Onlayn ictimai-siyasi qəzet
“Bakıda Qərbi azərbaycanlıların hüquqları ilə bağlı beynəlxalq konfransın təşkil edilməsi məsələnin beynəlxalq arenaya daşınması üçün son dərəcə önəmli addımdır. Çox sayda azərbaycanlının hüquqlarının pozulduğunu nəzərə alsaq, lazımi tədbirlərin görülməsi önəmlidir”.
Bu fikirləri Musavat.com-a Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert qeyd edib ki, ilk növbədə insanların çətin vəziyyətə düşdüyünə diqqət çəkmək və bunu beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır:
"Vəziyyəti manipulyasiya etməyə çalışanlar var. Buna qarşı tədbirləri gücləndirmək lazımdır. Ermənistanın ərazi bütövlüyünə, müstəqilliyinə qarşı hər hansı təhdid yoxdur. Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bənzər yanaşma var. Azərbaycan hər zaman ərazisində bütün millətlərdən olan vətəndaşların bərabərhüquqlu olduğunu vurğulayır. Eyni yanaşmanı da Ermənistandan gözləyir. Bunu beynəlxalq hüquq da tələb edir. Qərbi azərbaycanlılar yurdlarından, keçmişindən, məzarlarından, gələcəyindən qoparılıb. O insanların öz iradəsi ilə qayıdışına niyə maneə yaradılır? Bu təhdid deyil, insan haqqıdır. Bir dövlət necə buna sədd çəkə bilər?"
A.Ağar bu prosesi Ermənistan üçün sınaq kimi dəyərləndirib: "Bu proses Ermənistanın insan haqlarına, azadlığa, demokratiyaya bağlı olub-olmadığı, yaxud da despot dövlət olduğunu göstərəcək. Ermənistan da özünə gələcək axtarır. Gələcəyinizi necə inşa edəcəksiniz? Azərbaycan manipulyasiyaya imkan vermir, ərazisində yaşamaq istəyən erməniləri tamhüquqlu vətəndaş kimi qəbul edir. Ermənistan niyə icazə vermir? Əgər məsələ başqa tərəfə çəkilirsə, deməli ortada başqa niyyət var".
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ