İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmisinin Bakıya mübhəm səfəri - Kemeron yeni “Qafqaz canişini” ola bilər

Ötən il Ermənistana getmiş Dövlət Departamentinin nümayəndəsi gec də olsa, Azərbaycana gəldi, Vaşinqton bu taktiki yanlışl düzəltmiş kimi görünür - siyasətçilərin baxışı

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək. Məlumata görə, Kemeron keçirəcəyi görüşlərdə rəsmi Vaşinqtonun Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qaldığı mesajını çatdıracaq, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq.

ABŞ Dövlət Departamentinin nümayəndəsi ötən il sərhəddə baş verən olaylardan sonra Ermənistana getmişdi. Mark Kemeron Ermənistanın Azərbaycanla həmsərhəd Vardenis və Sotk yaşayış məntəqələrinə səfər edib, Ermənistan Silahlı Qüvvələrinin ikinci korpusunun komandiri ilə görüş keçirmişdi. Bu yaxınlarda Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri təyin edilmiş səfir Filip Riker yanvarın 5-də diplomatik xidmətdən təqaüdə çıxıb. Avqustun sonunda dövlət katibi Entoni Blinken səfir Rikeri özünün baş müşaviri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcısı təyin etmişdi. Riker həmçinin dövlət katibi Blinkenin Nyu-York (sentyabr) və Vaşinqtonda (noyabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşündə iştirak edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə “heç bir halda xələl gətirmir”. Mark Kemeronun əslində ötən il Ermənistanla sərhədə getdikdən sonra Bakıya gəlməsi daha məntiqli olardı. Erməni generalları ilə görüşdükdən sonra Bakıya da səfər edib həqiqətləri burada dinləməli idi. Gec də olsa, ABŞ bu taktiki yanlışı düzəltmiş kimi görünür. Bəzi ehtimallara görə, ABŞ Rikerin istefasından sonra Kemeronu “Qafqaz canişini” kimi görür və onun Bakıya gəlişi bu razılığı almaq məqsədi daşıya bilər.

Qlobal proseslərin aktivləşdiyi bir dövrdə ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqət ayırması isə səbəbsiz deyil. Brüssel formatı ilə yaxından maraqlanan rəsmi Vaşinqton bu və ya digər şəkildə prosesdən uzaq düşmək istəmir. Bu mənada,  ABŞ aktivliyini bir az da artırır. ABŞ dövlət katibi Entoni Blinkenin hər dəfə Brüsseldə keçirilən görüşdən öncə və sonra Azərbaycan və Ermənistan liderləri ilə danışdığını, telefon əlaqəsi yaratdığını müşahidə etmişik. Bu o deməkdir ki, rəsmi Vaşinqton Brüssel formatını dəstəkləyir və onu təqdir edir. Bununla belə, qlobal miqyasda gedən proseslərə də nəzər salmaq lazımdır. Hazırda Rusiya-Ukrayna müharibəsi həm də postsovet məkanında dəyişikliklər üçün atılan addımlar kimi də nəzərdən keçirilir. Bunu xarici ekspertlər də analoji formada qiymətləndirir. Vaşinqton regiondakı prosesləri diqqətlə izləyir, kənar geosiyasi aktor kimi çıxış edir.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ-ın Cənubi Qafqazda öz maraqları var. Partiya sədrinin sözlərinə görə, Vaşinqton burada siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. A.Əlizadə hesab edir ki, bura Amerikanın İran siyasəti də daxildir: “Amma biz müşahidə edirik ki, eyni komanda üzvləri əvəzlənir. Böyük mənada dəyişiklik vəd etməyən təyinatlardır. Riker getdi, Kemeron gəldi, bu, nəyi isə düzəltmir. Sadəcə, Minsk Qrupu yoxdur, əvəzində həmsədr ölkələr nümayəndələr təyin edirlər. Rusiyada bu şəxs İqor Xovayevdir, Bakıya və İrəvana səfərlər edir, ABŞ-dan Riker idi, amma bu müddətdə onların addımları iki ölkə münasibətlərinin tənzimlənməsinə böyük ölçüdə təsir etməyib. Sadəcə, rəqabət getdiyini söyləmək olar. Ukrayna müharibəsi bu yarışı daha da gücləndirib. Düşünürəm ki, ABŞ Rusiyanı qabaqlamaq istəyirsə, Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasında daha ciddi addımlar atmalıdır”.

Hacı Şahin hansı xidmətlərinə görə Zakir Həsənovla yan-yana durur?" - ELŞAD  MUSAYEV

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sözlərinə görə, xüsusi nümayəndələrin dəyişməsi proseslərə təsir etmir: “Ümumiyyətlə, Respublikaçıların və Demokratların yanaşmasında taktiki fərq ola bilər, ümumi baxış dəyişmir. Misal üçün, Pelosi İrəvana səfər etdi, amma ABŞ-ın vahid siyasətində heç nə baş vermədi. Amerikanın da bölgə ilə bağlı imperiya maraqları var. Çin iqtisadi ekspansiya edir, Rusiya qaba gücdür, ABŞ bu şəkildə regionda mövcudluğunu saxlayır, yəni dünyanın lider ölkələrinin öz maraqları var. Ona görə heç bir supergücə arxayın olmadan siyasətimizi yürütməliyik. Bölgədə sülhün olmasını Ermənistan bizdən daha çox istəməlidir. Azərbaycan 5 bəndlik sülh paketi təqdim edib, bunu İrəvan dəyərləndirib saziş imzalamalıdır. Əgər sülh müqaviləsi olmayacaqsa, bu proses uzun illər davam edəcəksə, Ermənistanın problemidir. O baxımdan, ABŞ-ın region üzrə "canişin"i dəyişməsi ilə böyük perspektivlərə ümid etmirəm".

Fuad Əliyev: Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?

Fuad Əliyev

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Rusiya lideri sülh müqaviləsinin Vaşinqton variantı olduğunu söyləmişdi: “Əgər belə sənəd varsa, Kemeron onu özü ilə Bakıya gətirməlidir. Həqiqətən Amerikanın Cənubi Qafqazda sülh, sabitlik istəyi varsa, o zaman real addımlar atsın. Bayden komandası isə başından ermənipərəst siyasət yürütməkdədir, ona görə Riker heç nə ilə yadda qala bilmədiyi kimi, Kemerondan da böyük gözləntim yoxdur”. Partiya sədrinin fikrincə, ABŞ Fransadan bir qədər fərqlənir: “Onlar Azərbaycanı ittiham etmirlər, Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşırlar. Kemeron Qafqaz üzrə müşavir təyin olunması ilə Brüssel danışıqlarının bərpasında fəallığını artıra bilər. Lakin mən həmişə demişəm ki, əgər sülh müqaviləsi olacaqsa, o, mütləq Moskvada imzalanacaq. Qərbin vasitəçiliyi ilə heç bir sənədin imzalanması mümkün görünmür”.

 Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR