İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da iş yerləri artıb, ticarət kəsiri azalıb – FED nə edəcək?

Sentyabrda ABŞ iqtisadiyyatında iş yerlərinin sayında rekord sayda - 336 min artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, ölkənin Əmək Nazirliyinin məlumatına görə, bu, son 8 ayda ən yüksək göstəricidir.

"Trading Economics" ekspertləri orta hesabla 170 min artım gözləyirdilər. Yenidən işlənmiş məlumatlara görə, avqustda ABŞ-da iş yerlərinin sayı əvvəllər elan olunduğu kimi 157 min yox, 227 min artıb.

İş yerlərinin artmasına baxmayaraq, sentyabrda ABŞ-da işsizlik səviyyəsi avqustda olduğu kimi 3,8 faiz təşkil edib. Analitiklər bu rəqəmin 3,7 faizə qədər azalacağını gözləyirdilər.

ABŞ-dan gələn daha bir pozitiv xəbər xarici ticarət kəsirinin avqustda əvvəlki ayla müqayisədə demək olar ki, 10 faiz azalaraq 58,3 milyard dollar təşkil etməsidir. Ölkənin Ticarət Nazirliyi bildirir ki, bu, 3 il ərzində - 2020-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Yenidən işlənmiş məlumatlara görə, iyulda mənfi ticarət saldosu əvvəllər elan edildiyi kimi 65 milyard dollar deyil, 64,7 milyard dollar təşkil edib.

"Trading Economics"in məlumatına görə, analitiklər orta hesabla avqustda bu rəqəmin 62,3 milyard dollar təşkil edəcəyini, yəni 4,2 faiz azalacağını proqnozlaşdırırdılar.

Avqust ayında ixrac 1,6 faiz artaraq 256 milyard dollara çatıb ki, bu da son 5 ayın ən yüksək həcmidir. İxracın artımında neft və neft məhsulları, yarımkeçirici məmulatları və əczaçılıq məhsullarının payı daha çox olub.

Eyni zamanda idxal 0,7 faiz azalaraq 314,3 milyard ABŞ dolları təşkil edib. Bu zaman telefon və elektrik cihazlarının alışının daha çox azalması qeydə alınıb. Ötən ay əmtəə ticarəti kəsiri 5,5 milyard dollar azalaraq 84,5 milyard dollara düşüb, xidmətlər üzrə müsbət saldo isə 1 milyard dollar artaraq 26,2 milyard dollara çatıb.

Çinlə ticarət kəsiri 1,3 milyard dollar azalaraq 22,7 milyard dollar olub. Yanvar-avqust aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalıb. Bununla yanaşı, ixrac 1,1 faiz artıb, idxal isə 4,3 faiz azalıb.

Qeyd edək ki, ABŞ iqtisadiyyatı və əmək bazarına dair göstəricilər xammal bazarları üçün istiqamətləndirici rol oynayır. Hər iki sahədə göstəricilərin yaxşılaşması Federal Ehtiyatlar Sisteminin noyabr toplantısında uçot dərəcəsini bir daha artırması ehtimalını yüksəldir ki, bu da xammal bazarları üçün mənfi siqnal hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR