İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycandakı ən böyük əfvdən niyə narazı qalıb?

Səfirlik “bir çox insanın hələ də həbsdə qaldığını” bəyan edir, amma kimləri nəzərdə tutduqlarını açıqlamır 

Birləşmiş Ştatlar mayın 8-də verilmiş əfv sərəncamını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. “Təəssüflər olsun ki, sözügedən hüquqlardan yararlandıqlarına görə bir çox insanlar hələ də həbsdə qalır. Biz Azərbaycanı ölkənin konstitusiyası və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun olaraq bu şəxsləri azad etməyə, habelə vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün əlavə addımlar atmağa çağırırıq”, - deyə “Turan”ın yaydığı məlumatda qeyd edilir.

Prezident İlham Əliyevin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bununla yanaşı, sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib. Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer alıb, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilib. Bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan  tarixində ən böyük əfv aktıdır. Amma göründüyü kimi, ABŞ səfirliyi yenə də “bir çox insan hələ də həbsdə qalır” deyərək, sərəncamın əhəmiyyətini kölgələməyə çalışır. ABŞ səfirliyi konkret kimləri nəzərdə tutduqlarını isə açıqlamayıb. 

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirliyinin əfv fərmanına mövqeyi ikibaşlıdır. Bir tərəfdən bu əfvi alqışladıqlarını, o biri tərəfdən kimlərinsə adının olmamasından təəssüfləndiklərini bildirərək ziddiyyətli bəyanat yayıblar: “Bir çox insanın hələ də həbsdə qalması deyilir. Söhbət kimlərdən gedir, bu isə başa düşülmür. Müstəqil Azərbaycan tarixində ilk dəfə bu qədər çoxsaylı insanı əhatə edən əfvdə ABŞ səfirliyi yenə də nə isə axtarırsa, bu, başadüşülən deyil. Həbsdə olan şəxslərin azadlığa qovuşması üçün bir neçə kriteriya var. Ya cəzasının müəyyən hissəsini çəkərək vaxtından əvvəl azad olunmalıdırlar, ya amnistiya aktının təsir dairəsinə, ya da ölkə Prezidentinin müstəsna hüququ olan əfv fərmanının təsiri altına düşə bilərlər. İndiyə qədər verilmiş 69 əfv fərmanında 10 minə yaxın insan azadlığa qovuşub. ABŞ-ın özündə əfv fərmanı hər il olmur, bir neçə ildən bir olur. Rusiyada əfv fərmanları verilərkən maksimum 100-150 məhkum onun təsiri altına düşür. Azərbaycanda bir əfv fərmanının təsir dairəsinə 801 nəfərin düşməsi Azərbaycan Prezidentinin humanistliyinin bariz nümunəsidir. Ona görə də bu cür humanist addımın içərisində nələrsə axtarmaq düzgün və ədalətli deyil. Belə görünür ki, məqsəd bu cür humanist aktın dəyərini azaltmağa, onu kölgə altına salmağa hesablanıb”. 

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az

 Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, dünyada özünü demokratiyanın zirvəsi, demokratiyanın beşiyi hesab edən ölkələrdə belə, Azərbaycanda olduğu qədər humanist əfv sərəncamları verilmir: “Bir əfv sərəncamının 801 nəfərə şamil olunması böyük humanizm nümunəsidir. ABŞ yaxşı olar ki, məsələyə obyektiv yanaşsın. Təəssüf ki, hətta bu qədər böyük əhatəli əfvə də birmənalı yanaşmaı ortaya qoymurlar. İkincisi, Azərbaycan dövləti bu humanist addımları öz vətəndaşlarının azadlıq hüququndan istifadəsinə hörmət olaraq, onların ailələrinə qovuşması üçün atır, hansısa xarici dövlətin və ya təşkilatın necə qiymətləndirməsinə görə yox. Bizim üçün əsas öz vətəndaşlarımızın mövqeyidir. Azərbaycan xalqı isə bu əfv fərmanını alqışlayır və böyük humanizm aktı kimi qəbul edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR