Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin mövcud olduğu 70 il ərzində Amerika Birləşmiş Ştatlarının prezidentləri bu ölkədə cəmi 4 dəfə rəsmi səfərdə olublar. Bu statistikaya 1945-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin Yalta konfransında iştirakı daxil deyil. SSRİ-yə ilk dəfə 1972-ci ildə Riçard Nikson təşrif buyurub. Cerald Ford 1974-cü ildə kommunist dövlətinə ayaq basıb. 1988-ci ildə Ronald Reyqan Mixail Qorbaçovun dəvətini qəbul edib. Corc Buş isə SSRİ-nin qürub çağında, 1991-ci ildə Moskvaya səfər edib. Bu səfərlərin hamısı dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib, aparıcı kütləvi informasiya vasitələri görüşlər haqqında geniş və ətraflı materiallar dərc ediblər. Ümumiyyətlə, ABŞ prezidentlərinin SSRİ-yə səfərləri beynəlxalq müstəvidə mühüm hadisə kimi qiymətləndirilib.
Maraqlı faktlardan biri odur ki, Niksonun, Reyqanın və Buşun SSRİ-yə səfərləri Moskvadan başlandığı halda, Ford SSRİ-nin paytaxtına, Moskvaya getməkdən imtina edib. Tərəflərin bir neçə aylıq müzakirələrindən sonra qərara alınıb ki, ABŞ və SSRİ liderləri Kremldə deyil, SSRİ-nin ən ucqar bir məkanında, ucqar Vladivostokun ən ucqar kəndində, Vozdvijenka da görüşsünlər. Görüş yerinin Vladivostok seçilməsi heç də təsadüfən olmayıb. Güclü Sakit Okean Donanmasının və bir sıra müdafiə sənayesi müəssisələrinin bu məkanda olmasından son 30 ildə bu əraziyə xarici vətəndaşlar buraxılmayıb. Bu da tərəflərə bölgədə xarici kəşfiyyatın fəaliyyətinin mümkünsüzlüyü haqqında düşünməyə əsas verib.
Səfərə hazırlıq iki ay əvvəlcədən başlanıb. ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ay yarım əvvəlcədən Vladivostokda olublar. Qarşılanma, görüş, istirahət, ziyafət yerləri tam nəzarətə götürülüb. O cümlədən görüşə bir ay qalmış Brejnevin mühafizə rəisi general-mayor Ryabenko da Vladivostokda bütün təhlükəsizlik tədbirlərini həyata keçirib.
Beləliklə, 1974-cü ilin noyabr ayının 23-də prezident Fordun “Boinq-707”, baş katib Brejnevin “İl-62” təyyarələri Uzaq Şərqə istiqamət alıblar. Liderlərin görüşündə 120 nəfər iştirak edib, 60 nəfər ABŞ, 60 nəfər SSRİ tərəfdən. ABŞ prezidentinin SSRİ-yə səfərini işıqlandırmaq üçün Vladivostoka dünyanın ən aparıcı kütləvi informasiya vasitələrinin 70 jurnalisti ezam edilib. SSRİ tərəfindən isə gürüşlərdə 40 jurnalist iştirak edib. Əsas görüşlər və sənədlərin imzalanması hərbi sanatoriyanın inzibati binasında keçirilib.
Görüşün əsas məqsədi strateji silahların məhdudlaşdırılması ilə bağlı olub ki, tərəflər ümumi razılığa gələrək proqram xarakterli bəyanat imzalayıblar və bəyanatdakı bəndlər 1985-ci ilə qədərki dövrü əhatə edib.
ABŞ prezidentinin iki günlük SSRİ-yə səfəri zamanı rəsmi görüşlərlə, sənədlərin imzalanması ilə yanaşı maraqlı hadisələr də baş verib.
Brejnev amerikalı həmkarının razı qalması üçün səfər günlərində ən kiçik detallarla da maraqlanıb. O cümlədən baş katib ali qonağın şərəfinə veriləcək ziyafətin menyusunu da nəzərdən keçirib. Brejnevə bildiriblər ki, Ford səhər yeməyinə balqabaq piroqu arzulayır. Brejnev bu istəyi təəccüblə qarşılayıb və Primorsk diyar Partiya Komitəsinin birinci katibi Viktor Lomakinə növbəti göstərişlərini verib:
-Biz Amerika prezidentinə ən yüksək səviyyədə rus mətbəxini nümayiş etdirməliyik, siyasi istəklərindən başqa digər istəklərini həyata keçirməliyik. Əgər Ford səhər yeməyinə balqabaq piroqu arzulayırsa, digər taamlarla yanaşı süfrəyə piroq da verərsiniz.
Birinci katib bir az çaşqın vəziyyətdə üzünün baş katibə tutub:
-Leonid İliç, məsələ burasındadır ki, Primorskinin soyuq hava şəraiti balqabaq yetişdirməyə imkan vermir. Hazırda bu məhsul bizdə yoxdur.
Brejnev dərhal çıxış yolunu tapıb. Daşkənddən xüsusi təyyarə ilə Vladivostoka balqabaq göndərilib.
Amerikalılar görüş zamanı arabir havanın soyuqluğundan “şikayətləniblər”. Söhbət bu mövzudan düşəndə Ford və Kissincer Brejnevin isti papağına qibtə etdiklərini də dilə gətiriblər. Brejnev isə Fordun təbii xəzdən olan kürkünün əsl Vladivostok havası üçün olduğunu söyləyib. Brejnev öz papağını Forda hədiyyə etmək fikrində olmayıb. Ford isə öz xəz kürkünü Brejnevə hədiyyə edib:
-Amerika həmişə yardıma hazırdır və onun səxavəti dünyaya məlumdur.
Brejnev hədiyyəni böyük məmnuniyyətlə qəbul edib. Ford kürk haqqında Brejnevə izahat verib:
-Cənab Brejnev, bu kürk Alyaska canavarlarının dərisindən tikilib.
Brejnev amerikalı həmkarına atmacalı cavab verib:
-Deməli, bizimkidir.
Siyasi ekspertlərin qənaətinə görə Fordla Brejnevin görüşü əvvəlki və sonrakı liderlərin görüşlərindən daha işgüzar və daha məhsuldar keçib. İki günlük səfər çərçivəsində tərəflər vaxtlarını rəsmi tədbirlərə daha çox sərf ediblər. Məhz bu görüşdən, Fordun SSRİ-yə səfərindən sonra ABŞ-SSRİ münasibətləri arasında gərginlik qismən azalıb.
Onu da qeyd edək bu görüşdə liderlərin biri-birlərindən şəxsi xahişi, istəyi və təklifi də olmayıb.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ