Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya dünyanın digər önəmli regionlarında cərəyan edən geopolitik proseslərə birbaşa və ya dolayısı ilə təsir göstərir. Belə ki, Tramp adminstrasiyası Kremllə olduqca ciddi "siyasi-strateji bazarlıq" içərisindədir. Ağ Ev Ukrayna ərazisilərinin bölüşdürülməsindən ABŞ-ın hərbi-strateji maraqları çərçivəsində faydalanmağa cəhd göstərir. Və Ukrayna üçün bu təhlükəli prosesin neqativ istiqamətləri artıq tədricən ortaya çıxmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evdə Rusiya prezidenti Vladimir Putinin bəzi şərtlərinin qəbul edilməsinə müsbət yanaşmağa üstünlük verilir. Xüsusilə də, Tramp adminstrasiyası hesab edir ki, rəsmi Kiyev doğrudan da sülh istəyirsə, onda Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməyə hazır olmalıdır. Üstəlik, Ağ Ev Ukraynanın işğal altında olan Krım yarımadasını Rusiya ərazisi kimi tanımaq niyyətini biruzə verən mesajlarla da diqqəti çəkir. Və bu, olduqca "dərin bazarlıq" prosesindən xəbər verir.
Məsələ ondadır ki, Tramp adminstrasiyası Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Çünki Ağ Evin əsas hədəfində məhz Çin və İranın olduğu bildirilir. Ona görə də, ABŞ bu iki ölkəyə qarşı hərbi-siyasi mübarizədə Ukrayna yükündən xilas olmaq niyyətindədir. Eyni zamanda, Rusiyaya ediləcək əsas güzəştlərin əvəzində Kremldən Çin və İranla məsafə saxlanmasının tələb edildiyi də iddia olunur. Və Ağ Evin bu məsələdə Rusiyadan müəyyən təminatlar qopara bildiyi barədə də məlumatlar mövcuddur.
Maraqlıdır ki, ABŞ-ın Almaniyadakı hərbi bazalarından çoxlu sayda döyüş texnikasını Ermənistana köçürmək barədə planın icrasına başladığı iddia olunur. Rusiya isə Ermənistanı öz təsir coğrafiyası hesab etsə də, bütün bunlara hər hansı reaksiya verməyə həvəs göstərmir. Halbuki, Kreml rəsmi Kiyevin sadəcə, NATO-ya üzvlük niyyətinə Ukraynaya qarşı işğalçı savaşla cavab vermişdi. Və indi ABŞ çoxlu sayda ən müasir hərbi texnikanı və hərbi qüvvəni Ermənistana yerləşdirmək qərarı versə də, Kreml müəmmalı şəkildə susur.
Onu da qeyd etmək lazımdır ki, Pentaqon ABŞ-nin Almaniyadakı hərbi bazalarından yüzlərlə döyüş texnikasını Ermənistanın poliqonlarına köçürmək barədə məlumatlara çox dolaşıq münasibət bildirib. Pentaqonun bu barədə açıqlamasında vurğulanıb ki, ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın köçürülməsi ilə bağlı Rusiyanın RT agentliyi tərəfindən yayılan məlumatı şərh etmək niyyətində deyil: "ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi baxımından, hərbi texnikanın hərəkəti ilə bağlı şərh vermir".
Xatırladaq ki, Rusiya RT agentliyi əldə etdiyi sənədlərə əsasən, ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və döyüş texnikasını Ermənistandakı poliqonlara köçürmək niyyətində olduğunu iddia etmişdi. Həmin məlumata görə, daşımaların məhz Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. Bu prosesə iyulun 16-da başlamaq nəzərdə tutulub və avqustun 7-dək davam edəcəyi gözlənilir. Və bu, o deməkdir ki, ilin ikinci yarısında Cənubi Qafqazın da gələcək taleyinə birbaşa təsir göstərə biləcək hadisələr qətiyyən istisna deyil.
Maraqlıdır ki, Pentaqon təhlükəsizlik bəhanəsi ilə hərbi texnikanın hərəkəti barədə şərh verməməklə, əslində, iddiaları dolayısı ilə təsdiqləmiş olur. Üstəlik, Ermənistanla münasibətlərin də yüksək qiymətləndirilməsi hərbi texnikanın hansı ölkəyə daşınacağına əmin olmağa imkan verir. Digər tərəfdən, Qərb mənbələrində bu məsələnin hərbi təlimlərlə əlaqələndirilməsi də olduqca absurd görünür. Və bu, müəyyən alternativ mülahizələrə də haqq qazandırır.
Birincisi, Ermənistan elə bir əhəmiyyətli hərbi tərəfdaş deyil ki, ABŞ onun ərazisində belə genişmiqyaslı hərbi təlimlərə ehtiyac duysun. İkincisi, adətən, hərbi təlimlərdə "qonaq" ölkə çox məhdud hərbi kontingentlə iştirak edir. Bu baxımdan, ABŞ-ın külli miqdarda xərc çəkərək, Ermənistana hər hansı ölkəyə qarşı savaşa yetərli olacaq qədər döyüş texnikası, hərbi qüvvə gətirmək planı qurması olduqca ciddi şübhələr doğurur. Və bu planın məhz İrana qarşı savaş hazırlığı ola biləcəyi ilə bağlı ciddi ehtimallar doğurur.
Məsələ ondadır ki, son vaxtlar Tramp adminstrasiyası İranı hərbi müdaxilə ilə açıq-aşkar təhdid edir. Əgər, Ermənistan kimi, kiçik və əhəmiyyətsiz bir ölkəyə çoxlu sayda hərbi texnika daşıyacaqsa, bu, İrana qarşı savaş qərarının artıq verilmiş ola biləcəyini göstərir. Üstəlik, bu ehtimal doğru çıxarsa, deməli, həm Rusiya, həm də Ermənistan öz strateji tərəfdaşını - İranı ABŞ-a "satıblar". Və bu, o deməkdir ki, ABŞ İranı məhz Ermənistan ərazisindən vurmaq niyyətindədir, Rusiya isə baş verənlərə ən yaxşı halda, susaraq, reaksiya göstərmək barədə öhdəlik götürmüş olmalıdır.
Göründüyü kimi, ABŞ Cənubi Qafqaz regionundan hərbi poliqon kimi istifadə etmək niyyətini biruzə verir. Daha doğrusu, Tramp adminstrasiyası İrana qarşı Ermənistan üzərindən hərbi müdaxilə planları qurur. Rusiya isə Ukrayna ərazilərinə "sahiblənmək hüququ"nun qarşılığında İranı ABŞ-a güzəştə getməyə üstünlük verməyə hazırlaşır. Və bu qorxunc sövdələşmə hazırda yalnız Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da dəhşətli nəticələrə yol aça bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ