İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən güclü silahı - Trampın blefi, yoxsa...

Ekspertlər Amerika prezidentinin hədəfində olan ölkələri açıqladı: bu nə silahdır belə?

“Amerika Birləşmiş Ştatları dünyada heç kimin haqqında məlumatı olmadığı ən güclü silaha malikdir”. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri ilə görüşü zamanı bildirib. “Bizim heç kimin zərrə qədər təsəvvürü olmayan silahımız var. Bu, dünyada ən güclü silahdır”, - deyə Tramp vurğulayıb. Bununla belə o, söhbətin hansı silahdan getdiyini açıqlamayıb.

Bu nə silahdır belə? Tramp bununla ilk növbədə hansı dövlətlərə mesaj göndərmək istəyib?

Məlumat üçün tarixə ekskursiya etdik. Belə ki, Tramp hələ birinci prezidentliyinin son aylarında, daha dəqiq desək, 2020-ci ilin may ayında bəyan etmişdi ki, ölkəsi tezliklə tarixin ən güclü silahlarına sahib olacaq. Tramp o zaman “Crew Dragon” kosmik gəmisinin Florida ştatında yerləşən kosmodromdan havaya qalxmasından sonrakı çıxışında demişdi.

Ağ Ev sahibi bəyan etmişdi ki, o, artıq yeni silahların hazırlanması ilə tanış olub: “Tezliklə biz Marsa enəcəyik və tarixin ən güclü silahlarına sahib olacağıq. Mən artıq silahların hazırlanması ilə tanış olmuşam, hətta mən buna inana bilmirəm”.

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov bir sıra ehtimallar irəli sürdü: “Açığı, bu bir qədər çətin cavab verilməli mövzudur. Çünki məxfi silahların olub-olmamasını biz bilə bilmərik. Bu, kosmosla da, nüvə silahı ilə bağlı da ola bilər. Dəniz və okeanda bilirsiniz ki, ABŞ-ın böyük təyyarə daşıyan gəmiləri var. Bununla bağlı da ola bilər. Biz sadəcə ehtimallar üzərində danışa bilərik. Amerikanın bir trilyona çatan hərbi büdcəsi var. Onun içərisində olduqca böyük institutlar çalışır, müasir silahların tapılması istiqamətində ciddi nailiyyətlər əldə olunmaqdadır. Onların güclü hava hücumundan müdafiə qüvvələri var. Olduqca güclü təyyarələr istehsal ediblər. Pilotsuz uçuş təyyarələri də istehsal olunur. Ümumi olaraq isə Trampın nəyi nəzərdə tutduğunu biz bilmirik. Çünki çıxışı zamanı o bir ipucu verməyib ki, biz də onun ucundan yapışıb təhlillər aparaq, nələrsə ortalığa çıxaraq. Hesab edirəm ki, bu çox məxfi bir silahdır.

Düşünürəm ki, bu silah daha çox kosmosla bağlı ola bilər. Bu sadəcə güman etdiklərimdir. Başqa silahların olması da istisna deyil. ABŞ-ın elmi, iqtisadiyyatı imkan verir ki, ordusunu bir nömrəli güclü ordu kimi daim saxlasın. Onun üçün də büdcəsindən böyük maliyyə ayırır ki, gələcəkdə də dünyanın lider ölkəsi kimi mövcudluğunu qoruyub saxlasın. Trampın çıxışına baxdım. Orada konkret olaraq heç bir şey demir. Sadəcə deyir ki, biz belə bir silah istehsal etmişik. İndi Böyük Britaniyanın hərbi yönlü universitetinə baxdım, onu da oxudum. Gördüm orada da heç bir şey yoxdur. Fikrim budur ki, hər hansı bir silah istehsal etsələr də, onu bu günləri məxfi saxlayacaqlar, heç bir açıqlama verməyəcəklər. Bilirsiniz ki, onların aviasiyaları çox güclüdür. Əgər Ağ Ev sahibi belə açıqlamalar verirsə, burada ehtimal budur ki, daha çox kosmosla bağlıdır. Ehtimalım budur".

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Trampın daha çox nəyi nəzərdə tutduğundan söz açdı: “Amerika Birləşmiş Ştatlarının sahib olduğu ən güclü silah heç də hopersonik, səsdən güclü nüvə silahları deyil. Onların əlindəki ən güclü silahlar iqtisadi karparasiyalar, iqtisadi rıçaqlardır. Donald Tramp da iqtisadi gücü nəzərdə tutur. Düşünürəm ki, bu güc vasitəsilə hazırda Birləşmiş Ştatlar bütün dünyanı, o cümlədən Qərbi, Çini və Rusiyanı öz məngənəsində saxlaya bilir. Bu baxımdan, ABŞ-ın qarşısında dura biləcək hər hansı bir güc yoxdur. Strateji nüvə silahları da dünyada böyük güc deməkdir. Amma onun dağıdıcı gücü də iqtisadi müharibələrin gücü qarşısında olduqca zəif görünür. Düşünürəm ki, Tramp administrasiyası yaxın dörd il ərzində bütün dünyanı iqtisadi nüvə silahı ilə öz caynağına keçirməyə çalışacaq. Burada əsas hədəf Rusiyanın təbii ehtiyatları və Çinin resurslarıdır. Çinin iqtisadi çöküşünə nail olmadan heç nəyə nail olmaq mümkün deyil. Artıq Birləşmiş Ştatların aparıcı beyin mərkəzləri Çinin iqtisadi hegomonluğuna son qoymaq üçün hərəkətə keçiblər. Onun iqtisadi qabiliyyətini azaltmaq üçün xammal aldığı ölkələrə qarşı sərt addımlar atılır. Pekin isə əks həmlələr etmək niyyətindədir. Çünki iqtisadi sistemin pozulması Çin kimi milyard yarımlıq ölkənin sürətli çöküşü və tənəzzülü ilə nəticələnəcək. İndi ABŞ Səudiyyə Ərəbistanı və Hindistan vasitəsilə Çini oyundan çıxarmağa çalışır. Ərəblərin pulu və hindlilərin ucuz işçi qüvvəsi Tramp administrasiyasının ən ağılagəlməz iqtisadi nüvə silahı hesab olunur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR