İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Azərbaycana qarşı görünməmiş qərəz - Bakıdan sərt reaksiya

Konqresdə növbəti dəfə ölkəmizə qarşı təxribat hazırlanmaqdadır; bu cür qondarma dinləmələr münasibətlərə ciddi ziyan vura bilər

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi hələ də Qərbin müəyyən dairələrində qəbul edilə, “həzm oluna” bilmir. Halbuki Bakı yalnız beynəlxalq hüquqdan doğan və BMT TŞ-nin məlum qətnamələrinin ona tanıdığı halal haqqını reallaşdırıb, ayrı heç nə. Biz hər hansı ölkənin ərazisinə girməmişik, heç bir etnik təmizləmə aparmamışıq.

Əfsus ki, gözlərini türkofobiya, islamofobiya örtənlər gerçəyi görə bilmirlər. Bu da növbəti fakt.

Xəbər verdiyimiz kimi, erməni lobbistlərinin kök saldığı ABŞ Konqresində Azərbaycana qarşı növbəti təxribat hazırlanır. Məlumatda bildirilir ki, “Sentyabrın 19-da ABŞ Konqresinin İnsan Haqları Komitəsi Azərbaycanın Dağlıq Qarabağda (?! - red.) apardığı etnik təmizləmə (?! - red.) və Dağlıq Qarabağ (?! - red.) ermənilərinə qarşı insan haqlarının pozulması ilə bağlı dinləmələr keçirəcək”. Həmçinin qeyd edilir ki, “Azərbaycan hakimiyyətinə qarşı çıxdıqları üçün repressiya qurbanlarına (?! - red.) çevrilmiş azərbaycanlılar mövzusu da müzakirə olunacaq”.

Məlumatda habelə həyasızcasına iddia edilir: “Tədbir təşkilatçıları xatırladırlar ki, Azərbaycan hökuməti 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ (?! - red.) üzərində tam nəzarəti bərqərar etmək üçün hərbi əməliyyata başladıqdan sonra anklavda etnik ermənilərin vəziyyəti kəskin şəkildə dəyişib. 2023-cü ilin sonunda onların demək olar ki, hamısı Ermənistana qaçıb. Dinləmələrdə açıq-aşkar etnik təmizləmə (?! - red.) və bununla bağlı bir sıra məsələlər, o cümlədən hərbi əsirlərin (?! - red.) və siyasi məhbusların statusu, Dağlıq Qarabağdakı (?! - red.) erməni mədəni obyektlərinin statusu və etnik ermənilərin Dağlıq Qarabağa (?! - red.) qayıtmaq hüququ müzakirə olunacaq. Müzakirə iştirakçıları Konqresə təkliflər təqdim edəcəklər”.

Dinləmələrin Konqres üzvləri, Konqresin əməkdaşları, maraqlı ictimaiyyət və media üçün açıq olacağı bildirilir.

İndi buna nə ad verək? “Dağlıq Qarabağ”, “etnik təmizləmə” ifadələrinə və tarixə diqqət edin - 19 sentyabr. Azərbaycanın Qarabağda 1 günlük antiterror tədbirlərinin ilk ildömümü günü. Yəni tam olaraq Amerika erməni lobbisinin diktə elədiyi bir gündəlik. Sadəcə, Azərbaycanda “siyasi məhbus” adlandırdıqları şəxslərin məsələsini də onun “gözünə” qatmaqla əsas hədəfdən diqqəti yayındırmağa çalışırlar. Halbuki birinci halda söhbət Azərbaycanın öz ərazisində dağıdıcı separatizmin, xunta rejiminin kökünü kəsib ərazi bütövlüyünü bərpa etməsindən gedirsə, ikinci halda universal dəyərlərdən gedir.

Məgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanımır? Azərbaycan öz qanuni ərazisində saysız-hesabsız bəşəri cinayətlər törətmiş və insan haqları hərləməyən erməni ikiayaqlı vəhşi-vandalların, quldur-banditləri neytrallaşdırıb öz suverenliyini bərpa etməli deyildimi? Ardınca soydaşlarımızı öz yurd yerlərinə qaytarmaq haqqımız yox idimi?

Amma gəl ki, hələ də öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın-köçkünlərin taleyi, təməl haqları nədənsə “ədalət yuvası” Konqresin yadına düşmür. 

Bəs qarşıdakı dinləmələrin Azərbaycan üçün hansısa hüquqi nəticəsi ola bilərmi? Bu təxribatçı səylər hara qədər irəliləyə bilər?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Konqresində növbəti dəfə ölkəmizə qarşı təxribat hazırlanmaqdadır: "Burada ötən ilin sentyabr ayında baş vermis hadisələr qərəzli şəkildə müzakirə olunacaq, Azərbaycanı yenidən günahlandırmağa cəhd göstərəcəklər. Erməni lobbisinin təsiri altında olan konqresmenlərin təşəbbüsləri ilə bu dinləmələr keçirilir. Bundan öncə də oxşar proseslər həyata keçirilmişdi və ölkəmiz əleyhinə həyata keçirilən bu fəaliyyət şübhəsiz ki, Azərbaycanla ABŞ arasında olan strateji münasibətlərə də ziyan vuracaq. Digər tərəfdən, mənə belə gəlir ki, bu qondarma dinləmələrin ölkəmiz əleyhinə xüsusi bir hüquqi təsiri olmasa da diqqətə alınmalı məqamdır. Çünki ABŞ-da president seçkiləri yaxınlaşdıqca və çox gərgin seçkilər gözlənildiyi bir məqamda Demokratlar həm də erməni lobbisinin səsini qazanmaq üçün bu cür müzakirələri həyata keçirməkdədirlər və yəqin ki, qarşıdakı aylarda bu cür anti-Azərbaycan müzakirələrinin sayını çoxaltmağa çalışacaqlar. Çirkin kampaniyanı genişləndirəcəklər və bununla sülh prosesinə də bu cür müzakirələrlə mənfi təsir göstərəcəklər”.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Amerika Konqresində qeyd olunan mövzu üzrə müzakirələrin aparılacağı əvvəlcədən də gözlənilirdi. Belə ki, ABŞ-da hələ keçən il anti-terror əməliyyatlarından öncə Konqresdə keçirilən dinləmələrdə Azərbaycan qarşı sərt xəbərdarlıqlar səsləndirilmişdi və Qarabağ erməniləri üzərindən Azərbaycana qarşı planlar qurulurdu, bu mövzu manipulyasiya edilirdi: “Nəzərə alsaq ki, Ermənistanın da o zaman bir formada Azərbaycanla sülh müqaviləsi ilə bağlı aparılan müzakirələrdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələləri, o cümlədən onun təmin olunması üçün beynəlxalq mexanizmlər haqqında söylədiyi fikirlər məhz ona hesablanmışdı ki, başda ABŞ olmaqla, kollektiv Qərbin bir formada Qarabağ bölgəsinə hərbi cəhətdən yerləşməsinə şərait yaradılsın. Azərbaycan bu məkrli planları dəqiq bildiyindən antiterror əməliyyatı apardı və böyük güclərin Qarabağ üzərindən Azərbaycana qarşı qurduqları planı boşa çıxardı. Azərbaycanın yeni reallıqlar yaratmasını Qərbdəki dairələr Azərbaycana bağışlaya bilmirlər. Ona görə də bu məsələlər üzərindən manipulyasiyalar başlanıb. Heç də təsadüfi deyil ki, keçən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauenin Ermənistana, o cümlədən Gorusa səfəri oldu. O bəyan etdi ki, bölgəyə prezident Baydenin tapşırığı ilə gəlib və burada fakt toplamaqla məşğuldur. Hələ o zamandan gözlənilirdi ki, ABŞ məhz Qarabağ erməniləri mövzusundan sui-istifadə edərək Azərbaycana qarşı hansısa təzyiqlər etməyə çalışacaqlar. Biz hazırda məhz bununla qarşılaşmaqdayıq. Qarabağda mülki ermənilərə və mülki obyektlərə heç bir zərər vurulmadığı haqda BMT missiyasının rəyi var. Belə bir rəy ortada olduğu üçün, eləcə də erməni əhalinin könüllü köçdüyünü sübuta yetirən çoxlu sayda materiallar mövcud olduğu üçün Azərbaycana qarşı Konqresin ittihamlarının heç bir əsası yoxdur. Konqresin dinləmələri Azərbaycana, sadəcə, təzyiq xarakteri daşıyır və Azərbaycan tərəfindən qəbul edilmir. Hakimiyyətdə olan Bayden administrasiyası noyabrda keçiriləcək seçkilərdə erməni diasporunun həm maliyyəsindən, həm də səslərindən faydalanmağa çalışır. Ona görə də erməni mövzusu seçkilərdə manipulyativ mövzulardan biri olacaq. Təbii ki, bu cür dinləmələrin keçirilməsi ABŞ-la Azərbaycan arasında münasibətlərə mənfi təsirini göstərməkdədir. ABŞ bölgədə gərginliyin davam etməsində maraqlı görünür. Bunun üçün də ermənilərin silahlanmasına yaşıl işıq yandırıb. ABŞ Güney Qafqazda maraqlarını təmin etmək istəyir”.

O.Qasımov Konqresdə dinləmələrin hüquqi nəticələrə gətirib çıxaracağını hesan etmir: “ABŞ bu mövzunu, sadəcə olaraq, Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə çalışır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR