşda maraqlı olmaz. Xüsusilə də, Bayden administrasiyası ABŞ-da növbəti prezident seçkiləri ərəfəsində İsrailin bulaşdığı hər hansı savaşda iştirak etməyə həvəsli deyil. Üstəlik, Ağ Ev Rusiya və Çinin eyni vaxtda iştirak etmək məcburiyyətində qala biləcəyi müharibə təhlükəsindən də ehtiyatlanır. Ona görə də, Ağ Ev İsrailin İrana cavab verəcəyi təqdirdə, hərbi toqquşmalara heç bir halda, müdaxilə etməyəcəyini artıq bəyan edib. Və bu, ilk növbədə İsrailin Netanyahu hökumətinə yönəlik xəbərdarlıq mesajı da sayıla bilər.
Belə anlaşılır ki, Ağ Ev ABŞ-ın yeni hərbi avantüralara bulaşmaq niyyətində olmadığını qabartmağa çalışır. Yəni, əgər, rəsmi Təl-əviv İrana cavab zərbəsi endirərsə, ABŞ İsrailə dəstək verməyəcəyinə eyham vurur. Bununla da, Netanyahu hökumətinə "qırmızı cizgiləri" keçməyin yolverilməz olduğunu qəbul etdirməyə çalışır. Və bu, o deməkdir ki, ABŞ-ın birbaşa dəstəyi olmadan İranla yeni hərbi toqquşmalardan hələlik müəyyən mənada, ehtiyat edən İsrailin Netanyahu hökuməti növbəti hərbi planlarını Ağ Evin mesajlarına uyğunlaşdırmalı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ