İnsanlara hürriyət, millətlərə istiqlal!

Abi, BRİCS sənin nəyinə lazımdır?..

Əvvəlcə onu deyək ki, ölkəmizdə qardaş Türkiyəyə rəğbət və inam o qədər böyükdür ki, Ankara rəsmiləri nə deyirlərsə, bunu dərhal mütləq həqiqət kimi qəbul edirik.

Yada salaq ki, Türkiyənin NATO-dan çıxacağı, nə bilim, Şanxay Əməkdaşlıq Təşkilatına, hətta Avrasiya İqtisadi Birliyinə üzv olacağı haqqında “proqnoz”lar, öncəgörmələr səslənəndə də bunu “ən düzgün addım” kimi qiymətləndirmiş, Türkiyənin yalnız bu yolla özünün keçmiş müttəfiqlərini –ABŞ-ı və Avropanı cəzalandıra biləcəyini düşünmüşdük.

BRİCS haqqında söhbətlər başlayan kimi də belə oldu: eşidəndə ki, Ankara tezliklə bu təşkilatda “müşahidəçi dövlət” statusunu ala bilər, başladıq ki, guya “Türkiyə NATO-ya sığmır”, guya yalnız bu yolla Ankara daha “geniş fəaliyyət məkanı” qazana bilər, guya yalnız bundan sonra ABŞ və Avropa hansı ölkəni itirdiklərinin, necə bir müttəfiqdən özlərini məhrum etdiklərinin fərqində ola bilərlər...

Amma bir az irəli qaçaraq deyə bilərik ki, bu BRİCS söhbətinin ciddiliyinə inanmırıq. Birincisi, ona görə ki, bunun nə olduğu məlum deyil. Bu nədir? Yeni geosiyasi ittifaq, yoxsa geoiqtisadi birlik? Onun hansı funksional-işlək mexanizmləri var? O, üzvlərinə hansı dividendlər vəd edir? Etiraf edək ki, bütün bu sualların çoxunun hələ dəqiq-dürüst cavabı yoxdur. Bəlli olanı budur ki, bu cür geosiyasi formatlardan udan bir ölkə varsa, o da hələ Rusiyadır – o da şərti olaraq! Ona görə ki, səhv etmiriksə, ötən il Rusiya prezidenti təşkilatın Cənubi Afrikada keçirilən toplantısına qatıla bilmədi. Ona görə ki, V.Putin həbs olunaraq, Beynəlxalq Məhkəmə qarşısına çıxarılamasını istəmədi – üzv dövlətlər ona bununla bağlı təminatı verə bilmədilər...

İkincisi, vaxtilə Türkiyənin NATO-dan da çıxacağı deyilir, onun hətta Avrasiya Birliyinə üzv olacağı bildirilirdi. Oxşar “proqnozlar” İranla da bağlı verilirdi ki, guya o da Avrasiya Birliyinə üzv olmağın yollarını arayır! Amma nə oldu? Hələ də ortalıqda bir şey yoxdur – iqtisadi çətinliklərə, sanksiyalara baxmayaraq, İran hələ ki, Rusiyanın geosiyasi müstəvisində yoxdur...

Üçüncüsü, Türkiyəyə geosiyasi çəki verən məqamlardan biri də elə onun NATO üzvü olması deyilmi? Axı Ankara Çin kimi Dünyanın birinci iqtisadiyyatı, Rusiya kimi ikinci nüvə dövləti deyil! Çin Dünyanın ən əsas iqtisadi güclərindən biri olsa da, böyük bir orduya malik olsa da (buna onun nəhəng demoqrafik resursları imkan verir!) aparıcı geosiyasi qütb kimi hələ də özünü təsdiq edə bilməyib, çünki NATO kimi hərbi infrastrukturu və geniş müttəfiqlər şəbəkəsi yoxdur...

Bəs onda axı bu BRİCS söhbətləri nə məsələdir? Bizə elə gəlir ki, Türkiyə rəsmiləri özləri periodik olaraq belə bəyanatlar verirlər ki, ABŞ-a və yaxud da Avropa ölkələrinə müəyyən mesajlar verə bilsinlər, hətta onlara təzyiq göstərsinlər, çünki Türkiyənin öz ənənəvi müttəfiqlərilə münasibətlərində müəyyən problemlər var. ABŞ-la bu problemlər hətta hərbi-texniki əməkdaşlıq sferasına qədər çatıb və bu sahədəki problemlər hamıya məlumdur – bura F-16-ları da, “Petriot”ları da əlavə etmək mümkündür. Eləcə də dünyanın və regionun problemlərinə baxışda çox ciddi fikir ayrılıqları var: Ankara Yaxın Şərq məsələlərində on illərdir ki, tamamilə fərqli siyasət yürüdür. Onun İranla, hətta Rusiya ilə tamamilə fərqli münasibətləri, ABŞ - ın siyasətilə üst-üstə düşməyən mövqeləri vardır...

O ki qaldı Avropa ölkələrinə, burada da bir xeyli problemlər mövcuddur. Ankara hələ 1999-cu ildən Avropa İttifaqına namizəd-dövlətdi və demək olar ki, proses o vaxtdan dondurulub və heç bir irələliş yoxdur. Ayrı-ayrı Avropa ölkələrilə də ciddi problemlər var: kimi Türkiyəyə silah satmır, kimi PKK-ı dəstəkləyir! Əlbəttə, vəziyyət təkcə “qara boya”lardan ibarət deyil – hər halda, Ankara Aİ-nın Gömrük İttifaqı fəzasına daxildir, əlavə olaraq deyək ki, Türkiyə ixracının əlli faizdən çoxu Avropa ölkələrilə bağlıdır. Bəli, bütün bunlar yenə də onu deməyə imkan verir ki, arabir ABŞ-ı və Avropa ölkələrini “silkələmək” lazımdır ki, onlar qarşılarında kimin olduğunun fərqində bulunsunlar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR