Onlayn ictimai-siyasi qəzet
Anti-Azərbaycan mövqeyi ilə tanınan amerikalı hərbçinin geridönüşünün səbəbi; Ağ Ev administrasiyası “ziyanın yarısından” qayıtmağa qərar verdi; Blinkenin Əliyevə telefon zəngindən ortaya çıxan nəticələr - ilginc açıqlamalar
Postmüharibə dövründə ABŞ-ın Azərbaycana qarşı yanlış siyasəti “yüksələn xətlə” inkişaf etdi. Məqsəd Azərbaycanı onların diqtəsilə hərəkət etdirmək, siyasi və geosiyasi maraqlarını həm də bizim üzərimizdən reallaşdırmaq idi.
Ancaq unutdular ki, Azərbaycan idarəolunan dövlət deyil, müstəqil, qalib dövlətdir. Nəhayət, durum bundan ibarət oldu ki, münasibətlər son dərəcə kəskinləşdi. Əlbəttə, bu vəziyyət Amerikanı narahat etməyə bilməzdi. Bir daha gördülər ki, Azərbaycanı təhdidlə, təzyiqlə qorxutmaq, doğru siyasi kursdan çəkindirmək mümkün deyil. Fakt bundan ibarətdir ki, ABŞ Azərbaycanla münasibətləri daha da kəskinləşməkdən sığortalamaq üçün müəyyən addımlar atmağa başladı. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərkən aparılan müzakirə və əldə olunan anlaşmalar bunu deməyə əsas verir. Faktiki ABŞ öz təzyiq mövqeyindən geri çəkilib. Azərbaycan öz mövqeyində qətidir, prinsipialdır və bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır. Bir daha təsdiq olundu ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Bir incə məqam da bundan ibarətdir: Blinkenin yanaşması da göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar. Telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırıb. Qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Hər halda, zahirən belə görünür ki, O’Braynın simasında anti-Azərbaycan mövqeyi ilə tanınan amerikalı rəsmi qəfildən geridönüş etməsi səbəbsiz deyil. Əks təqdirdə, 15 noyabrdakı dinləmələrdə Azərbaycanla əvvəlki münasibətlərin olmayacağı ilə təhdid edən dövlət katibinin köməkçisi niyə Azərbaycana buraxılmaq üçün icazə istəsin? Belə görünür ki, məsələ, erməni lobbisinin küyünə gedib, aranı qarışdıran köməkçinin səlahiyyətlərinə daxil deyil, ümumiyyətlə, Ağ Ev administrasiyası Azərbaycanla bağlı imza atdığı “ziyanın yarısından” qayıtmağa qərar verib. Bəs əgər ABŞ bu telefon danışığındakı anlaşmaya əməl edərsə, Amerika ilə münasibətlər düzələ bilərmi? Qarşıda hansı nəticələri görə bilərik? ABŞ səhvini başa düşdümü? Bir daha onu anladımı ki, bölgədə Azərbaycan çox vacib dövlətdir və onunla təhdid dilində danışmaq yox, yalnız əməkdaşlıq etmək mümkündür? Bundan sonra səmimi olacaqlarını gözləyəkmi?
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirdi ki, ABŞ-ın rəsmi dairələri tərəfindən son vaxtlarda uğradığı ədalətsizliklər və təhdidlər qarşısında Azərbaycanın dik duruşu Ağ Evin siyasətində müəyyən dəyişikliklərə səbəb olub: “ABŞ dövlətinin Azərbaycanla bağlı apardığı siyasətin fiaskoya uğrayacağı gözlənilən idi, çünki Azərbaycanın regional məsələlərdə heç bir beynəlxalq hüququ pozmadığı bilinirdi. Əgər Amerika Cənubi Qafqazda sabitliyin bərpa olunmasında səmimi idisə, Ermənistanın iddialarını deyil, Azərbaycanın haqlı dövlət prinsiplərini əsas almalı, bəzi həssas mövzularda ermənipərəst mövqedən çıxış etməməli idi. ABŞ-ın Cənubi Qafqazda Ermənistana "stavka" etməsinin yanlış olduğu ortaya çıxınca, o, artıq Azərbaycan və Ermənistan siyasətlərinə korrektə etmək məcburiyyəti yaratdı və Amerikada düşünürdülər ki, Ermənistanla bağlı gəlişmələri bəhanə edərək Azərbaycana bəzi şeyləri qəbul etdirmək mümkün olacaq. Təbii ki, Azərbaycan buna gedə bilməzdi. Şübhəsiz, bu təzyiqlərin kökündə Rusiyanın bölgədə təsir imkanlarının zəiflədilməsi və onun bölgədən çıxarılması planlarının həyata keçirilməsi durur, ABŞ Ermənistanı öz tərəfinə çəkməklə bunu etməyə çalışır. Amma Azərbaycana təzyiq etməklə bu planın işləməsi ağlabatan deyildi, gərək bu, əvvəldən anlaşılaydı". Q.Çaxmaqlı əmindir ki, heç Ermənistanı haqlı-haqsız dəstəkləməklə də bu plan işləməyəcək: “Amerika rəsmiləri ilə son telefon danışıqları və təmaslar göstərir ki, Azərbaycanla əməkdaşlıq yolu seçilsə, hər iki ölkənin yararına olar. Azərbaycanın əleyhinə erməni lobbisinin diqtəsi ilə hər hansı təzyiqin dövlətimizi doğru bildiyi prinsiplərdən vaz keçirməyə yetmədiyini, nəhayət, anladılar. Hesab edirəm bunu Kremldə də başa düşüblər. Rəsmi İrəvan da son günlər sülh sazişi ilə bağlı bəyanlarında bunu anlamış kimi görünür. Amerikaya bu bölgədə sabitlik lazımdırsa, onu Azərbaycanla müzakirə etməlidir, Ermənistanla deyil. Təbii ki, bölgənin gələcək taleyinə məsul olan dövlətlərin, əsasən də Türkiyənin iradəsi nəzərə alınmalıdır. Amerika Azərbaycanla əməkdaşlığa açıq olmalıdır, çünki Azərbaycan bir çox məsələlərdə diplomatik dik duruşu ilə seçilən dövlət olduğunu göstərdi. Onunla təhdid dilində danışmaq ikili münasibətlərə yalnız zərər verə bilər. Hesab edirəm ki, yaxın vaxtlarda ABŞ-la ölkəmizin yeni əməkdaşlıq səhifələri açılacaq və bu, Azərbaycanı bölgənin əsas dövlətlərindən birinə çevirəcək”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da ABŞ-dakı bəzi çevrələrin Azərbaycanla bağlı yanlışa yol verdiyini dərk etdiyi qənaətindədir: “ABŞ dövlət katibi Entoni Blinken köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng edib. Bu zəngə ehtiyac var idi, əks halda, münasibətlər gərginləşməkdə davam edəcəkdi ki, bu, nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms O’Braynın çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən faktiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms O’Brayn Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verib”.
Analitikin sözlərinə görə, Ceyms O’Brayn dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəlki axarına qaytara bilsin: “Hər halda, Ceyms O’Brayn və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır. ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərdir əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir”.
İlyas Hüseynov
STM-in sektor müdiri, politoloq İlyas Hüseynov isə vurğuladı ki, Azərbaycanın prinsipial mövqeyi, güclü siyasi iradəsi dünyanın bütün dövlətlərinə məlumdur: “Prezident İlham Əliyev xarici və daxili siyasətin formalaşmasında milli maraqları hər zaman rəhbər tutur. Bizim üçün ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq qırmızı çizgilərdir. ABŞ-ın güclü dövlət olması o demək deyil ki, sehrli çubuqla Cənubi Qafqazda istənilər dəyişiklikləri edə bilər. Bununla yanaşı, Cənubi Qafqazda Azərbaycan enerji, nəqliyyat, iqtisadi, geosiyasi cəhətdən ən mühüm ölkədir. Bizim iştirakımız olmadan hər hansı layihənin icrası mümkün deyil. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olmasında Azərbaycanın mövqeyi ABŞ strateqlərinə də məlumdur. Vaxtilə Zbiqnev Bjezinski Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsinin əsas tərəfdarı kimi çıxış edirdi. Bu gün qalib Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq olmaz. Bunu ABŞ Dövlət katibi Entoni Blinken də yaxşı anlayır”. İ.Hüseynov qeyd etdi ki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngindən sonra yayılan press-reliz də dediklərimizi təsdiqləyir: “Azərbaycan öz mövqeyində çox qətidir, prinsipialdır və bu mövqeyi sona kimi müdafiə etməkdə maraqlıdır. Düşünürəm ki, rəsmi Vaşinqton ölkəmizə qarşı səhv mövqedə durduğunu nəhayət ki, anladı. Erməni lobbisi və revanşist qüvvələr Azərbaycan-ABŞ münasibətlərinə bundan sonra da zərbə vurmaqda davam etsələr də, görünən budur ki, siyasətdə praqmatizm və rasional formada reallıqlardan çıxış edərək qurulan siyasi straregiya ABŞ siyasəti üçün prioritet olacaq”.
Gözləyək, qarşıdakı dönəmdə ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı proseslərin tez başa çatması, yaxud gözlənilən qarşılıqlı səfərlərdəki atmosfer münasibətlərlə bağlı daha aydın təsəvvür formalaşdıra bilər...
E.Paşasoy,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ