İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Türkiyəyə qarşı şok təxribat

Bir qrup konqresmen qardaş ölkənin statusunu Avropadan  Yaxın Şərqə dəyişdirmək üçün Konqresə qanun layihəsi təqdim ediblər

Demokratlar Partiyasından Brad  Şnayder   və respublikaçı Qus Bilirakisin başçılıq etdiyi bir qrup konqresmen Türkiyənin diplomatik statusunu dəyişdirmək üçün Konqresə qanun layihəsi təqdim ediblər. Musavat.com xarici mənbələrə istinadən  xəbər verir ki, sənədə əsasən, Dövlət Departamenti Türkiyəni Avropa və Avrasiya ölkəsi deyil, Yaxın Şərq ölkəsi kimi təsnif etməlidir. Bu, “Ankaranın Qərbin təhlükəsizlik maraqları ilə kökündən ziddiyyət təşkil edən Rusiya, Çin, İran və HƏMAS ilə dərinləşən əlaqələrini əks etdirir”  - hesabatda deyilir.

"Türkiyə yol ayrıcındadır, lakin Ərdoğan öz seçimini edib. Onun hökuməti HƏMAS silahlılarına sığınacaq verir, Putinin döyüş maşınına dəstək verir və Qərb müttəfiqinin imtiyazlarını tələb etməyə davam edərkən NATO birliyinə mane olur. Amerika diplomatiyasının Türkiyənin hələ də Avropanın bir hissəsi olduğunu iddia etməyi dayandırmağın vaxtı çatıb", - konqresmen Şnayder bildirib.

Bilirakis “Ərdoğanın dəfələrlə Amerikanın maraqlarına zidd hərəkətlər etdiyini və bunun regionda qeyri-sabitliyə səbəb olduğunu” qeyd edərək onu dəstəkləyib.

Konqresmenlərin bəyanatında deyilir: “ABŞ-ın rəsmi xarici siyasətinin bu düşmən rejimin davranışının reallıqlarını daha dəqiq əks etdirməsinin və Ərdoğanın cavab verməsinin vaxtı çatıb”.

Türkiyənin ABŞ-dakı səfirliyi Konqres üzvlərinin Türkiyənin xarici siyasətini necə xarakterizə etmələri ilə razılaşmadığını bildirib.

"Türkiyənin Avropa kimliyi danılmaz tarixi və geostrateji faktdır. NATO, Avropa Şurasının, ATƏT-in güclü üzvü və Aİ-nin assosiativ üzvü kimi Türkiyə Avropa institusional çərçivəsinin və bu qurumların təmsil etdiyi ümumbəşəri dəyərlərin ayrılmaz hissəsidir", - Türkiyənin Vaşinqtondakı səfirliyinin sözçüsü bildirib.

 Qanun layihəsi Dövlət Departamentindən 90 gün ərzində Türkiyənin diplomatik statusunu nəzərdən keçirməli və onun son beş ildəki xarici siyasətinin təhlilini Konqresə təqdim etməlidir. Təşəbbüs təsdiqlənərsə, Türkiyə rəsmi olaraq İran, Suriya və Liviya kimi ölkələrlə eyni kateqoriyaya daxil olacaq.

“Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir. Avropanın sıralarında Türkiyə olmadan qlobal oyunçu rolunu oynamaq getdikcə çətinləşir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə qatıldığı rəsmi iftar mərasimində bildirib. O qeyd edib ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil: “Avropadan bu həqiqəti qəbul etməsini və Türkiyənin Aİ-yə tam üzvlüyünü dəstəkləməyini gözləyirik”.

 Yada salaq ki,  Trampın bundan əvvəlki prezidentliyi dövründə Türkiyə Rusiya hava hücumundan müdafiə sistemləri – S-400 almağa məcbur oldu.   İlk dəfə Trampın hakimiyyəti   dövründə ABŞ Türkiyə əleyhinə sanksiyalar tətbiq edilib.  Türkiyə beşinci nəsil  qırıcı F-35-in istehsalı proqramından çıxarılıb, Türkiyə Müdafiə Sənayesi Müdirliyinə və sözügedən idarənin bir sıra funksionerlərinə bir sıra digər məhdudiyyətlər qoyulub ki, Ankara  hələ də bunun nəticələrini hiss etməkdədir. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR