Onlayn ictimai-siyasi qəzet
Tramp 4 il öncə yarımçıq qoyduğu işi tamamlayıb və Birləşmiş Ştatların 47-ci prezidenti seçilib
ABŞ-da amerikalıların tarixi seçki adlandırdıqları prezident seçkisi baş tutub. Seçkidə mübarizə iki namizəd - keçmiş prezident, respublikaçı Donald Tramp (Donald Trump) və vitse-prezident, Demokratlar Partiyasından Kamala Harris arasında gedib.
Seçkilərin ilkin nəticələri artıq bəllidir. Tramp 4 il öncə yarımçıq qoyduğu işi tamamlayıb və ikinci dəfə Birləşmiş Ştatların prezidenti seçilib.
Seçkidən əvvəl ABŞ rəsmiləri iddia edirdilər ki, Rusiya və İran seçkiyə təsir kampaniyasını gücləndirir, ABŞ-da seçicilər arasında narazılıq səpməyə çalışırlar, məqsədləri də seçki məmurlarına qarşı zorakılıq təşviq etməkdir.
Onu da qeyd edək ki, Trampı ilk təbrik edənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısının təbrik məktubunda deyilirdi: “Hörmətli cənab Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Siz birinci prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Bu arada qeyd edək ki, hələ seçkidən öncə bəzi ABŞ ştatlarında təxribatların olacağı, hətta daha geniş areala yayılacağı haqda da danışılırdı.
Bəs ABŞ-da seçkilərdə sabitlik pozula bilərmi? Başqa sözlə, Amerika demokratiya təhdidləri altında seçkini sakit başa vura biləcəkmi?
Qüdrət Həsənquliyev
Ədalət, Hüquq və Demokratiya Partiyası sədri, deputat Qüdrət Həsənquliyev əvvəlcədən Trampı Azərbaycan üçün daha əlverişli hesab edirdi: “ABŞ-da güclü erməni diasporu, həm də xristian həmrəyliyindən çıxış edən böyük mərkəzlər var. Ona görə Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə nə respublikaçılar, nə də demokratlar onları işğalçı kimi tanımadı və Ermənistandan işğala son qoymağı tələb etmədi. Bütün dövrlərdə ABŞ Qarabağdakı işğalçı, əli qanlı separatçı rejimin liderlərini açıq və dolayı yolla dəstəklədi, onlara humanitar kömək adı altında maliyyə yardımı ayırdı, o cümlədən işğalçı Ermənistana. Trampın prezidentliyi dövründə biz işğala son qoyduq. Bu baxımdan Harrisdənsə onun seçilməsi bizim üçün daha əlverişli idi. Onun yaxından tanıdığı və münasibətlərdə olduğu azərbaycanlılar, bizimlə dostluq edən yəhudi diasporunun nümayəndələri var ki, bu da onun qərarlarına təsirsiz olmayacaq. Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil və digər güc mərkəzləri ilə hesablaşmalıdırlar. O, seçkidə verdiyi vədlərin 20%-i də yerinə yetirə bilməyəcək, amma ən azından Ukraynada savaşı dayandırmağa cəhd edəcək. O, bilərəkdən özünü dəlisov siyasətçi adlandırır, özünü Putinə oxşatmağa, onun kimi görünməyə çalışır, çünki dünya liderlərinin Putindən necə qorxduğunu görür. Azərbaycana münasibətə gəldikdə, o, bizi ədalətsiz sülhə, Qarabağ ermənilərini birtərəfli qaydada Qarabağa qaytarmağa məcbur edə bilməz”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Amerikada heç bir gərginliyin olmayacağını düşünür: “5 noyabrda ABŞ-da keçirilən prezident seçkisi artıq başa çatıb və sabiq prezident Tramp tələb olunan ən azı 270 seçki komitəsinin səslərini qazanaraq yenidən hakimiyyətə qayıdışını təmin edib. Respublikaçılar Konqresdə də üstünlüyü qazanıblar. Bu, Trampın gələcəkdə verəcəyi qərarların dəstəklənməsi üçün vacib faktordur. Tramp tərəfdarları artıq qələbəni küçələrdə qeyd edirlər. Doğrudur, bəzi xarici güclərin, xüsusən də Rusiya və İranın seçki kampaniyasına müxtəlif formalarda müdaxilə edəcəyi, yaxud da bəzi ştatlarda qarşıdurmaların ehtimal olunacağı ilə bağlı milli qvardiya hazırlıq vəziyyətinə gətirilmişdi. Lakin bunlar baş vermədi və Amerika xalqı öz iradəsini sərbəst şəkildə ifadə etdi. Demokratlar öz məğlubiyyətlərini qəbul ediblər. Amma bu heç də o anlamı vermir ki, Birləşmiş Ştatlarda siyasi mühit gərgin mübarizə şəraitində olmayacaq. Mən hesab edirəm ki, Amerikada demokratiyanı təhdid edə biləcək risklər ciddi və real deyil. Bizim üçün vacib olanı Amerikada baş verəcək hakimiyyət dəyişikliyindən sonra Azərbaycanın maraqlarının təmin edilməsi üçün diplomatik fəaliyyətin genişləndirilməsidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Trampın qarşısında olan əsas maneədən danışdı: “Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq. Beynəlxalq aləmin əsas diqqəti Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmasıyla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır. ABŞ-ın dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır, bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda, müharibənin Kremlin xeyrinə bitməsinə əngəldir. Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı Trampın qələbəsini Azərbaycan istiqamətindən də şərh edib: “Donald Tramp qalib gəldi: indi əsas sual geosiyasi müstəvidə nələrin dəyişə biləcəyidir. Trampın ABŞ prezidenti olduğu dövrdə izlədiyi xəttə və seçkiöncəsi verdiyi bəyanatlara, o cümlədən respublikaçıların siyasi yanaşmalarına istinadən müəyyən təxminlər irəli sürmək mümkündür.
Ukrayna müharibəsində Rusiyanın mövqeyi güclənə, Kiyev “güzəştli sülhə” məcbur edilə bilər: respublikaçıların əvvəldən dəstəklədiyi xətt ABŞ-ın Ukraynaya yardımı azaltmasıdır və bu, cəbhədə onsuz da çətin vəziyyətdə olan Kiyev üçün riskli perspektiv vəd edir; təslim olmayan Zelenskinin dəyişdirilməsi ssenarisi də gündəmə gələ bilər, hərçənd prosesin döyüş meydanından masaya keçməsi yaxın dövr üçün çətin görünür, əvəzində Ukraynada və Ukrayna ətrafında müharibəyə paralel olaraq, siyasi qarşıdurma güclənə bilər;
Yaxın Şərqdə toqquşma daha da güclənə, İran ətrafında eskalasiya riskləri arta bilər: Ağ Evdə olarkən İranla nüvə danışıqlarını ləğv edən Tramp Təl-Əvivin Tehrana qarşı siyasətinin əsas dəstəkçisidir; istisna deyil ki, İsrail İrana hücumlarını intesivləşdirə, Tehranı birbaşa müharibəyə cəlb etmək istiqamətində müəyyən nəticələr əldə edə bilər.
Beləliklə, Ukraynada səngiməsi gözlənilən müharibənin Yaxın Şərqdə daha da alovlanacağını görə bilərik.
Trampın Ağ Evə qayıdışı Avropada ciddi çalxalanma yarada bilər:
- Avropada millətçilik güclənəcək: Tramp ilk dəfə seçiləndə - 2016-cı ildən sonra qitədə ultra-sağçıların yüksəlişi dövrü başlanmışdı; Baydenin dövründə mövqeləri zəifləyən bu kəsim Trampın ikinci dəfə prezidentliyə namizədliyini açıqladıqdan sonra yenidən aktivləşdi, hətta Almaniya və Fransada nəzərəçarpan nəticələr əldə etdilər;
- Ultra-sağçıların yüksəlişi Avropa İttifaqında, həmçinin NATO-da birliyə risklər yarada bilər;
- “Avropa ordusu”nun yaradılması, Avropanın NATO-dan kənar təhlükəsizlik sisteminin qurulması ideyalarının yenidən aktuallaşması gözləniləndir;
Tramp ABŞ-ın strateji rəqibinə - Çinə qarşı mübarizəni gücləndirəcək, xüsusilə “iqtisadi müharibə” taktikasını yenidən işə sala bilər, hərçənd bu mübarizədə demokratlardan fərqli olaraq, Rusiya ilə əməkdaşlıq, ən azı qarşıdurmadan qaçmaq xəttini izləyə bilər.
Azərbaycan üçün ən önəmli məsələ Trampın Ermənistana və erməni diasporu/lobbisinə münasibətidir. Onun pezidentliyi dövrü (2016-2020) ermənilər üçün müsbət xatirələrlə yadda qalmayıb. Seçki kampaniyasında “xristianların qovulması” və I Arama zəngi isə ermənilərdə müəyyən ümidlər yaratsa da, hər şeyin seçkiyə hesablandığı ehtimalı daha böyükdür. Ağ Evə qayıdan Trampın Cənubi Qafqazda mövqelərini qoruması böyük ölçüdə Azərbaycanla münasibətlərdən asılı olacaq".
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin də fikirləri maraqlıdır: “Trampın seçilməsi Ermənistan hakimiyyətini çətin vəziyyətə saldı... Onun qələbəsi Cənubi Qafqaz siyasətini arxa plana keçirəcək. Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün bütün şərtləri yerinə yetirəcək. Gürcüstanda hakim partiyanın - "Gürcü Arzusu” Partiyasının bəxti gətirdi. Bu ölkədə inqilab və hakimiyyətin dəyişilməsi gözlənilmir.
Azərbaycan Cənubi Qafqazda Türkiyə ilə birgə yeni siyasi nizamın inkişaf etdirilməsi istiqamətində siyasəti davam etdirməli və Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılmasına, yeni hərbi blok yaradılmasına çalışmalıdır və bunu labüd görürəm. Rusiya prosesi sabotaj etməyə çalışsa da, Azərbaycan və Türkiyə qərarlı şəkildə yeni siyasi nizamda Türk Dövlətləri Birliyi ilə beynəlxalq müstəvidə güclənməlidir.
ABŞ prezidenti Trampın Qarabağdan köçən ermənilərlə bağlı mövqeyinə gəldikdə, bu, seçki dönəminin detalı idi. Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün danışıqlar prosesini sürətləndirəcək. Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün Türkiyənin siyasətini dəstəkləməsi mümkündür.
Regionumuz üçün Rusiya təhlükəsi var. Ukrayna müharibəsində Tramp çeviklik göstərməsə, Avropa ölkələri Rusiya qarşı yeni cəbhə açıb birləşəcək. Bu da Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi üçün vacib faktordur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ