İnsanlara hürriyət, millətlərə istiqlal!

7 yanvara 7 bəndlik baxış

Azərbaycan Prezidentinin yeni ilin 7-ci günü yerli TV-lərə verdiyi müsahibədə 7 düvələ ünvanladığı 77 ismarıca könül istər, biz də heç olmazsa, 7 bənd üzrə münasibət bildirək.

Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi həm Azərbaycanın milli maraqlarına sadiq mövqeyinin, həm də beynəlxalq siyasətdə müstəqil və prinsipial yanaşmasının bariz örnəyidir. Bu müsahibə öncəkilərdən bir sıra əsas aspektlərə görə fərqlənir və tarixi önəm daşıyır.

Birincisi,
beynəlxalq arenaya ünvanlanan açıq ismarıclar:

Prezident, müsahibəsində həm fiziki qonşularımıza, həm də uzaq geosiyasi mərkəzlərə aydın və sərt ismarıclar göndərdi. Özəlliklə Ermənistanın revanşist meyllərinə, Fransanın destruktiv siyasətinə və İranın Azərbaycan əleyhinə fəaliyyətlərinə dair konkret mövqe bildirildi.

Örnəyi, Prezident Tehranda səfirliyimizə qarşı törədilmiş terror aktından sonra İran tərəfindən verilmiş, lakin icra edilməmiş vədlərə toxundu. Eyni zamanda Fransa hökumətinin keçmiş qondarma rejimi tanımaq üçün göstərdiyi cəhdləri ifşa etdi və Azərbaycanın bu cür fəaliyyətlərə qətiyyətlə qarşı çıxdığını vurğuladı. Bu, Azərbaycanın xarici siyasətdəki prinsipial mövqeyini və dövlət maraqlarını müdafiə etmək əzmində olduğunu bir daha sübut edir.

İkincisi,
müstəqil siyasətin sonucları:

Azərbaycanın dövlət siyasəti, beynəlxalq təsirlərə baxmayaraq, müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev müsahibədə ATƏT-in vecsiz Minsk Qrupunun ikili standartlarını tənqid edərək, Azərbaycanın daxili resursları hesabına Qarabağda tarixi qələbə qazandığını xatırlatdı. Bu, yalnız Azərbaycanın deyil, beynəlxalq sistemin ədalətsizliyinə qarşı böyük bir cavabı dəyərindədir.

Üçüncüsü,
konfidentsial bilgilərin açıqlanması:

Müsahibədə Prezident öncələr açıqlanmayan bəzi məqamlara toxundu. Məsələn, Fransa hökumətinin keçmiş qondarma rejimi tanımaq planları və Azərbaycanın buna qarşı sərt tədbirlər görməyə hazır olduğunu vurğuladı. Bu cür açıqlamalar beynəlxalq arenada Azərbaycanın mövqeyini daha da gücləndirir və bölgədə sabitliyə töhfə verir.

Dördüncüsü,
Zəfərin unikallığı və tarixi dərsləri:

İlham Əliyev Azərbaycanın qazandığı Zəfəri başqa ölkələrin təcrübəsi ilə müqayisə edərək, bu uğurun unikallığını vurğuladı. O, vurğuladı ki, Azərbaycan həm işğalçı qüvvələrlə, həm də onların dəstəkçiləri ilə mübarizə apararaq öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Bu, bölgədə (və yaxın-uzaq coğrafiyada və də yaxın tarixdə!) analoqu olmayan bir hadisə, gələcək nəsillər üçün böyük bir dərsdir.

Beşincisi,
barış və ədalət çağırışı:

Prezident Azərbaycanın Zəfərdən sonra da, ədalət və barışa yönəlik siyasət yürütdüyünü vurğuladı. O, bölgədəki qonşu dövlətləri və beynəlxalq gücləri işbirliyi və qarşılıqlı sayğı çərçivəsində çalışmağa çağırdı. Bu yanaşma, Azərbaycanın yalnız hərbi deyil, həm də siyasi və diplomatik uğurlarının əsasını təşkil edir.

Altıncısı,
Azərbaycanın beynəlxalq rolu:

Prezident Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda sıravi üzv deyil, aktiv töhfə verən bir ölkə olduğunu xatırlatdı. Bu, Azərbaycanın qlobal miqyasda nüfuzunun artmasına səbəb olub. Özəlliklə pandemiya dönəmində və post-müharibə mərhələsində Azərbaycanın yardım və dəstək fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Yeddincisi,
müsahibədən çıxan ən ümumi sonuc:

Prezident İlham Əliyevin 7 yanvar müsahibəsi Azərbaycanın qlobal arenada müstəqil və qətiyyətli mövqeyini bir daha təsdiqlədi. Müsahibədə verilən ismarıclar həm xalqımıza qürur və inam bəxş edir, həm də beynəlxalq ictimaiyyəti yeni gerçəklikləri qəbul etməyə çağırır.
Bu müsahibə, Azərbaycanın dövlətçilik gələnəklərinə və çağdaş çağırışlara uyğun həyata keçirilən strateji yanaşmasının bir örnəyidir.

DÖVLƏTİMİZƏ ZAVAL GÖRMƏSİN!

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR