Onlayn ictimai-siyasi qəzet
Ermənistan Rusiyaya qarşı artıq radikal addımlar atmağa başlayıb. Rəsmi İrəvan Rusiyanın Ermənistandan çıxarılmasına yönəlik geopolitik prosesi intensiv şəkildə inkişaf etdirməkdədir. Son vaxtlar Paşinyan hakimiyyəti hətta konkret qərarların qəbuluna da cəhd göstərir. Və indi yaranmış vəziyyət Kremlin Qərbə qaçmaqda olan regional for-postunu geri qaytarmaq imkanlarını əldən verdiyini göstərir.
Hər halda, Rusiyanın siyasi-diplomatik vasitələrlə Ermənistana nəzarəti bərpa edə biləcəyi hazırda o qədər də inandırıcı görünmür. Yəni, əgər, Kreml Ermənistana Rusiyanın geopolitik maraqlarını izah etmək niyyətindədirsə, bunu istənilən halda, radikal addımlarla etmək məcburiyyətində qalacaq. Əks halda, rəsmi İrəvan Ermənistanı Kremlin beynəlxalq düşmənlərinin - ABŞ və Qərbin Rusiyaya qarşı əsas savaş poliqonuna çevirməyə nail olacaq.
Ermənistanın Rusiyaya qarşı davranışlarda bütün "qırmızı cizgiləri" atdığını son hadisələr də açıq aşkar göstərir. Belə ki, rəsmi İrəvan Ermənistanın KTMT-da fəaliyyətini tamamilə dondurub. Ermənistan hətta KTMT-nın Moskva terrorunu qınayan sənədinə belə, imza atmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kremlin rəsmi İrəvanla münasibətlərinin qopma həddinə çatdığını dolayısı ilə etiraf edib. Və bütün baş verənlərə görə məhz Ermənistanın siyasi rəhbərliyini günahlandırıb.
Göründüyü kimi, Rusiya istəməsə belə, Ermənistan ilə qarşılıqlı münasibətlərə radikal müstəvidə aydınlıq gətirməyə məcburdur. Digər bütün variantlarda Paşinyan hakimiyyəti Rusiyanın siyasi-diplomatik mesajların əhəmiyyət verməyərək, Qərbin himayəsi altına can atmaqda davam edəcək.Ermənistan parlamentinin spikeri Alen Simonyanın Kremlin rəsmi İrəvanı dəfələrlə aldatdığını bəyan etməsi də situasiyanın Rusiya üçün qəliz olduğunu təsdiqləyir.
Məsələ ondadır ki, erməni spiker Rusiyanın Ermənistanı “ən çətin dövrdə” tək qoyduğunu vurğulayıb. Eyni zamanda, Alen Simonyan Kremli Ermənistan ərazisində yeni müharibənin baş verməsinə çalışdığını iddia edib. Onun fikrincə, bununla Rusiya sonradan Ermənistanı "xilas edib", özündən asılı vəziyyətə salmaq, ölkənin suverenliyini məhdudlaşdırmaq niyyəti güdür. Və bu açıqlama ilə erməni spiker rəsmi İrəvana ABŞ-Avropa Birliyi-Ermənistan ortaq konfransına haqq qazandırmağa çalışıb.
Hər halda, rəsmi İrəvan Rusiyanın bu ortaq konfransın keçirilməsinə hazırlıqdan ciddi şəkildə narahat olduğunu anlayır. Hətta Kremlin ortaq konfrans ərəfəsində hansısa radikal addımlar ata biləcəyini də nəzərə alır və bu tədbirin heç ölkəyə qarşı yönəlmədiyini əsaslandırmağa çalışır. Ancaq buna baxmayaraq, Kremldə hesab edirlər ki, ortaq konfrans Qərbin Cənubi Qafqaza yerləşmək və Rusiyaya qarşı geopolitik platforma yaratmaq planının tərkib hissəsidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova açıq mətnlə vurğulayıb ki, Qərb ölkələri Ermənistanı öz təhlükəli planlarının reallaşdırılması üçün alətə çevirməyə başlayıblar.
Təbii ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfrans müəyyən qaranlıq məqamlarla yüklənmiş kimi görünür. Rusiya kimi, Azərbaycan da bu ortaq konfransdan narahat olduğunu qətiyyən gizlətmir. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı etiraz bəyanatı yayıb. Və rəsmi Bakının belə sərt mövqe tutması üçün isə kifayət qədər ciddi əsaslar mövcuddur.
Bəzi məlumatlara görə, hələlik rəsmən gündəmə gətirilməsə də, ortaq konfransda ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verilməsini ifadə edən paktın imzalanacağı iddia olunur. Belə bir sənədin rəsmiləşdirilməsi isə ilk növbədə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına qarşı atılmış pozucu addım xarakteri daşıyacaq. Yəni, belə anlaşılır ki, ABŞ və Avropa Birliyi bu regionu yenidən qeyri-sabitlik və fəlakət dövrünə sürükləyir.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyindən təhlükəsizlik təminatı almış Ermənistan daha da cəsarətlənmiş olacaq və sülh prosesindən tamamilə imtina edə biləcəyini düşünəcək. Yəni, belə bir "təhlükəsizlik çətiri" rəsmi İrəvanı Azərbaycana qarşı yeni hərbi təxribatlara həvəsləndirmək anlamı daşıyır. Bu isə o deməkdir ki, Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini iddia edən ABŞ və Avropa Birliyi əslində, Ermənistanı yeni müharibəyə təşviq edir, hərbi revanşa hazırlaşdırır.
Artıq açıq şəkildə görünür ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda yeni savaşın başlanılmasında birbaşa maraqlıdır. Yeni savaş ABŞ və Avropa Birliyinə Cənubi Qafqaza yerləşmək imkanları aça bilər. Ona görə də, hazırda Ermənistan üzərindən yeni regional münaqişə planları qurulur. Və həmin planların reallaşdırılmasında regional alət rolunu oynayan Ermənistana "təhlükəsizlik təminatı" verməklə, rəsmi İrəvan cəsarətləndirilir.
Bütün bunları nəzərə aldıqda, ABŞ və Avropa Birliyinin aprelin 5-də Brüsseldə Ermənistanla Cənubi Qafqazda "yeni savaş paktı" imzalamağa hazırlaşdığı qətiyyən şübhə doğurmur. Əsas hədəf ondan ibarətdir ki, Ermənistan Qərbin himayəsi altında Azərbaycana qarşı hərbi revanş imkanları qazanmış olsun. ABŞ və Avropa Birliyi müharibəni bəhanə gətirərək, Cənubi Qafqaza sülhməramlı hərbi kontingent yerləşdirə bilsin. Bununla da, Ermənistanı Rusiyaya qarşı yeni qarşıdurma poliqonuna çevirmək planı reallaşsın.
Belə qənaətə gəlmək olar ki, ABŞ və Avropa Birliyi öz geopolitik maraqları naminə Cənubi Qafqazın yenidən hərbi fəlakətlərə sürüklənməsinə çalışır. Qərb Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı daha bir qarşıdurma məkanı açmağa cəhd göstərir. Əgər, baş tutarsa, bu, Ermənistanın Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukraynaya çevrilməsi anlamı daşıya bilər. Çünki bu regionda reallaşdırılmasına başlanılmaqda olan ikinci Ukrayna ssenarisi, əslində, Rusiyaya qarşı həm də ikinci cəbhənin açılması deməkdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ