İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan növbəti anti-Azərbaycan qərarı - Konqresin erməni sevgisinin sirri

ABŞ Konqresinin Nümayəndələr Palatası Müdafiə Nazirliyində (Pentaqon) dövlət katibi ilə məsləhətləşmədən sonra “Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı” Konqresə hesabat təqdim etməsini tələb edən düzəlişi qəbul edib.

ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi “2023-cü Maliyyə İli üçün Milli Müdafiə Aktına Dəyişiklikləri (NDAA - HR 7900)” adlı düzəliş konqresmenlər Toni Kardenas və Bred Şerman tərəfindən təqdim edilib və Amerika Erməni Milli Komitəsi tərəfindən dəstəklənib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb. Düzəlişlərə aşağıdakılar daxildir:

1) Azərbaycanın hərbi cinayətlərinin araşdırılmasını tələb etmək;

2) Azərbaycan tərəfindən erməni hərbi əsirlərin dərhal azad edilməsinə çağırış;

3) ABŞ-ın Azərbaycana hərbi yardımının Ermənistanda/Azərbaycanda sülhə təsiri ilə bağlı hesabat hazırlamağa çağırış;

4) ABŞ-ın “F-16" döyüş təyyarələrinin Türkiyəyə satışına məhdudiyyət.

“ANCA Konqres liderlərinə, koalisiya tərəfdaşlarına və bugünkü qələbəni mümkün edən on minlərlə ANCA fəalına təşəkkür edir”, - deyə ANCA rəhbəri Raffi Ambaryan təşəkkür belə edib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında çoxluq hazırda hakim Demokrat Partiyasının əlindədir. Palatanın spikeri Nensi Pelosi qatı ermənipərəst, Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi ilə seçilən siyasətçilərdən sayılır.

Qəbul edilən düzəlişin hansı hüquqi, praktiki təsirləri ola bilər? Qüvvəyə minmək üçün Senatdan da keçməlidirmi?

Bu, hüquqi deyil, siyasi addımdır” -

Hüquq eksperti: “Nümayəndələr Palatasının 2023-cü Maliyyə İli üçün Milli Müdafiə Aktına Dəyişikliklərdə əksini tapan bəndlərin çoxu işlək mexanizmi olmayan bəndlərdir”

Beynəlxalq hüquq üzrə ekspert, siyasi analitik Fərhad Mehdiyev “Yeni Müsavat”a şərhində öncə bildirdi ki, xəbəri Amerika Erməni Milli Komitəsi yayıb: “Ola bilsin ki, ermənilərin yaydığı bu xəbər ya həqiqətə uyğun deyil, ya da müəyyən qədər dəyişdirilərək ictimaiyyət üçün yayılıb. Əgər həqiqətən də Nümayəndələr Palatası belə bir sənəd qəbul edibsə belə, bu, ABŞ-Azərbaycan münasibətlərinə birbaşa ciddi təsir göstərməyəcək. Çünki iki dövlət arasında münasibətlər administrasiyalar arasında, hökumətlər arasında qurulur. Nümayəndələr Palatası isə nə ABŞ Admnistrasiyasıdır, nə də hökumətdir. Buna bənzər sənədlər, düzəlişlər əvvəllər də olub. Lakin Nümayəndələr Palatasının qəbul etdiyi bu tipli sənədlər heç də ABŞ hökuməti, administrasiyası tərəfindən dəstəklənməyib, icra edilməyib. Bu dəfə də belə olacaq.

İkincisi, Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi sənədin hüquqi sənəd halına keçməsi üçün Senat tərəfindən dəstəklənməsi tələbi var. Çünki milli müdafiə və hərbi məsələlərlə bağlı son söz Senata aiddir. Üçüncüsü, Konqresin Nümayəndələr Palatasının 2023-cü Maliyyə İli üçün Milli Müdafiə Aktına Dəyişikliklərdə əksini tapan bəndlərin çoxu əslində işlək mexanizmi olmayan bəndlərdir. Məsələn, “Azərbaycanın hərbi cinayətlərinin araşdırılması”nı tələb etmək. Bu, tamamailə absurddur. Hərbi əməliyyatların məhz Azərbaycan ərazilərində getdiyi bəllidir, bir nəfər də olsun mülki erməni öldürülməyib, Azərbaycan mülki obyektlərə deyil, hərbi obyektlərə zərbə endirib. Bütün bu faktlar ortada ola-ola hansısa hərbi cinayətdən danışmaq əsassızdır. Hərbi cinayətləri, müharibə cinayətini Ermənistan Azərbaycana qarşı törədib. Bunu təsdiqləyən sübutlar, faktlar yetərincə var. Şəxsən mən özüm bu faktların toplandığı bir sayt açmışdım. Orada kifayət qədər videofaktlar var ki, Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətləri tam şəkildə əksini tapır. Azərbaycanlı əsirlərə, yaralılara qarşı ermənilərin hərbi cinayətlər kateqoriyasına aid cinayət əməllərini sübuta yetirən çoxsaylı faktlar mövcuddur. İndi ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycanı heç bir dəlil-sübut olmadan ittiham edirsə, Azərbaycan çoxlu sayda faktlar və sübutlarla Ermənistana qarşı ittiham irəli sürəcək və tələb edəcək ki, araşdırma aparılacaqsa hər iki tərəflə bağlı aparılmalıdır. 44 günlük müharibədə guya Azərbaycanın və Türkiyənin xaricdən muzdlu döyüşçülər gətirdiyi barədə iddialar da tamamailə sübutsuz, əsassız, heç bir fakta söykənməyən iddialardır. Bu iddialar müharibənin gedişi zamanı da səslənirdi, lakin bir dənə də olsun sübut, fakt olmadı ki, iddia təsdiqini tapsın. Çünki Azərbaycan tərəfdə muzdlu döyüşçülər yox idi".

Politoloq: “ABŞ prezidentinin Azərbaycan və Türkiyə ilə strateji yaxınlaşmanı təhdid edən bu layihəyə veto qoymaq hüququ var”

Ekspert qeyd etdi ki, Türkiyəyə “F-16” satışına məhdudiyyət qoyulması barədə bəndə gəlincə, bu da alınası məsələ deyil: “Çünki bilirsiniz ki, Türkiyəni “F-35” proqramından çıxarmışdılar, lakin müəyyən danışıqlardan sonra Türkiyədə “F-16”ların modelləşdirilməsi məsələsi gündəmə gəlib və bu qərardan dönüləcəyi gözlənilmir.

Ümumən yekun olaraq bu qərarın ciddi təsirə sahib olacaq qərar olduğunu düşünmürəm. Sadəcə, ABŞ-dakı erməni lobbisi və diasporu Rusiya-Ukrayna müharibəsinin fonunda aktivləşib və fürsətdən istifadə edib Azərbaycandan müəyyən güzəştlər qoparmağa çalışırlar. Nümayəndələr Palatasına çıxarılan və qəbul edildiyi deyilən həmin sənəd də bununla bağlıdır". 

Digər siyasi analitiklər isə hesab edir ki, ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməli və məsələ ilə bağlı Azərbaycanın etirazı təqdim edilməlidir. Eyni zamanda Azərbaycanın ABŞ-dakı səfirliyinin və şəxsən səfirin özünün fəaliyyətinin zəifliyi, Konqreslə işi düzgün qura bilməməsi ciddi şəkildə qoyulmalıdır. Nümayəndələr Palatasında Azərbaycan əleyhinə düzəlişin qəbul edilməsinin qarşısının alınması istiqamətində konkret hansı işlərin həyata keçirilib-keçirilmədiyi səfirliyimizdən sorulmalıdır. 

İran öz zərərli məzhəb siyasəti ilə Azərbaycana təsir etməyə çalışır -  Politoloq

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ Nümayəndələr Palatasının erməni lobbisinin təhriki ilə qəbul etdiyi layihə Vaşinqtonun strateji maraqlarına qarşıdır: “ABŞ Nümayəndələr Palatası erməni və yunan lobbisinin təhriki ilə Azərbaycan və Türkiyə əleyhinə layihə qəbul edib. 2023-cü il Maliyyə İli üçün Milli Müdafiə Aktına Dəyişikliklər edilib. Bu düzəlişlər birbaşa ABŞ-ın Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh təşəbbüslərinə mane olmağa və Türkiyə ilə Yunanıstan arasında gərginliyə xidmət edir. Bu layihəni qəbul etməklə Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin Türkiyəyə “F-16” qırıcılarının verilməsi ilə bağlı təşəbbüsünə və Ankara ilə normallaşan əlaqələri sual altına qoyur. Həmçinin bu ilin mart ayından başlayaraq ABŞ prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublarda da qeyd olunan  iki ölkə arasında siyasi-iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə zərbə vurur.

ABŞ Nümayəndələr Palatasının erməni və yunan lobbisinin maraqlarından çıxış edərək, bu layihəni qəbul etməsi fonunda Aralıq dənizi və Cənubi Qafqaz regionunda ABŞ-ın geostrateji maraqlarının qarşısını almaqla, Rusiyanın maraqlarına xidmət edir. Bu layihə birbaşa ABŞ-ın xarici siyasətinin əleyhinədir. Nümayəndələr Palatası Pentaqon, Dövlət Departamenti və Ağ Evin regionla yenidən qurduğu əlaqələrin qarşısını alır. ABŞ prezidentinin Azərbaycan və Türkiyə ilə strateji yaxınlaşmanı təhdid edən bu layihəyə veto qoymaq hüququ var. Ağ Evin bu qanun layihəsinə veto qoyması mümkündür. Əks təqdirdə, ABŞ-ın xarici siyasətində regionla bağlı ciddi problemlər yaranacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR