Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Rusiya və Çinsiz Orta Asiyaya logistikanın açılmasını istəyir, Bakı isə projeyə belə baxmır və koridorun işə düşməsinə Ermənistan əngəl olur - Təhlil
“ABŞ Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir”.
“Yeni Müsavat” bildirir ki, bunu iyulun 30-da dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcək və Rusiya və Çindən daha az asılı olacaq”, - diplomat Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı söyləyib.
Söhbət, əlbəttə ki, Azərbaycandan Azərbaycana Ermənistandan keçəcək Zəngəzur dəhlizindən gedir (İran variantını ABŞ bəlli səbəblərdən məqbul saymır). Lakin onun reallaşması, ümumiyyətlə, bölgədə on illərdir bağlı qalan kommunikasiyaların açılması üçün iki ölkə arasında sülh müqaviləsi imzalanmalı, minimal etimad mühiti yaradılmalıdır. Buna isə ən böyük əngəl Ermənistanın hazırkı konstitusiyasıdır. Odur ki, rəsmi Vaşinqton “atı arabanın arxasına” bağlamaqdansa, öncə İrəvana yetərli təzyiq etməlidir ki, sülh danışıqları tezliklə real nəticə versin. Üçüncü yandan, rəsmi Bakı dəhliz məsələsinə heç də Rusiya və ya Çin əleyhinə bir layihə kimi baxmır. Sırf Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçid haqqının reallaşması kimi baxır. Xatırladaq ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ermənistanın 44 günlük müharibədə təslim olmasından sonra gündəmə gəlib. Belə bir yol Azərbaycandan Türkiyəyə gedən yolu dəfələrlə qısaldacaq. Nəhayət, bu, regionda kommunikasiyaların bərpası və blokdan çıxarılmasının bir hissəsidir. Bəs ABŞ Zəngəzur dəhlizinin tezləşməsi üçün Ermənistana konstitusiya dəyişikliyi ilə bağlı təzyiq edəcəkmi?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Orta Dəhliz ideyası Pekindən Londona qədər uzanan layihədir. O, O’Brayenin dediyi yolun isə buna aid olmadığını qeyd edir: “ABŞ-ın təklif etdiyi proqramda Rusiya və Çin yoxdur. Onlar istəməzlər ki, rəqibləri bu kommunikasiyadan iqtisadi gəlir əldə etsinlər. Amma Azərbaycan bu yaxınlarda Çinlə strateji tərəfdaşlıq sənədi imzalayıb, Rusiya ilə müttəfiqlik bəyannaməsi var, yəni biz amerikalıların arzu-istəklərini ifadə etmək üçün xarici siyasət kursumuzu müəyyənləşdirmirik. Yaxşı olar ki, ABŞ Ermənistana təzyiqləri gücləndirsin və Naxçıvana quru yolun maneəsiz gediş-gəlişini təmin etsin. Amma Rusiya və Çindən yan keçməklə Mərkəzi Asiyaya açılmaq planı regionda prosesləri mürəkkəbləşdirəcək”.
Q.Hüseynlinin fikrincə, dəhliz uğrunda mübarizə güclənəcək: “Rusiya Federal Təhlükəsizlik Xidməti yola kontrol istəyir və 10 noyabr bəyanatına istinad edir. Ermənistan dəhliz statusundan imtina edir və yola nəzarəti ruslara vermir. Lavrov da bunu açıq şəkildə etiraf edib. ABŞ və Fransa Ermənistana təkid edirlər ki, ruslar yolda dayanmasınlar. Bu da prosesi getdikcə acı bağırsaq kimi uzadır. Digər tərəfdən, Ermənistan Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq və quru sərhədləri açmaq istəyirsə, Avropaya çıxış əldə etmək fikrindədirsə, o zaman götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycanın qərb rayonlarından Naxçıvana gedişi təmin etməlidir”.
Professor hesab edir ki, Rusiya və Çinin olduğu Orta Dəhliz layihəsi başqadır, ABŞ-ın nəzərdə tutduğu kommunikasiyalar ayrı: “Blinkenin köməkçisi ikinci dəfədir ki, oxşar fikri səsləndirir. Qərbin bölgəyə münasibəti ”soyuq müharibə"də olduğu Rusiya və Çin əleyhinə yönəlib. Amma Blinkenin köməkçisinə deyən lazımdır ki, ABŞ Çinlə digər coğrafiyalarda işbirliyindədir, Çin malları Avropa bazarına daşınır, heç orada Çindən yan keçməsini dilə gətirmirsiniz, bizə çatanda Zəngəzur dəhlizinin əleyhinə çıxırsınız?! Ona görə də bütün bu strateji yarışma regionda gərginliyi artırmaqla yanaşı nəqliyyat kommunikasiyalarının necə bir şəkildə işə düşməsini çətinləşdirəcək. Hər halda, Ermənistan tələsməli və real addımlar atmalıdır. Çünki bölgədə hadisələr kövrəkləşir və sabah daha da gec ola bilər. Bundan zərər görən Ermənistan özü olacaq".
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki, ABŞ Ermənistanı Çinsiz və Rusiyasız bir dəhlizdə görməkdədir: “Bu qovşaq Qərbin strateji-iqtisadi planıdır. Cənubi Qafqaz uğrunda mübarizənin bir fraqmenti də bu ölkələri kənarda saxlamaqdır. Buna psevdosanksiya da demək olar. Amma inanmıram ki, reallaşdıra bilsinlər. Azərbaycan Çin və Rusiya ilə iqtisadi əlaqələrini yaxşılaşdırır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Türkiyənin, Böyük Britaniyanın da marağındadır, təkcə Pekin və Moskvanın deyil. ABŞ isə məsələyə fərqli rakursdan yanaşır. Ermənistana gəlincə, nəqliyyat kommunikasiyalarının açılmasına hazır olduqlarını bəyan etsələr də, 4 ildir ki, prosesi uzadırlar. İrəvanın başqa seçimi yoxdur. Rusiyadan iqtisadi asılılığını azaltmaq istəyirsə, bu öhdəlikləri icra etməyə məcburdur”.
Ekspertin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıq mesaj verdi: “Dedi ki, Ermənistanla quru sərhəd o halda açıla bilər ki, Bakı-İrəvan münasibətləri normallaşsın. Normallaşmanın da bir vacib bəndi Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan kabineti bu şərtləri gözəl anlayır, sadəcə, yola nəzarətin kimdə olması ciddi mübahisə mövzusuna çevrilib. Paşinyanın ipi Qərbin əlindədir, başqa tərəfdən İran da onu ruhlandırır, Xameneinin dəhliz əleyhinə son çıxışı Ermənistanı həvəsləndirir. Amma Rusiya bu məsələdə təkid edir, Azərbaycan və Türkiyə də açıq şəkildə mesajlarını ötürürlər. Yəni Ermənistan isə dilemma qarşısındadır, çətin və mürəkkəb siyasi burulğana düşüb və Paşinyan usta bir siyasətçi olmalıdır ki, bu qədər maraqların toqquşduğu bir prosesdən Ermənistanı çıxara bilsin. Amma ölkəsi üçün ən uduşlu variant Zəngəzur koridorunun açılmasıdır. Bunun əksi isə Gürcüstan Yuxarı Lars yolunun vaxtaşırı bağlanması, erməni maşınlarının günlərlə orada qalması, xirtdəyinin Rusiyanın əlində olmasıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ