İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qorxunc ssenari ön plana keçir: Tramp seçkilərə qədər sağ qalacaqmı...

Birinci versiyaya görə, Ağ Ev sahibinə qarşı sui-qəsdlər onun reytinqini yüksəltmək üçün “dərin dövlət”in ikinci qanadının hazırladığı planlı imitasiyadır, ancaq ilk hadisədə Donald Trampın təsadüf nəticəsində sağ qalması bunu şübhə altına salır... İkinci ehtimala görə isə “dərin dövlət”in Kamala Harrisi dəstəkləyən birinci qanadı Donald Trampın qələbəsinə əmin olmağa başlayıb, ona görə də, seçki gününə qədər Ağ Evin keçmiş sahibinin “fiziki cəhətdən zərərsizləşdirilməsinə” qərar verilib...  

ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyi zaman sürətlə yaxınlaşır. Prezident seçkilərinə qalan zaman daraldıqca, ABŞ cəmiyyətində də siyasi-ictimai fəallıq ciddi şəkildə artır və buna paralel olaraq da gərginlik yüksəlir. Halbuki, ABŞ-da keçiriləcək prezident seçkilərinə diqqət yalnız bu superdövlətin hakimiyyətə iddialı siyasi qüvvələrinin maraqları ilə qətiyyən məhdudlaşmır. Hər halda, indi bütün dünya Ağ Evin növbəti sahibinin kimliyini müəyyən edəcək bu seçki prosesini xüsusi həssaslıqla izləyir. Və bu baxımdan, hesab etmək olar ki, ABŞ prezidentliyi uğrunda Tramp-Harris rəqabəti hazırda bütün dünya üçün böyük əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Bayden administrasiyası və ABŞ-ın keçmiş prezidenti Donal Tramp arasında hakimiyyət uğrunda mübarizə son bir neçə il ərzində intensiv xarakter daşıyıb. Bayden administrasiyası Ağ Evin keçmiş sahibinin seçki qələbəsinin real olduğunu nəzərə almaq məcburiyyətini həmişə nəzərə alıb. Ona görə də, bir müddət öncəyə qədər Ağ Ev təmsilçiləri Donald Trampla məhz ABŞ məhkəmələri üzərindən mübarizə aparırdı. Və keçmiş prezidentin hakimiyyətə gedən yolunu bloklamağa çalışırdı.

Məsələ ondadır ki, son dövrlərdə Donald Tramp davamlı olaraq, ona qarşı məhkəmə iddialarından müdafiə olunmaq məcburiyyətində buraxılmaqdaydı. İndiyə qədər Donald Trampa qarşı bir neçə dəfə külli miqdarda vergidən yayınma faktları ilə məhkəmə iddiaları qaldırılıb. Hətta keçmiş prezidentin yüzmilyonlarla dollar məbləğində cərimə ödəməsi barədə qərarlar da çıxarılıb. Və Ağ Evin keçmiş sahibi apellyasiya vasitəsilə bu qərarların bəzilərini puça çıxara bilib.

trump-bayden.jpg (46 KB)

Ancaq daha sonrakı dönəmdə Donald Trampa qarşı başladılan və biabırçı məzmun daşıyan məhkəmə iddiaları onun ictimai nüfuzuna təsirsiz ötüşməyib. Belə ki, bir neçə amerikalı qadın müxtəlif vaxtlarda Ağ Evin keçmiş sahibi tərəfindən təcavizə məruz qaldıqlarını iddia edərək, onun mühakimə edilməsinə nail olublar. Ancaq Donald Tramp bu biabırçı iddiaların hədəfindən də çətinliklə də olsa, yayına bilib. Və indi Bayden administrasiyasının əsas seçki rəqibidir.

Maraqlıdır ki, prezident Co Baydeninin növbəti seçkilərə qatılmaq qərarı qüvvədə olarkən, Donald Tramp siyasi-ictimai təblıiğat məkanında özünü daha rahat hiss edirdi. Çünki ABŞ cəmiyyəti ABŞ-ın gələcək taleyinin yaddaş və sağlamlıq problemləri yaşayan prezident Co Baydenə etibar olunmasını ən real təhlükə hesab edirdi. Ona görə də, Co Baydenin növbəti dörd il üçün prezident olmaması üçün Donald Trampa səs verməyə meyilli görünürdü. Və bu, hakim Demokratlar Partiyasında ciddi siyasi böhrana yol açmaqdaydı.

Təbii ki, demokratlar hakimiyyəti növbəti dörd il üçün də qorumaq üçün prezident Co Baydenin “könüllü” şəkildə seçkiyə qatılmaq iddiasından imtina etməsinə nail oldu. Onun əvəzinə isə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyi təsdiqləndi. Demokratlar Partiyasının ondan imtina etməsi prezident Co Baydeni narazı salsa da, Ağ Ev sahibi öz müavinini – vitse-prezident Kamala Harrisi dəstəkləməyə üstünlük verdi. Və ABŞ-ın son illərdə səhnəarxasından məhz vitse-prezident Kamala Harris tərəfindən idarə olunduğunu da nəzərə alan demokratlar onun təcrübəsinə güvənirlər.

Maraqlıdır ki, prezident Co Baydenin əvəzinə onun müavini Kamala Harrisin namizədliyi başlanğıcda kifayət qədər effektiv oldu. Co Baydenə güvənməyənlərin böyük əksəriyyəti Kamala Harrisi dəstəkləmək niyyətlərini biruzə verməkdəydi. Ona görə də, Kamala Harrisin qısa müddətdə Donald Trampı ictimai rəy sorğularında ciddi şəkildə qabaqlaması qətiyyən gözlənilməz olmadı. Və hətta demokratlar növbəti prezident seçkilərində mütləq qələbənin mümkün olacağına inanmağa da başladılar.

tramp-kamala.JPG (57 KB)

Onu da qeyd etmək lazımdır ki, Donald Trampın seçki düşərgəsi situasiyanın Bayden administrasiyasının xeyrinə dəyişməsindən ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətmirdi. Ona görə də, ictimai rəyin Ağ Evin keçmiş sahibinin xeyrinə dəyişdirilməsi üçün yeni fəaliyyət planı da hazırlamışdı. Ancaq məhz belə qəliz mərhələdə Donald Trampa qarşı sui-qəsd cəhdi respublikaçıların köməyinə çatdı. Və Ağ Evin keçmiş sahibi ictimai rəy sorğularında vitse-prezident Kamala Harris ilə olan fərqi tədricən qapatmağa başladı.

Məsələ ondadır ki, hazırda prezident seçkilərində qələbə şansı hər iki namizəd üçün demək olar, bərabərdir. Çünki Donald Tramp Kamala Harrisi yalnız 2-3 faizlə qabaqlayır. Ancaq bu, Ağ Evin keçmiş sahibinin seçki qələbəsi üçün yetərli olmaya da bilər. Halbuki, Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi barədə yayılan məlumatlar situasiyanı onun xeyrinə dəyişə də bilər. Və bu hadisələrdə ABŞ “dərin dövlət”inin izini axtarmaq həvəskarları da kifayət qədərdir.

Bəzi iddialara görə, son illərdə ABŞ “dərin dövləti” parçalanıb. Bu “dərin güc”ün vaxtilə Co Baydeni prezident seçdirən bir qanadının hazırda Kamala Harrisin qələbəsi üçün çalışdığı bildirilir. Çünki Ukrayna savaşı ilə təzahür edən yeni dünya düzəninin yaradılmasına yönəlik prosesin indiki ssenari üzrə inkişafı həmin “qanad”ın marağında olduğu vurğulanır. Və bu prosesdə savaşlar sayəsində fantastik gəlirlər qazanmış dünyanın nəhəng silah şirkətlərinin də iştirak etdiyi bildirilir.

kamala-tramp.JPG (49 KB)

ABŞ “dərin dövlət”inin digər qanadının isə dünyada mövcud olan indiki situasiyadan qətiyyən məmnun olmadığı iddia olunur. Belə hesab olunur ki, ikinci qanad nəyin bahasına olursa-olsun, Donald Trampın hakimiyyətə gətirilməsində maraqlıdır. Ağ Evin keçmiş sahibinin Ukrayna savaşının qısa müddətdə dayandırılmasına nail olacağı barədə dedikləri ilə yanaşı, digər bütün vədlərinin də məhz ABŞ “dərin dövlət”inin ikinci qanadının maraqlarının ifadəsi olduğu bildirilir. Və bu səbəbdən də, Donald Trampa qarşı sui-qəsdlə bağlı əsasən iki önəmli versiya gündəmə gətirilməyə başlayıb.

Birinci versiyaya görə, Ağ Ev sahibinə qarşı sui-qəsd onun reytinqini yüksəltmək üçün “dərin dövlət”in ikinci qanadının hazırladığı planlı imitasiyadır. Ancaq ilk sui-qəsd hadisəsi zamanı Donald Trampın təsadüf nəticəsində sağ qalması bu versiya ilə bağlı şübhələri artırır. Çünki snayperin açdığı atəşlə qulağından yaralanan Donald Tramp başından da vurula bilərdi. Və bu baxımdan, ABŞ-ın keçmiş prezidentinə qarşı sui-qəsdin imitasiya ola biləcəyinə yönəlik ehtimallar inandırıcı hesab edilmir.

İkinci ehtimala görə isə “dərin dövlət”in Kamala Harrisi dəstəkləyən birinci qanadı Donald Trampın seçki qələbəsinə əmin olmağa başlayıb. Ona görə də, seçki gününə qədər Ağ Evin keçmiş sahibinin “fiziki cəhətdən zərərsizləşdirilməsinə” qərar verilib. Bu baxımdan, Qərbdə bəzi ekspertlər hesab edirlər ki, Donald Trampın seçki qələbəsi qaçılmaz görüntülər alarsa, onun “dərin güclər” tərəfindən sıradan çıxarılma ehtimalı qətiyyən istisna deyil. ABŞ tarixində analoji metodlardan istifadə təcrübəsinin olduğu da inkaredilməz reallıqdır. Və bu baxımdan, bütün seçki dövrünün Donald Trampın həyatına real təhlükənin aktual olaraq, qalacağı vurğulanır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR