Onlayn ictimai-siyasi qəzet
ABŞ və İsrailin Azərbaycandan faydalanması üçün bədnam qərar aradan qaldırıla bilərmi?
“The Jerusalem Post” qəzeti Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə İsrailin baş naziri Benyamin Netanyahu arasında fevralın 19-da baş tutan görüşü “regional siyasətdə dönüş nöqtəsi” adlandırıb. “Yeni Müsavat”ın xəbərinə görə, nəşr yazır ki, Netanyahunun ABŞ dövlət katibi Marko Rubio ilə strateji dialoqundan cəmi 48 saat sonra baş tutan yüksək səviyyəli görüş və müzakirələrlə tanış olan diplomatik mənbələrə görə, bu, Azərbaycanın potensial olaraq “İbrahim Sazişləri”nə daxil edilməsi üçün artan sürətdən xəbər verir.
İsrailin yüksək rütbəli rəsmisi “The Jerusalem Post”a bu xüsusda deyib: “Azərbaycan 30 il ərzində müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olub. Onların regional təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyəti layiqincə qiymətləndirilməlidir”. Qeyd olunur ki, görüş günü Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi “Azərbaycanı Trampın regional planlarına və İsrailin maraqlarına necə effektiv şəkildə cəlb etmək olar: praktik tövsiyələr” adlı xüsusi perspektiv hesabat dərc edib.
Orada bildirilir ki, İsrail və ABŞ-dakı İsrailyönlü qüvvələr Azərbaycanın ABŞ-İsrail regional inkişaf, investisiya və texnologiya tərəfdaşlıqlarına daxil edilməsini fəal şəkildə müdafiə etməlidir. Hesabatda həmçinin deyilir: “ABŞ və İsrail yeni ”Böyük Yaxın Şərq" arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam şəkildə istifadə edə bilməsi üçün 907-ci maddə ləğv edilməlidir".
“The Jerusalem Post” sonda vurğulayıb: “Tramp administrasiyası regional ittifaqları bərpa etməyə çalışdığı bir vaxtda Azərbaycan İsrailin ”Böyük Yaxın Şərq"ə inteqrasiyasına kömək edə, xüsusilə digər müsəlman ölkələri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsində həlledici rol oynaya bilər". Qəzetin H.Hacıyevin İsrail səfərinə bunca önəm verməsi nə ilə bağlıdır? İddialar doğrudurmu?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən sanksiyanın müəlliflərindən biri keçmiş ABŞ prezidenti Cozef Bayden olub. Onun fikrincə, indi hakimiyyətdə olan Donald Tramp isə Azərbaycana münasibətində sələfindən fərqlənir: “Biz nəzərə almalıyıq ki, Tramp yevangelistlərə çox yaxındır və Amerika yəhudiləri onu yüksək səviyyədə dəstəkləyir. Biz onu da diqqətdən qaçırmamalıyıq ki, ABŞ Yəhudi Komitəsi ilə Azərbaycanın əlaqələri kifayət qədər yaxşıdır. Həmçinin, Netanyahunun bizə şəxsi münasibəti yüksəkdir. Yəhudi baş nazirin də Trampla görüşdə necə qarşılanmasını bura əlavə etsək, böyük ümid var ki, həmin qərar ləğv edilə bilər. Sadəcə, Konqresin mövqeyi bəlli olmalıdır”.
Q.Hüseynli Konqresdə respublikaçıların üstün olduğunu deyərək məsələnin həllini mümkün sayır: “Azərbaycan Tramp iqtidarından jest gözləməkdədir. Təbii ki, ABŞ və İsrailin regional proyektdə Azərbaycanın potensialından faydalanması bilməsi üçün qarşı tərəf də hansısa addımlar atmalıdır. Söhbət burada İrana qarşı hansısa planlarda ölkəmizin iştirakından getmir. Sadəcə olaraq, Azərbaycan ABŞ və İsraillə strateji tərəfdaş ölkələr kimi regional layihələrdə yer ala bilər. Bunun üçün bizim də öz istəklərimiz var. Əvvəla, hərbi dəstəyi qadağan edən həmin qərar ləğv olunmalıdır. Əgər İsrail mediası və eləcə də beyin mərkəzi bu haqda bəzi informasiyalar sızdırıbsa, ortalıqda bu müzakirələrin getdiyi istisna deyil. Ümumiyyətlə, hörmətli Hikmət Hacıyevin İsrail səfəri kifayət qədər mötəbər və əhəmiyyətli idi. Netanyahu ilə görüş də sübut etdi ki, əlaqələrimiz hansı səviyyədə inkişafdadır”.
Professor hesab edir ki, ona görə də İsrail ABŞ-nin müttəfiqi olaraq dost gördüyü Azərbaycan üçün bu qərarın ləğvi istiqamətində Tramp administrasiyası ilə diplomatik kanallarla danışıqlara gedə bilər: “Üstəlik, ”907-ci düzəliş"in qüvvədə saxlanması əhəmiyyətsizdir. Əvvəla, o qərar düşmənçilik idi. İşğala məruz qalan ölkəyə yardım etmək əvəzinə ona sanksiya tətbiq etmək ermənilərə dəstək sayılır. İkincisi, Azərbaycan torpaqlarını azad edib və biz silah alqı-satqısını ən yüksək səviyyədə həyata keçiririk. Eyni zamanda, Ermənistanla sülh danışıqları davam etdirilir. ABŞ bu qərarı ləğv edərək sülhə töhfə verməlidir. Hərçənd Bayden dövründə İrəvanla imzalanan xartiya, erməni hərbçilərin Almaniyadakı ABŞ bazasında təlimlər keçməsi göstərir ki, Vaşinqton müdafiə sahəsində bu ölkəni yetərincə dəstəkləyir".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də ümid edir ki, ABŞ və İsrail Azərbaycanın strateji əhəmiyyətini layiqincə qiymətləndirəcək. Hüquq müdafiəçisi hesab edir ki, qəbul edilən qərar olduqca ədalətsizdir və bu günə qədər də ləğv edilməməsi ikiqat haqsızlıq, qərəzli münasibətin göstəricisidir: “Azərbaycan bu nifrətə son qoyulmasını tələb edir. Məhz nifrətin və düşmənçiliyin nümunəsidir ki, həmin sanksiya qüvvədən düşməyib. Biz Tramp administrasiyasının və Konqresin buna son qoyacağını gözləyirik. Sadəcə, Amerikadakı erməni lobbisinin və Konqresdəki demokratların təsirləri hələ də qalmaqdadır. Bax, bu mənada düzəlişin ləğvi qərarının olacağı haqda tərəddüd edirəm. Bütün hallarda, bu addım atılmaqla ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələ başlana bilər. Bundan əlavə, münaqişə keçmişdə qalıb, bu gün sülh danışıqları irəliləyir, Amerikanın bu qərarı ləğv etməməsi olduqca məntiqsizdir”.
Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirib. Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul edib. Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğvinə qarşı çıxıb. Öz-özlüyündə 907-də göstərilən yardımın, dəstəyin miqdarı o qədər cüzidir ki, Azərbaycan üçün o heç nədir. Onun heç bir əhəmiyyəti yoxdur. Amma rəmzi olaraq bu ABŞ-nin öz maraqlarına, dünyada, xüsusilə də Cənubi Qafqaz regionunda roluna, mövcudluğuna qarşı mənfi təsir edən ən utancverici qanunlardan biridir. Yeri gəlmişkən, Tramp prezident vəzifəsinin icrasına başladığı ilk gündə 100 sərəncam imzalanıb. O cümlədən, Baydenin imzaladığı 78 sərəncamı ləğv edib, ABŞ-ın 60-a yaxın yardım proqramının fəaliyyətini 90 günə dayandırıb. Tramp sensasiyalar gətirən dövlət başçısıdır və fəaliyyətə başladığı ilk gündə imzaladığı sənədlərlə ABŞ tarixində bir ilk yaratmış oldu. Azərbaycan Baydenin dövründə 907-ci düzəlişin müddətinin əsassız şəkildə artırılması və qərəzli yanaşmalarla üzləşib. ABŞ-da yeni siyasi hakimiyyətin fəaliyyətə başlaması bu əssasız düzəlişin də ləğv edilməsi ilə bağlı ümidlər yaradır. Əslində Tramp müharibələri və münaqişələri sonlandıracaq dövlət başçısı kimi gəlib. Bu baxımdan ölkəmizə qarşı ABŞ-ın qərəzli və ikili standartlı yanaşmalarda da dəyişikliyin olacağı gözləniləndir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ