İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ da Araikin dəstəsinin “qələmini qırdı”: “Ya amnistiya, ya da...”

Dövlət Departamenti separatçılarla bağlı mümkün amnistiya qərarını alqışlasa da, qondarma rejim bu humanist çağırışı açıq təhdid kimi qiymətləndirib

Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Bakı ilə İrəvan arasında danışıqlarla bağlı bəyanatında çox ilginc bir məqam diqqəti çəkib. Dövlət Departamentinin sözçüsü “biz amnistiya məsələsinə baxılması ilə bağlı prezident Əliyevin son fikirlərini alqışlayırıq” deyib.

Xatırladaq ki, mayın 28-də Laçında İlham Əliyev Qarabağ separatçılarını istefaya getməyə və Azərbaycanın qanunlarını tanımağa çağırıb. İ.Əliyev “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə  göndərmişik.

Ona görə də, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər" deyib.

ABŞ separatçılarla bağlı mümkün amnistiya qərarını alqışlasa da,  qondarma rejim bu humanist çağırışı “artsax xalqına və hakimiyyətinə açıq təhdid” kimi qiymətləndirib, “Azərbaycanı  beynəlxalq hüququn normaları və beynəlxalq öhdəlikləri pozmaqda” suçlayacaq qədər irəli gedib. 

İddia ediblər ki, guya qondarma parlament  və prezidenti “xalq demokratik yolla seçib və fəaliyyətlərini davam etdirəcəklər”.

İrəvanda da verilən bəyanatdan narahat olublar. Ermənistan XİN  bəyanatı Prezident Əliyevin səsləndirdiyi fikirlərə və yaranmış situasiyaya adekvat hesab etmir: “Hesab edirik ki, Birləşmiş Ştatlar elan etdiyi demokratiya və insan hüquqlarının müdafiəsi dəyərlərinə, eləcə də regionda davamlı sülhün bərqərar olunması prosesinə sadiqliyinə və iştirakına əsaslanaraq, bu bəyanatlara müvafiq reaksiya bildirməlidir”.

ABŞ Dövlət Departamentinin bu mövqeyi Prezident Əliyevə tam dəstək kimi qəbul edilməlidir. Amma burada daha bir mühüm nəticə də var. Bu separatçılara və Ermənistana o mesajdır ki, ABŞ heç bir halda Xankəndidəki separatçı qurumları tanımayacaq və onların “özünü buraxmasını” gözləyir. Bu, əlbəttə ki, xüsusilə ermənipərəst konqresmenlərinə və erməni lobbisinə də vurulmuş zərbədir. Bu mövqe həm də onu göstərir ki, ermənilər “deportasiya” barədə hay-küylərinə baxmayaraq, separatçı rejimin gec-tez qondarma qurumları ya özü ləğv ediləcək, ya da Bakı onları buna məcbur edəcək.

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında dedi ki,  ABŞ Dövlət Departamenti Ağ Evin mövqeyi ifadə edib: “Xankəndidəki qondarma "hökumətə" gəlincə, separatçılar sonlarının gəldiyinin fərqindədir. İndiki məqamda yeganə ümid guya o “qurumların” və “vəzifəlilərin” “demokrarik yolla”, “qanuni” formada seçilməsi barədə İrəvanda irəli sürülən tezislərə söykənməyə qalıb. Lakin bu, Bakı üçün narahatlıq yaradacaq imkan və əhəmiyyətə malik tezislər deyil və o saxta strukturları könüllü buraxmaq separatçıların amnistiya üçün yeganə yoludur. Yəni Xankəndidəki separatçıların İrəvanın tezisi üzrə Qərbdən hansısa dəstək gözləməsi əbəsdir. İlk növbədə Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqildir və bu, Bakıya imkan verir ki, istənilən xarici təsiri neytrallaşdırsın. İkincisi, ABŞ Prezidenti Co Bayden “Xəzər neft və qazı” adlı ənənəvi beynəlxalq sərginin açılışı münasibətilə Bakıya göndərdiyi məktubunda açıq formada ifadə etdi ki, “...qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq”.

Bu mənada əminliklə demək olar ki, cənab İlham Əliyevin Laçın bəyanatı hücum doktrinasının ən uğurlu elementlərindən biri oldu və gələn reaksiyalar Laçından atılan oxun hədəfə dəydiyini göstərir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanın sülh təklifini Rusiyadan daha səmimi sayır: “ABŞ üçün Cənubi Qafqazda sülh lazımdır ki, Rusiyanı bu regiondan çıxarsın. Azərbaycan və Ermənistanla sülh müqaviləsi imzalanandan sonra Azərbaycan tələb edəcək ki, Rusiya sülhməramlılarını Qarabağdan çıxarsın. Sonra Ermənistan da rus hərbçilərini Gümrüdəki hərbi bazasından çıxaracaq. ABŞ-dan gələn məlum açıqlamadan sonra ermənilər həyəcan siqnalı çalıblar. Görünür, amerikalıların bu cür mövqeyini bədnam qonşularımız gözləmirdi. Azərbaycan-ABŞ münasibətlərində son dönəmlər bir yaxınlaşma sezilir. Təbii ki, Vaşinqtonun da bölgədə öz maraqları var. Azərbaycanla münasibətləri qurmaq vasitəsilə və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinə nail olmaqla amerikalılar Cənubi Qafqazda mövqelərinin güclənməsinə və Rusiyanı regionumuzdan tam çıxarmağa çalışır. Etiraf edək ki, Vaşinqtonun bu planı Bakıya da, İrəvana da sərf edir. ABŞ təklif etdiyi sülh müqaviləsində əsasən də Azərbaycanı razı salmağa çalışır. Bununla da bu məsələdə Rusiyanı üstələmək istəyirlər. Əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ABŞ vasitəsilə ilə imzalansa, bu, Vaşinqtonun Moskva üzərində ciddi qələbəsi olacaq. Bunu Kremldə də bilməmiş deyillər və ona görə də hər vasitə ilə buna mane olmağa çalışırlar”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Azərbaycanın beynəlxalq aləmdə mövqeyini qəbul etdirdiyini söylədi: “Amnistiya çağırışı əslində beynəlxalq müstəvidə Bakıdan edilən xahişdir və Prezident çıxışında bu məqamı vurğuladı. Bu o deməkdir ki, Azərbaycan Qarabağda suverenliyinə qarşı heç bir təhdidə imkan verməyəcəyinə dair qəti mövqeyini beynəlxalq müstəvidə qəbul etdirə bilib və yalnız təslim olacaqları təqdirdə amnistiya haqqında düşünə bilər. Bu, Qarabağda yeni vəziyyət yaradır. Birincisi, separatçıların beynəlxalq müstəvidə dəstək əldə etmək imkanı sıradan çıxır; ikincisi, onların təxribat törədərək, "Azərbaycan erməni əhalisinə soyqırım edir" iddiası beynəlxalq müstəvidə adekvat münasibətlə qarşılanmayacaq, çünki ortada Bakının təklif etdiyi real təkliflər var; üçüncüsü, amnistiya çağırışına məhəl qoymayan separatçılara qarşı Bakının praktiki addımlarının beynəlxalq müstəvidə legitimliyi güclənir. Bununla yanaşı, Bakının amnistiya çağırışı erməni əhalisinin Azərbaycana inteqrasiya edəcəkləri təqdirdə problemlə üzləşməyəcəklərinə inamını artıracaq. Adətən separatçılar erməni əhalisinin inteqrasiya fikirlərini “Azərbaycan sizi cəzalandıracaq” təbliğatı ilə baltalamağa çalışırlar. Rəsmi Bakı bununla erməni əhalisinə də mesaj verdi. Prezident İlham Əliyevin amnistiya çağırışının ABŞ tərəfindən dəstəklənməsi danışıqlar masasında Ermənistanın da iddialarını alt-üst edir. Proseslər qarşıdakı dövrdə Qarabağda separatizmin ləğvi prosesini görə biləcəyimizi deməyə əsas verir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR