Onlayn ictimai-siyasi qəzet
Fəzail Ağamalı: “Əgər 2024-cü ildə sülh olmayacaqsa...”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) hesab edir ki, bu il Qərblə Azərbaycan arasında münasibətlər yalnız “müxalifətin sıxışdırılması və Bakının Qarabağla bağlı ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etməsi səbəbindən” pisləşəcək.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə o, “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində bildirib.
“Rusiya və İran bundan faydalanırlar. İlham Əliyev hesab edir ki, Vaşinqtonun islahatlar və sülhlə bağlı təzyiqinə məhəl qoymaya bilər”, - Kozlariç qeyd edib.
Qarabağdan danışan keçmiş səfir bildirib ki, 2024-cü ildə real sülhə doğru heç bir hərəkət görmür.
“Fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə və noyabrda keçiriləcək COP29-a qədər heç nə baş verməyəcək. Odur ki, diplomatik proses 2024-cü ilin sonuna yaxın başlaya bilər”, - deyə o iddia edib.
Kozlariç ardınca siyasi təxəyyülünə bir az da güc verərək söyləyib ki, sərhəd problemləri (delimitasiya) diqqəti yayındırıcı xarakter daşıyır və Azərbaycan Ermənistanla “əbədi və layiqli” sülh sazişi barədə danışıqlar aparmaq istəmir.
“Bakı özünün sülh ideyasını qəbul etdirmək istəyir”, - erməni ağzı ilə danışan keçmiş səfir əlavə edib.
Azərbaycan sən demə, sülhdə maraqlı deyilmiş. Halbuki tam əksinədir. Sülh prosesini üç ildir kimin sabotaj etdiyi də əsasən məlum - İrəvan və onun ABŞ başda olmaqla Qərbdəki havadarları...
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu fikirləri cəfəngiyyat sayır: “Amerikanın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç öz ənənəsinə sadiq qalaraq, yenə də Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoymaqda və ermənipərəst mövqeyini nümayiş etdirməkdədir. Söyləmiş olduğu fikirlərin hamısı cəfəngiyyatdır. Bütün bunların həqiqətlə hər hansı bir əlaqəsi yoxdur. Əvvəla, Azərbaycan dövləti Zəfər müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərinin normallaşması, sülh sazişinin əldə olunması təşəbbüsü ilə çıxış edib. Bu tarixdə görünməmiş bir hadisə idi, yəni əslində bu təşəbbüs Ermənistan tərəfindən gəlməli idi. Çünki, məğlub olmuş ölkə idi. Lakin Azərbaycan dövləti söykənmiş olduğu bəşəri dəyərlərə əsaslanıb, ciddi və məsuliyyətli tərəf kimi sülh təşəbbüsü irəli sürdü. Ermənistan tərəfindən bu təşəbbüs ilk andan anlayışlı şəkildə qəbul edilmədi. Paşinyan ölkə daxilindəki müxalifətin təzyiqi ilə yayınmağa çalışdı, yaxud xaricdən, xüsusilə, Fransadan almış olduğu mesajlar, eləcə də, Amerika başda olmaqla bəzi dairələrdən gələn təhdidlər nəticəsində sülhdən yayınma xətti götürdü. Sözdə sülh sazişinin bağlanması tərəfdarı kimi çıxış etsə də, əməldə ən müxtəlif şəkildə bundan boyun qaçırır. Bu gün də həmin siyasəti davam etdirir. Ermənistanın destruktiv mövqeyi əslində bu ölkə üçün fəlakətlərə gətirib çıxarmaqdadır. Azərbaycan isə, müharibə istəmir. Təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını deyil, bütövlükdə regionda, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, üç ölkə arasında normal əməkdaşlığın yaranmasının təşəbbüskarı və tərəfdarı kimi çıxış edir. Kozlarıç kimi gözü görməyən, qulağı eşitməyən, Azərbaycana qarşı qərəzli mövqe ifadə edənlər bu həqiqəti dərk etmək istəmir. Bu baxımdan onun ”Turan"a verdiyi bu açıqlama başdan-başa qərəzdən, iftiradan başqa bir şey deyil. Azərbaycanın ünvanına atılmış olan növbəti böhtandır. Ölkə prezidenti İlham Əliyev heç vaxt sülh sazişinin hansı ölkədə, paytaxtda bağlanmasına fərqli yanaşmayıb. Onun bu məsələdə mövqeyi birmənalı, ardıcıl xarakter daşıyır. Harada imzalanmasından asılı olmayaraq, bu sazişin bağlanmasının zəruriliyini dəfələrlə irəli sürmüş, beynəlxalq hüquq normalarına uyğun olan beş prinsipdən ibarət olan təklifi Ermənistana iki ilə yaxındır ki, göndərib. Lakin onun üzərində Ermənistan ən müxtəlif şəkildə manipulyasiya edərək, hələ də müzakirənin aparıldığını önə çəkib, sülh sazişinin əldə olunmasına mane olmaqdadır. Nəticə etibarı ilə Amerika bir tərəfdən sülh sazişinin bağlanmasına vasitəçilik etməyə çalışır, başqa tərəfdən isə, hətta Dövlət Departamentinin məsul şəxsi - O Brayn tərəfindən ölkəmizə qarşı iftiranın tirajlanmasına imkan yaradır. Yəni neytral dövlət kimi özünü göstərmir. Ermənistanın yanında olduğunu açıq şəkildə ifadə edir".
Deputat “Avropa İttifaqı müəyyən zaman kəsiyində Mişel səviyyəsində həqiqət naminə demək lazımdır ki, münasibətlərin normallaşması üçün səylər göstərdi” deyə qeyd etdi: “Uğurlu addımların atıldığını da demək olar. Lakin Fransanın səyləri ilə Avropa İttifaqı da sona qədər özünün neytrallığını qoruya bilmədi. O da ermənipərəst mövqe tutdu, neytrallığını şübhə altına aldı. Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı ilə separatçı xunta rejiminin fəaliyyətinə son qoyulması həm Amerikanı, həm də Brüsseli xeyli dərəcədə narahat etdi, onları qıcıqlandırdı. Onlar Azərbaycanın bu haqlı, ədalətli addımını həzm edə bilmədilər. Davamlı olaraq, ən müxtəlif platformalarda ölkəmizə qarşı ədalətsiz çıxışlarını ortalığa qoydular. Belə olan halda təbii ki, Azərbaycan Vaşinqton və Brüsselin ermənipərəst mövqeyini nəzərə alaraq, ümumiyyətlə, başqa ölkələrin vasitəçiliyi olmadan iki dövlət arasında münasibətlərin normallaşması üçün danışıqların aparılması təklifi ilə çıxış etdi. Bu ilk olaraq, qarışıqlı bəyanatlar nəticəsində öz müsbət tərəflərini göstərdi. Azərbaycan ölkəmizə gələrək terror törətməyən istəyən, lakin Dövlət Təhlükəsizliyinin əməkdaşları tərəfindən həbs edilən quldur terrorçuları Ermənistana qaytardı, haqsız yerə saxlanılan iki əsgərimizin də geri qaytarılmasına nail olduq. Bu yaxşı təşəbbüs idi və özünün də konkret nəticələrini göstərdi. Ona görə də, ölkə rəhbəri bu danışıqlarda vasitəçilik edənlərdən hər birinin regionda maraqlarının olduğunu, onların sülh danışıqlarına maneçilik törətdiyini bilərək vasitəçilik olmadan iki dövlət arasında münasibətlərin düzəlməsi üçün danışıqların tərəflər arasında aparılmasına üstünlük verir. Bu da təbii ki, Kozlariç kimi insanları narahat edir. Təbii ki, Avropa ittifaqı da bundan narahatdır. Bu fikirləri Rusiyaya da aid etmək olar. Çünki onun da Cənubi Qafqazda ciddi maraqları var. Ona görə də, Kozlariç kimi insanlar belə fikirləri mətbuatda yaymaq üçün tapşırıq alırlar. Çox sarsaq və sərsəm fikirlər də söyləyir ki, guya yaranmış olan situasiyadan Rusiya və İran xeyli dərəcədə faydalanır. Azərbaycan müstəqil dövlətdir. Milli və dövlət maraqlarımızı kifayət qədər qoruya bilirik. Biz qonşularla münasibətlərimizi normal şəkildə saxlayıb əməkdaşlığımızı davam etdirməliyik. Bu bizim müstəsna səlahiyyətimizdir. Yürüdülən siyasətin müsbət nəticələri ortalıqdadır. Amerikanın sülh və islahatlarla bağlı təzyiqləri nə deməkdir? Bu absurd fikirdir. Belə çıxır ki, ABŞ hərbi polis metodu ilə bütün dünya ölkələrinə, eyni zamanda Azərbaycana da təzyiq etmək istəyir ki, sən mən deyəni etməlisən. İlham Əliyev hər zaman milli maraqlarımızı öndə götürür”.
Deputat dedi ki, əgər 2024-cü ildə sülh olmayacaqsa, burada Azərbaycanı suçlamaq sadəcə ədalətsizlik olardı: “Bakı ədalətli sülhün tərəfdarıdır. Əgər Ermənistan sülh sazişi istəməsə, bunun Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Kozlariç kimi adamlar Ermənistan və erməni xalqına olan sonsuz məhəbbətlərinin nəticələrini görmək istəyirlərsə, belə fikirlərdən uzaq durmalı, Ermənistanı sülhə təşviq etməlidirlər. Bunun başqa alternativi yoxdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ