Onlayn ictimai-siyasi qəzet
Amerikada yaşayan azərbaycanlılar son vəziyyətlə bağlı danışdılar: “Əsasən o adamlar çıxarılır ki...”
ABŞ-ın yeni prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra bu ölkədən çıxarılmalı olan miqrantların siyahısında 709 Azərbaycan vətəndaşının olduğu da bildirilirdi. Xarici mətbuatın yazdığına görə, artıq bir sıra Asiya və Latın Amerikası ölkələrindən olan miqrantlar əvvəlcə Kaliforniyadan Kosta-Rikaya deportasiya edilib, oradan isə öz ölkələrinə göndərilib. Amerika arzuları puç olanlar arasında 7 Özbəkistan vətəndaşı da var.
Xatırladaq ki, Tramp administrasiyasının qanunsuz miqrantların ölkə daxilindəki hərbi obyektlərdə yerləşdirilməsi barədə planı var. Məlumata görə, yerləşdirmə Texasdakı Fort Bliss hərbi bazasından başlaya bilər. Bazanın əsasında yaradılan deportasiya mərkəzi 10 minə qədər qeyri-qanuni immiqrantı qəbul edə biləcək. Daha sonra onlar deportasiya olunacaqlar. Bildirilib ki, qeyri-qanuni mühacirlər üçün bu cür mərkəzlər 10-dan çox ştatda təşkil edilə bilər.
Zaur Bayramlı
ABŞ-da yaşayan ictimai fəal Zaur Bayramlı “Yeni Müsavat”a bildirdi ki, deportasiya ediləcək şəxslərin adları bizə məlum deyil, çünki şəxslərin adlarını paylaşmırlar: "Hansı ölkənin neçə nəfər vətəndaşının deport ediləcəyi isə aşağı-yuxarı məlumdur. Siyahıda yanılmıramsa 709 nəfər Azərbaycan vətəndaşının olduğu göstərilmişdi. İlkin mərhələdə deport ediləcək Ermənistan vətəndaşlarının sayı isə təxminən bizdən 4 dəfə çoxdur. Konkret olaraq kimlərin deportasiya ediləcəyini ABŞ-ın və Azərbaycanın müvafiq qurumları bilə bilərlər. Bu çox çətin məsələdir. Hətta Meksikadan keçənlər belə etiraf etmirlər. Şəxsən mən bu qərarı dəstəkləyirəm, çünki bizi, yəni "Greenkart"la gələnləri ən azı 1 il təhlükəsizlik süzgəcindən keçirdilər. Amma Meksikadan qaçaq keçənlər, misal üçün, Əfqanıstanda yüzlərlə insanı öldürən terrorçu olsalar belə, əllərini-qollarını sallayaraq rahat şəkildə ABŞ-a girə bilirlər. Deportasiya qərarının viza ilə gələnlərlə əlaqəsi yoxdur. Bu, yalnız ölkəyə qeyri-qanuni yollarla girənlərə aiddir. ABŞ-da təxminən 12-15 milyon qeyri-qanuni miqrant var. Tramp demir ki, ABŞ-a heç kim gəlməsin. Deyir ki, gələnlər qanuni yolla gəlsinlər və ABŞ-a fayda verəcək insanlar olsunlar. Böyük dövlət olmaq o demək deyil ki, hər gələn qanunsuz yolla qəbul edilməlidir. Trampı başqa məsələlərdə dəstəkləməsəm də, miqrasiya siyasətini tam dəstəkləyirəm. Hamının əvəzindən danışa bilmərəm. Amma azərbaycanlıların çoxu Trampa səs verib".
Florida ştatının Mayami şəhərində yaşayan Fərid Rəhimli “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, qeyri-qanuni miqrantların yerini müəyyən etmək asan məsələ deyil. O, qeyd etdi ki, qeyri-rəsmi rəqəmlərə görə, ABŞ-da 20 milyon qeyri-qanuni miqrant yaşayır: “Son 3-4 ildə qeyri-qanuni miqrantların sayı artıb. ABŞ-da mütəmadi olaraq miqrantların deportasiyası həyata keçirilir. Barak Obama prezident seçildikdən sonrakı 2 ay ərzində indiki dövrlə müqayisədə daha çox miqrant deportasiya edilmişdi. O ki qaldı həmyerlilərimizə, onlarla bağlı xüsusi ciddi vəziyyət yoxdur. Qeyri-qanuni miqrantların qeydiyyatını aparmaq çox çətindir. Onları tapmaq asan deyil. Qapı-qapı düşüb axtarası deyillər ki?! Prosesi geniş şəkildə aparmaq üçün milyardlarla vəsait xərclənməlidir. Tramp prezident seçildikdən sonra fevralın 21-nə kimi 37,660 nəfər deportasiya olunub. Amma Cozef Baydenin vaxtında hər ay orta hesabla 57 min nəfər deportasiya olunurdu. Təxmini hesablama aparsaq, məsələn, ölkədən 5 milyon miqrant çıxarılmalıdırsa, günə 1200 miqrant deportasiya olunsa, bunun üçün 9 il vaxt lazımdır. Trampın prezidentlik müddəti isə 4 ildir. Ən yaxşı halda, növbəti dəfə də seçilsə, 8 il vaxtı var. ABŞ-dan əsasən kriminal keçmişi olanlar deportasiya olunur. Eyni zamanda ölkəyə qeyri-qanuni yolla daxil olanlar özünü siyasi mühacir kimi təqdim edir. Bu kateqoriyadan olan şəxslərə müvəqqəti yaşama icazəsi verilir. Əgər həqiqətən siyasi qaçqın olduqlarını sübut edə bilməyənlərin deportasiya edilməsinə qərar verir. Bir sözlə, kriminal keçmişi olanlar, müsahibə gününü ötürənlər, müvafiq sənədləri toplaya bilməyənlər deportasiya edilir. Trampın əsas hədəfi cənubi amerikalı kriminal qruplaşma üzvlərini müəyyən edib, onları ölkədən çıxarmaqdır. Hazırda ABŞ-da 3,5 milyon leqal miqrantın müsahibəyə çağırılacağı gözlənilir. Onların 35 faizi müsahibəyə getməyib. İlkin mərhələdə deportasiya olunanlar müsahibədə iştirak etməyən 1,2 milyon nəfər olacaq. Onların arasında azərbaycanlılar da, çinlilər də, başqa millətlərdən olanlar da var”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ