Onlayn ictimai-siyasi qəzet
"İndi Trampa və digər respublikaçı xadimlərə təklif edilsə ki, gəlin vətəndaşların silahlanma hüququnu məhdudlaşdıraq, qəti etiraz edərlər".
Musavat.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ-da prezidentliyə namizəd Donald Trampa atəş açılmasını şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, ABŞ dünyanın ən silahlı ölkəsidir:
"Dünya üzrə mülki əhalidə olan silahların 42 faizi amerikalıların payına düşür. Ümumilikdə ABŞ vətəndaşlarının əlində təxminən 400 milyon ədəd (bəzi məlumatlara görə, daha çox) silah olduğu güman edilir. Əhalinin hər 100 nəfərinə azı 120 silah düşür. Hər ay ölkədə 1 milyon ədəddən çox silah satılır, hər gün 100-ə yaxın adam silahlı insidentlər zamanı ölür".
Ş.Cəfərli bildirib ki, demokratlar avtomatik silahların satışının qadağan olunması, 21 yaşa qədər olan vətəndaşların silah əldə etmə hüququndan məhrum olunmasını təklif etsələr də, respublikaçılar bu cür təkliflərə yaxın durmur:
"Məsələn, Trampa atəş açan şəxs (respublikaçı Tomas Metyu Kruks) 20 yaşında idi və AR-15 tipli yarımavtomatik silahdan istifadə edib. Respublikaçılar bu məsələdə Konstitusiyadakı 2-ci düzəlişə istinad edirlər. 2-ci düzəliş 1789-cu ilin sentyabrında qurucu atalardan olan Ceyms Medison tərəfindən hazırlanaraq Konqresə təqdim olunmuş və 1791-ci ildə qüvvəyə minmiş 10 düzəlişdən ibarət "Hüquqlar haqqında Bill" (Bill of Rights) aktında əksini tapıb. Düzəlişdə deyilir ki, azad dövlətin (yəni ştatın) təhlükəsizliyi üçün yaxşı təşkil olunmuş milis gücünə ehtiyac olduğu üçün xalqın silah saxlamaq və gəzdirmək hüququ məhdudlaşdırıla bilməz. Bu düzəliş o vaxt xalqın yerli və mərkəzi hökumət tərəfindən əzilməsi, zorakılığa məruz qalması ehtimalına qarşı düşünülmüşdü. Qurucu atalar yaratdıqları dövlətin nə vaxtsa zorakı aparata çevriləcəyindən ehtiyatlanırdılar və Hüquqlar haqqında Bill buna qarşı bir növ qoruyucu mexanizm kimi nəzərdə tutulmuşdu.
Bu baxımdan respublikaçıların mövqeyi hüquqi baxımdan əsassız deyil. ABŞ silah baronları və onların lobbiçiləri ənənəvi olaraq respublikaçılara daha yaxındır. Bu sahədə fəaliyyət göstərən ən nəhəng struktur Milli Atıcılar Assosiasiyası (The National Rifle Association - NRA) adlı qurumdur. Bu təşkilat respublikaçı sosial-siyasi ekosistemdə ciddi ağırlığa malikdir və 5 milyon üzvü var. NRA seçkilərdə respublikaçı namizədlərin kampaniyasına fəal dəstək verir, onlar üçün ianələr toplayır. NRA 2016-cı ildə Donald Trampın qələbəsində rol oynayıb, indi də onu dəstəkləyir".
Politoloqa görə, yaxın və ortamüddətli perspektivdə silahlanma problemi ilə bağlı ABŞ-da siyasi kompromis əldə olunması ehtimalı çox azdır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ