İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “Ukrayna planı” Rusiyaya “qələbə hədiyyəsi”dir: Ağ Ev Zelenskidən son dəfə istifadə edəcək

Kreml Ağ Evi çıxılmaz vəziyyətə salan ABŞ respublikaçılarını alqışlayır, Ukrayna savaşında qələbənin artıq təmin edilmək üzrə olduğuna, Rusiyanın şansının tezliklə daha real görüntülər ala biləcəyinə əmindir... Rusiya-Ukrayna sülh sazişindən sonra prezident Zelenski ABŞ-a lazım olmayacaq, Ağ Ev ərazi itkilərinə görə siyasi məsuliyyəti onun üzərinə yükləyib, öz nəzarəti altında yeni hakimiyyət formalaşdırmaq niyyətindədir...

Qərb siyasi dairələri Ukrayna savaşının artıq yorucu mərhələyə qədəm qoyduğunu açıq mətnlə etitaf edirlər. Onların fikrincə, savaş poliqonunda hazırda “dalan vəziyyəti” yaranıb. Həm Rusiya, həm də Ukrayna mövcud “hərbi durğunluq”dan çıxmaq imkanından uzaqdır. Və belə vəziyyət savaşın daha da uzanma ehtimalına daha inandırıcı görüntülər verməyə başlayıb.

Halbuki, Qərb ekspertləri də anlayırlar ki, “hərbi durğunluq” uzun müddət də davam edə bilməz. Hər halda, qarşıduran tərəflərdən biri əvvəl-axır savaş meydanında vəziyyətə nəzarəti itirməyə məhkumdur. Rusiya hələlik öz ordusunun döyüş potensialının tənzimləməyə nail olur. Kreml bütün ehtiyat resursları hərəkətə gətirib. Rusiya Şimali Koreya və İrandan alınan silah-sursat hesabına hərbi mövqelərini qoruya bilir. Və Rusiyanın insan resursları da hələlik canlı itkiləri kompensasiya etməyə yetərlidir.

Ancaq Ukraynaya münasibətdə eyni fikirləri irəli sürmək bir qədər çətindir. Çünki Ukraynanın insan resursları Rusiyaya böyük fərqlə uduzur. Üstəlik, rəsmi Kiyev Ukrayna vətəndaşları arasında ordudan yayınma hallarının artmasından narahatlığını da qətiyyən gizlətmir. Ukrayna ordusu üçün ən ciddi problem isə əslində, ABŞ və Qərbin hərbi yardımlarının zəifləməsi ilə birbaşa bağlıdır. Və bu, hazırda Ukrayna ordusunun savaş meydanında mövqelərini zəiflədərək, onu müdafiə taktikasına keçmək məcburiyyətində buraxıb.

rusyadan-3-dunya-savasi-u-209_2-41.jpg (121 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb indiyə qədər Ukrayna ordusuna Rusiya ilə savaşda qələbəni təmin edə biləcək hücum silahları verməyib. Kollektiv Qərbin Ukrayna ordusuna göndərdiyi müdafiə silahları isə yetərli həcmdə olmayıb. Üstəlik, son vaxtlar rəsmi Kiyevə ABŞ və Qərbin hərbi dəstəyi ümumiyyətlə, dayandırılmaq üzrədir. Və belə davam edərsə, Ukrayna ordusu Rusiya qarşısında təkbaşına buraxılmış olacaq.

Maraqlıdır ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a dəvət olunaraq, ona mövcud vəziyyət daha detallı şəkildə izah edilib. ABŞ rəsmi dairələrinin Ukrayna prezidentinə münasibətdə davranışları da maraq doğurub. Belə ki, bundan əvvəl prezident Volodimir Zelenski Ağ Evdə daha təmtaraqla qarşılanmışdı. Prezident Co Bayden və xanımı onu qapıda qarşılamışdılar. Ancaq bu dəfə Ukrayna prezidentinə oxşar iltifat göstərilməyib. Əksinə, onu Ağ Evin arxa qapısından keçirərək, ABŞ prezidenti ilə görüşə aparıblar.

Digər tərəfdən, Ağ Ev sahibi Co Bayden də prezident Volodimir Zelenskiyə xüsusi diqqət ayırmayıb. ABŞ prezidenti Ukraynanın Rusiyaya qalib gəlmə şansları barədə suala yalnız gülərək, cavab verməsi müşahidəçilərdə çaşqınlıq yaradıb. Ağ Ev sahibinin silah-sursat çatışmazlığı ilə üzləşmiş Ukraynaya cəmisi 200 milyon dollar ayırdığını vurğulaması isə əslində, prezident Co Baydenin gülüş səbəbini müəyyən mənada, izah edir. Və bu, Bayden admisitrasiyasının Ukrayna savaşına münasibətdə mövcud mövqeyini biruzə verir.

777-images.jpg (9 KB)

Belə anlaşılır ki, Ukrayna savaşı da ABŞ üçün artıq maliyyə-iqtisadi və hərbi-siyasi yükə çevrilməyə başlayıb. Ağ Ev administrasiyası Ukraynaya dəstək üçün ayrılmış maliyyə vəsaitinin artıq tükəndiyini bəyan edib. Yəni, maliyyə vəsaiti yoxdursa, deməli, Ukraynaya hərbi dəstək də olmayacaq. Çünki ABŞ-da hakimiyyətə can atan respublikaçılar Ukraynaya dəstək paketlərini artıq bloklayıblar. Ağ Evin Ukraynaya dəstək üçün ABŞ Konqresinə göndərdiyi 60 milyard dollarlıq paket respublikaçıların müqaviməti ucbatından təsdiqlənməyib.

Onu da qeyd etmək lazımdır ki, prezidentliyə namizəd Donald Tramp və respublikaçıların Ukrayna əleyhinə sərt mövqeyi Rusiya siyasi dairələrində böyük məmnunluq yaradıb. Kremldə bu mövqeyə görə, ABŞ respublikaçılarını artıq alqışlamağa başlayıblar. Yəni, Kreml Rusiyanın Ukrayna savaşında qələbə şansının artmaqda olduğuna inanmaq üzrədir. Və ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Rusiyanın şansının daha real görüntülər ala biləcəyi qətiyyən istisna olunmur.

Məsələ ondadır ki, Bayden administrasiyası Ukrayna savaşı ucbatından prezident seçkilərində məğlub ola biləcəyinə daha ciddi yanaşmağa başlayıb. Ona görə də, Ukraynanın ABŞ-da məhz seçki maraqlarına və siyasi hədəflərə qurban verilmək üzrə olduğu müşahidə edilir. Bəzi məlumatlara görə, Ağ Ev seçkilərə qədər Ukrayna savaşının ABŞ-ın xarici və daxili siyasət gündəmindən çıxarılmasında birbaşa maraqlıdır. Və bu səbəbdən də, müxtəlif ssenarilərin işə salındığı bildirilir.

5318f861-e962-40e4-85a2-77dc58cae6200.jpg (123 KB)

Qərb siyasi dairələrindən sızdırılmış məlumatlara görə, əsas ssenari ondan ibarətdir ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə qədər Ukrayna savaşının dayandırılması vacib hesab olunur. Hətta bu məqsədlə Ukraynanın ərazi itkiləri hesabına Rusiya ilə sülh sazişinin imzalanma ehtimalı da qətiyyən istisna olunmur. Və bunun kifayət qədər qəliz səhnəarxası manevrlər üzərindən reallaşdırılmasına artıq cəhdlər göstərilir.

Bəzi iddialara görə, prezident Volodimir Zelenskinin Ağ Evə çağırılmasında əsas məqsəd ABŞ-ın dəstəyinin artıq olmayacağını, Ukraynanın Rusiyanın xeyrinə ərazi itkiləri ilə üzləşməsinin qaçılmazlığını rəsmi Kiyevə izah etməkdən ibarətdir. Qərb siyasi dairələrinin fikrincə, Ağ Ev prezident Volodimir Zelenskini Rusiyanın maraqlarına daha çox cavab verən sülh anlaşmasını imzalamağa razılaşmasını istəyir. Və bu, ABŞ-ın reallaşdırmağa çalışdığı planın yalnız başlanğıcıdır.

Belə ki, Rusiya-Ukrayna sülh sazişi imzalandıqdan sonra Zelenski hakimiyyəti ABŞ-a lazım olmayacaq. Ağ Evin artıq onu əvəzləyəcək siyasi lideri və komandasını da artıq hazırladığı da bildirilir. Böyük ehtimalla Ağ Ev prezident V.Zelenskidən son bir dəfə faydalanmaq, Ukraynanın ərazi itkiləri hesabına Rusiya ilə imzalanacaq sülh sazişinin siyasi məsuliyyətini onun üzərində yükləmək niyyətindədir. Məhz bundan sonra bütün baş verənlərə görə günahlandırılacaq Zelenski hakimiyyətinin əvəzinə yenisinin formalaşdırılması daha sərfəli görünür. Və yalnız bu halda, ABŞ Ukraynada Ağ Evdən idarə olunan yeni hakimiyyətlə yeni hədəflər müəyyən etmək imkanları qazana bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR