Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli hesabat Amerikanın öz maraqları baxımından yanlışdır
Neçə gündür ki, Azərbaycan ictimaiyyətində ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyətinə dair illik hesabatla bağlı narazılıqlar səngimək bilmir. Belə ki, hesabatda, həmişəki kimi, Azərbaycanla bağlı hissədə yenə də həqiqətə uyğun olmayan, əsassız, reallıqla əlaqəsi olmayan və qərəzli iddialar öz əksini tapıb. Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib. Diqqət çəkən məqam isə hesabatın Azərbaycana aid olan hissəsinin dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan tərəfindən hazırlanmasıdır.
Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib.
“Foreign influence laws”ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir.
Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva hesabatla bağlı öz etirazını bildirib. O deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır: “Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant ölkələr siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik. Həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik. Hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, habelə hazırda Ermənistan ərazisində xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha çatdırmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir”.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov da bu hesabatla bağlı öz etirazını bildirib. O qeyd edib ki, Azərbaycanda bütün tarixi abidələr, o cümlədən dini abidələr qorunur, dini ayinlərin icrası üçün hər cür şərait var. Bakıda dövlət özü sinaqoq tikib, hər il dövlət büdcəsindən yardım ayrılır. Bu gün Qarabağda da eyni qaydada işlər görülür. Kilsələr dövlət tərəfindən təmir-bərpa edilir. Azərbaycan bu abidələri qoruyub və qoruyacaq. Bütün bunlara baxmayaraq, ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi pozulmasına görə “xüsusi izləmə siyahısı”na daxil etməsi açıq-aşkar qərəzli yanaşmadır. Bu qərəzli yanaşma birmənalı rədd edilir.
Kənan Rövşənoğlu
Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, indiki məqamda erməni lobbisinin Azərbaycana qarşı hücuma keçdiyini nəzərə alsaq, belə bir şəxsin Azərbaycanla bağlı hesabat hazırlaması yanlışdır: “Ən azı Amerikanın öz maraqları baxımından. O ki qaldı hesabata, qeyd edim ki, ABŞ-ın dini vəziyyətlə bağlı hesabatları hər il hazırlanır və təxminən son 10 ildə bir qayda olaraq Azərbaycan haqqında tənqidi fikirlər yer alır. Amerikanın din azadlığı ilə bağlı öz standartları var. Hesabatlar da buna əsaslanır. Bu mənada ciddi bir fərq görmürəm. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hesabatın hazırlandığı dövrdə Azərbaycanda din sahəsində bir çox işlər baş verib, çox sayda dindar həbs olunub, həmçinin məscidlərdə din xadimləri işdən uzaqlaşdırılıb. Bunlar faktdır və hesabatda yer alması qeyri-adi deyil. Düşünürəm ki, hazırda Azərbaycan və ABŞ münasibətlərində soyuqluq olduğu üçün hesabat da Bakıda ciddi etirazla qarşılanıb”.
Yazını hazırladı: Afaq MİRAYİQ
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ