İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya ilə, Böyük Britaniya Çinlə yaxınlaşır - SENSASİON DETALLAR

“ABŞ prezidenti Donald Tramp rus həmkarı Vladimir Putinə zəng edərək onunla 2.5 saat telefon danışığı aparıb. Telefon söhbətində Ukrayna məsələsi ilə yanaşı, həm də Yaxın Şərq problemi müzakirə olunub. ABŞ administrasiyasının iddiasına inansaq, hər iki prezident İranın strateji məsələlərdə inkişaf edərək İsraili keçməsinin dünya nizamı üçün təhlükəli olacağı məsələsində ortaq qənaətə gəliblər”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

OGUZ.jpeg (277 KB)

Heydər Oğuzun fikrincə, Rusiyanın rəsmi məlumatlarında yer almayan bu xüsus dünənki danışıqların əsas məğzini təşkil edib:

“Görünən budur ki, Rusiya son zamanlardakı mövqeyinə sadiq qalaraq İranı Ukrayna müqabilində satmaqdan belə çəkinməyib. Rusiyanın İranı dəyər-dəyməzinə satmaq xisləti yeni deyil. Hələ ötən ilin 16.04.2024 tarixində “Yeni Müsavat”a verdiyim açıqlamada (https://musavat.com/news/rusiya-israil-sovdelesmesi-ukrayna-qarsiliginda-iran-meydanda-tek-qoyulur_1061256.html) bu barədə mülahizələrimi səsləndirmiş və fikrimi belə əsaslandırmışdım:

“...Təsadüfi deyil ki, son gərginliyə səbəb olan İsrailin Suriyadakı İran səfirliyinə hücumu zamanı bölgədəki rus hava hücumundan müdafiə sistemləri söndürülmüş və Suriyanın hava sərhədlərini pozan İsrail təyyarələrinə məlum əməliyyatı keçirmək fürsəti yaratmışdı. Üstəlik, bu, yalnız indi baş verən hadisə də deyil. İsrail hərbi təyyarələri dəfələrlə bənzər əməliyyatlar keçirib və hər dəfə Rusiyanın eyni passivliyi müşahidə olunub.

Səbəbinə gəlincə, məncə, bunu bir amillə izah etmək mümkündür. İsrail özünün ABŞ-dakı lobbisinin imkanlarından istifadə edərək Konqresin Rusiyaya qarşı ölümcül qərarlar almasını əngələmək qarşılığında Moskva ilə müəyyən anlaşma əldə edib. Son zamanlar Ukraynaya 60 milyard dollarlıq silah yardımının Konqresdə ilişib qalmasının əsas səbəbi bu ola bilər. Yəhudi lobbisinin bu “rüşvəti”nin qarşılığını isə, belə görünür ki, Moskva İranı qurban verməklə ödəmək niyyətindədir. Başqa sözlə, Ukrayna ABŞ, İran isə Rusiya tərəfindən iki gizli müttəfiqin bir-birinin sağlığına kəsdikləri qurbandan başqa bir şey deyil”.

“ABŞ da “satqınlıq”da Rusiyadan geri qalmır” - deyən siyasi şərhçi hesab edir ki, Tramp hakimiyyəti təkcə Ukraynanı yox, bütün Avropanı “hərraca çıxarıb”:

“Xüsusilə də özünün ən sadiq müttəfiqi Böyük Britaniyanı. Təsadüfi deyil ki, Tramp hakimiyyətə gələr-gəlməz ilk torpaq iddiasını Böyük Britaniya kralına bağlı olan Kanadaya qarşı irəli sürdü. Böyük Britaniya kralı bu iddialar qarşısında təmkinini pozmamağa çalışsa da, müəyyən eyhamlarla baş verənlərdən çox da məmnun olmadığını ABŞ prezidentinə çatdırmağa çalışdı.

Əvvəlcə Böyük Britaniyanın baş naziri Kir Starmerin əlinə bir məktub verib Donald Trampa göndərdi. Məktubunda onu öz iqamətində görüşə çağıran III Çarlzın bu iltifatına biganəlik nümayiş etdirən ABŞ prezidenti daha sonra Ukrayna lideri Zelenskiyə qarşı hörmətsiz davranış sərgilədi. Trampın bu kobudluğuna laqeyd qalmayan III Çarls Ukrayna prezdentini dərhal İngiltərəyə çağırdı və sarayının qabağında onunla görüşdü.

İngiliz kraliyyət qaydalarına əsasən, ən böyük sayğı nümayişi sayılan bu qarşılama ilə III Çarlz Böyük Britaniyanın Zelenskiyə sədaqətini göstərdi. Zelenskidən sonra kralın növbəti qonağı Mark Karni oldu. Bununla da əslində Böyük Britaniya kralı Donald Trampa növbəti mesajını verdi: Necə deyərlər, “ateşle oynama, sonunda ellerin, dillerin yanacak””.

CARLZ.jpg (83 KB)

Trampın Putinlə telefon danışığına ingilis reaksiyasına gəlincə, Heydər Oğuzun fikrincə, ABŞ prezidentinin bu “satqınlığı”na Böyük Britaniyanın cavabı nəinki özünü çox gözlətmədi, hətta qəribə səslənsə də, ondan daha əvvəl verildi:

“Məlumdur ki, Tramp dünən – martın 18-də Putinə zəng etmişdi. Ondan bir neçə gün əvvəl isə Böyük Britaniyanın energetika naziri Ed Milibend Çinə səfər etmiş və bu ölkədə keçirilən bir sıra tədbirlərə qatılmışdı. Tədbirlər əsasən iqlim təhlükəsizliyi ilə bağlı idi.

Ed Milibandın səfər çərçivəsində son addımı isə martın 17-nə, yəni Trampın Putinə telefon zəngindən bir gün əvvələ təsadüf edirdi. O, Çin rəsmiləri ilə görüşündə ölkəsinin rəsmilərinin 2017-ci ildən indiyədək, yəni 8 il boyunca Pekinə səfər etmədiyini xatırladıb, eynilə Tramp kimi, bunun günahını özlərindən əvvəlki mühafizəkar hökumətin böyük səhlənkarlığı adlandırdı.

Yeri gəlmişkən, mediaya açıqlamalarında Çinə səfərinin əsas səbəbini də gizlətmədi: “Böyük Britaniya, Donald Trampın ABŞ-da yaşıl siyasətdən əl çəkməsinə qarşı çıxmaq üçün Çin və inkişaf etməkdə olan ölkələrlə birlikdə iqlimlə mübarizə lehinə yeni qlobal müstəvi (axis) formalaşdırmağa ümid edir”.

EDD.jpg (60 KB)

Başqa sözlə, açıq şəkildə ifadə etdi ki, ABŞ necə ki, ənənəvi müttəfiqlərinə xəyanət edərək Rusiya ilə strateji ittifaqlar qurur, Böyük Britaniya da eyni qaydada Çin, Hindistan və Braziliya kimi yeni enerji mənbələri olan ölkələrlə əlaqələrini və əməkdaşlıqlarını genişləndirəcək. Onun bu istiqamətdə ilk addımını Çinə səfərlə atması da təsadüfi deyildi.

Özünün etirafına görə, “Çin hökuməti günəş enerjisi sənayesinə böyük sərmayə qoyur və bu sahədə ümumi tədarük zəncirinin təxminən 80%-nə hakimdir və qərb liderləri həddindən artıq təklifin qiymətləri aşağı salmasından narahatdırlar”. Bir sözlə, Yaxın Şərq və Rusiya kimi karbohidrogen enerji mənbələrinə yönələn ABŞ-dan fərqli olaraq Böyük Britaniya Çin, Hindistan və Braziliya kimi nadir torpaq elementləri ilə yeni enerji mənbələri yaratmağa çalışan dövlətlərlə əməkdaşlığa üstünlük verəcək”.

Siyasi şərhçi hesab edir ki, Böyük Britaniyanın bu addımı nəticəsiz qalmayacaq, digər Avropa dövlətlərinin də Çinlə əlaqələrini genişləndirməsinin önünü açacaq:

“Xüsusilə də ABŞ-ın Rusiya ilə münasibətlərini bərpa edərək ənənəvi müttəfiqlərinə xəyanətindən sonra Avropa İttifaqı da Trampın bu siysətindən narahat olduğu bir zamanda onların Çinə yönəlməsindən təbii heç nə ola bilməz.

Nəzərə alsaq ki, ABŞ özünün hərbi doktrinasında Çini 1 nömrəli düşmən kimi göstərib, Böyük Britaniyanın atdığı bu addım köhnə müttəfiqə vurulmuş ən böyük zərbədir. Onu da unutmaq olmaz ki, Avropa İttifaqı Çinin ən böyük ticarət ortağıdır və bu qitə ilə münasibətləri qorumaq Pekin üçün həyati önəm daşıyır.

Hələ ötən ilin may ayında Çinə səfər edən Putinə bu həqiqəti açıq şəkildə etiraf edən Si Cinpinq bildirmişdi ki, Rusiya onun 4-cü ticarət ortağıdır. İki dövlət arasında ticarət dövriyyəsi 220 milyard dolları keçmir. Çinin birinci ticarət ortağı isə Avropadır. İki dövlət arasında ticarət dövriyyəsi 1 trilyon dollardan çoxdur. Onun ikinci ticarət ortağı da ABŞ-dır. Dolayısıyla, Çin bu iki ticarət ortağını bir kənara atıb Rusiya ilə müttəfiq ola bilməz. Eyni məntiqlə yanaşsaq, Çin üçün Avropa dövlətləri əvəzolunmaz kimlik daşıyır”.

Heydər Oğuzun sözlərinə görə, Trampın Rusiya ilə “hokkey oynayacaq” qədər yaxınlaşması dünyada yeni geosiyasi reallıqlar yaradacaq:

“Vaxtilə müxtəlif ittifaqlarda yer alan dövlətlər öz ənənəvi tərəfdaşlarını itirib fərqli ittifaqlar quracaqlar. Çin Avropa ilə, Rusiya isə ABŞ-la yaxınlaşacaq. Bu həm də rəqabət tərəflərini dəyişdirəcək və yeni dünya düzəninin həlledici amilinə çevriləcək”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR