Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın ticarət naziri vəzifəsinə namizəd Hovard Lutnik ölkəyə idxal olunan bütün məhsullara tariflərin tətbiqi ideyasını dəstəkləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə ABŞ Senatının Ticarət, Elm və Nəqliyyat Komitəsinin dinləmələrində çıxışı zamanı bildirib.
"Mən bütün miqyasda tariflərə üstünlük verirəm" deyərək o, tarifləri ticarət əlaqələrində "qarşılıqlılıq, ədalət və hörmətə nail olmaq" üçün bir yol olaraq gördüyünü qeyd edib. Onun sözlərinə görə, ticarət tərəfdaşları ABŞ-la “dəhşətli davranırlar” ki, bu da “yüksək tariflər, qeyri-tarif ticarət məhdudiyyətləri və subsidiyalar”da özünü göstərir: “Mənim fikrimcə, mən bunu prezidentlə müzakirə etmişəm, ayrı-ayrı ölkələrə makroformatda rüsum tətbiq etmək lazımdır”.
Lutnik tariflərin tətbiqinin ABŞ-da inflyasiyanı artıracağına dair mövqeni rədd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika və Kanadadan tədarüklərə 25 faiz, Çindən isə 10 faiz həcmində ticarət tarifləri tətbiq edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni tariflər fevralın 1-dən qüvvəyə minə bilər. Politico daha əvvəl Trampın komandasının yeni tariflərlə bağlı fikir ayrılığına düşdüyünü xəbər vermişdi. Onun köməkçilərindən bəziləri “daha ehtiyatlı mövqe tutaraq tariflərin bazarları qorxutmayacaq və inflyasiyanın sıçrayışına səbəb olmayacaq daha mərhələli və məqsədyönlü tətbiqini müdafiə edir”, digərləri isə proteksionizmə və “hərtərəfli tariflərin” tətbiqinə diqqət yetirir.
Tramp isə Rusiya, Çin, Meksika və Kanada da daxil olmaqla digər ölkələrdən gələn tədarüklərə böyük tariflər tətbiq etməklə hədələyib. O, Aİ ölkələrinə qarşı analoji tədbirlərin görülməsinin mümkünlüyündən danışıb.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ