İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalının iki qonşunu narahat edəcək Bakı səfəri

İstisna deyil ki, Maykl Uikmanın niyə gəlməsi ilə bağlı “versiyalar” uydurula bilər, amma...

İyulun 26-da ABŞ-ın Avropa və Afrikadakı hərbi qüvvələri komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Bakıya gəlib, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Həmin mənbənin məlumatına görə, o, Bakıda hərbi tibb və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair danışıqlar aparacaq. Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı”nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Dünyada Ukrayna müharibəsinin yaratdığı  gərginlik fonunda ABŞ generalının Bakıya səfəri, əlbəttə ki, diqqət çəkir. ABŞ-ın Avropa və Afrikadakı hərbi qüvvələri komandanının müavininin səfərində əsas məqsəd  Azərbaycan Müdafiə Nazirliyi ilə tibb və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Amma İran və Rusiyanın qonşuluğundakı ölkəyə səfər, əlbəttə ki, Moskvanın və Tehranın da diqqətini çəkəcək. Azərbaycan heç bir halda hər iki qonşu dövlətlə münasibətdə, məsələn, Ermənistanla müqayisədə pərdəarxası oyunlar oynamır. Bu günlərdə ABŞ kəşfiyyatının rəhbərinin İrəvana mübhəm səfərinin səbəbi haqda hələ də dəqiq bilgi yoxdur. Bəzi iddialara görə isə bu, İranla bağlıdır. Azərbaycan qonşuları ilə münasibətdə açıq siyasət yeritsə də, hər iki ölkədə anti-Azərbaycan qüvvələri mövcuddur ki, onlar da hər fürsətdə ölkələr arasında gərginlik yaratmağa çalışırlar.

İstisna deyil ki, ABŞ generalın səfəri haqda da hər cür “versiyalar” uydurula bilər. Bəs, Vaşinqtonun bölgəyə artan marağının əsl səbəbləri nədir? ABŞ generalının məqsədi, bəlli səfəri qonşuları qıcıqlandıra bilərmi?

Rəşad Bayramov: » Ovqat.com

 Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu səfərin qonşu dövlətlərdə qıcıq oyatmasını təbii qəbul edir: “Əvvəla ondan başlayaq ki, son bir neçə ay içərisində ABŞ Prezidentinin dövlət başçısına ünvanlanan məktubları, ABŞ Dövlət katibi Entoni Blinkinin telefon zəngləri, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin keçən ay Bakıya baş tutan səfəri və indi də ABŞ Milli Qvardiyasının general-mayoru Maykl Uikmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərləri onu göstərir ki, Vaşinqton Cənubi Qafqazda daha fəal rol oynamaq niyyətindədir. Cənubi Qafqazda ən əsas siyasi, iqtisadi və hərbi güc Azərbaycan olduğu üçün təbii olaraq xüsusən ölkəmizlə dialoqların davam etdirilməsinə və digər dövlət səviyyəli məsələləri müzakirə etməyə çalışırlar. ABŞ anlayır ki, ölkəmiz regionda baş verən əsas siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə olan proseslərin vacib oyunçusudur və əgər Cənubi Qafqazda fəal olmaq məqsədi varsa xüsusilə Azərbaycanla münasibətlərə önəm vermək lazımdır.

Təbii ki, ABŞ kimi super gücün Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması müsbət haldır. Lakin Vaşinqtonun dediklərində səmimi olması da mütləq şərtdir. Məsələn, Azərbaycanla təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıqda maraqlı olan tərəf, Azərbaycanın haqlı mövqeyini də birmənalı dəstəkləməlidir. Ancaq biz hələ ki, ABŞ-ın istənilən ikitərəfli münasibətləri yalnız öz maraqlarının təmini baxımından yanaşdığının şahidiyik. Başqa sözlə desək ABŞ üçün Azərbaycanla münasibətlərdə əsas prioritet Qərbin enerji təhlükəsizliyidir və ölkəmizin İran və Rusiya ilə sərhəddə olması da burada önəmli faktorlardan hesab olunur. Yəni qarşısına Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı və İranın regiona təsirini azaltmağı məqsəd qoyan ABŞ üçün regionda ən güclü dövlət olan Azərbaycanla münasibətlər olduqca vacibdir.

Maykl Uikmanın Bakıya gəlişinin qonşularımızı qıcıqlandırmasına gəldikdə isə, bu yeni bir şey deyil. ABŞ-ı özünə düşmən hesab edən İran və Rusiya üçün istənilən ABŞ rəsmisinin ölkəmizə gəlişi təbii olaraq qıcıq doğurur. Hələ bu şəxs hərbi vəzifəsi olan biridirsə və səfərdə məqsəd həm də kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidirsə bu birmənalı olaraq həm Rusiyanı, həm də İranı narahat edə bilər və hətta hər iki ölkədə rəsmi səviyyədə olmasa da bununla bağlı müxtəlif anti təbliğat da aparıla bilər. Amma buna fikir vermək lazım deyil. Azərbaycanın dövlət maraqları var. Bu maraqlar hər nə qədər özündə həm də qonşularla normal münasibətlərin qorunub saxlanılmasını ehtiva etsə də ölkəmizin təhlükəsizliyi və istənilən təhdidə hazır olması bir nömrəli vəzifədir. Odur ki, hərbi baxımdan dünyanın bir nömrəli ölkəsi olan ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində hansısa dividentlər əldə edəcəyiksə, bundan maksimum istifadə etmək və faydalanmaq lazımdır".

Görüş yerini dəyişmək olmaz - Kənan Novruzov yazır

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Amerikanın yaranan fürsətdən istifadə etdiyini bildirdi: “ABŞ-dan olan general Maykl Uikmanın Bakıya səfəri zamanı yalnız açıqlandığı kimi hərbi tibb və kibertəhlüzlik sahəsində əməkdaşlığın müzakirə olunduğunu düşünmürəm. Çox güman ”pərdəarxası" söhbətlər də olub. Hərçənd ictimailəşdirilən mövzunun özü və ABŞ Müdafiə Nazirliyinin rəsmisinin ölkəmizə səfərinin özü də qonşularımızı, Rusiya və İranı narahat etmək üçün kifayət qədər ciddi əsasdır. Ağ Ev nə etdiyini yaxşı bilir və addımlarını düşünülmüş formada, həssaslıqla atır. Regionda baş verən proseslər də göstərir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin “rejissoru” məhz Qərbdir. Bu mənada ABŞ-ın regionla bağlı atdığı addımlar təəccüblü deyil. Ağ Evin Cənubi Qafqazda xüsusi maraqları var. Azərbaycan isə regionun əsas aktorudur. Deməli, Vaşinqtonla Bakı arasında əlaqələr başa düşüləndir. İran və Rusiyanın da regionla bağlı maraqlarını nəzərə alsaq, deməli, ABŞ-ın həmlələri bu dövlətləri qıcıqlandırmaya bilməz. Hətta təxribat ehtimalları da istisna deyil. Bildiyiniz kimi, müxtəlif hərbi və siyasi ekspertlər artıq bu barədə xəbərdarlıq ediblər. ABŞ istəyir ki, yaranan əlverişli durumdan istifadə edərək regiondakı təsir gücünü artırsın. Fikrimcə, belə də olacaq. Azərbaycan isə balanslı siyasətini davam etdirməli, yalnız öz xarici diplomatik kursuna, maraqlarına uyğun addımlar atmalıdır. Reallıq bundan ibarətdir ki, bizim hər üç dövlətlə münasibətimiz yaxşıdır. Rusiya və İran bizə qonşudur, ABŞ isə daha uzaqdadır. Amma Kreml getdikcə zəifləyir. Vaşinqtonun Moskva və Tehranı çökdürmək niyyəti aydındır. Deməli, bizim üçün kifayət qədər həssas məqamdır. Soyuqqanlı olmaq lazımdır. ABŞ rəsmilərinin Ermənistana səfərinə gəldikdə isə bu da məhz Ağ Evin regionla bağlı maraqlarından xəbər verir. Vaşinqton fürsətdən istifadə edib İrəvanı Moskvanın təsir dairəsindən çıxarmaq istəyir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR