Onlayn ictimai-siyasi qəzet
“65 qəpiklik toyuq ətinin Azərbaycana gətirilməsi ilə bağlı televiziyada sujetə baxdım. Sonra da həkim dedi ki, bunlar orqanizm üçün müəyyən fəsadlar yaradır. Belə olan halda sual yaranır ki, bu ərzaqlar ölkəyə keçirilərkən onlardan nümunə götürülüb yoxlanılmırmı? Yoxlanılırsa, onlar ölkəyə necə daxil olur. Belə çıxır ki, burada nəzarət yoxdur”.
Bunu Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
O bildirib ki, qida təhlükəsizliyi ilə bağlı ölkədə çox ciddi problemlər var.
“AQTA məsələ ilə bağlı müəyyən dərəcədə mübarizə aparır. Lakin onların operativliyini təmin etmək lazımdır. Çünki onlar yoxlamaq aparmaq üçün neçə yerdən icazə alırlar və bu işi ləngidir. Digər tərəfdən sual yaranır ki, əgər buna qarşı mübarizə varsa, keyfiyyətsiz qidalar ölkəyə necə daxil olur.
Dönərxanalarda at və eşşək ətlərinin satılması halları var. Bununla mübarizə aparmaq bu qədərmi çətindir? Qanunvericilikdə də müəyyən boşluqlar var. Çünki keyfiyyətsiz məhsulların satışı ilə bağlı cinayət qanunvericiliyində qeyd olunur ki, ağır nəticələrə səbəb olduqda məsuliyyət yaradır. Bu o deməkdir ki, insan zəhərlənib xəstəxanaya düşdü və ya öldükdə məsuliyyət yaradır. Milli Məclisin deputatı olarkən sabiq Baş prokuror Zakir Qaralov və Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayev ilə bu məsələ ilə bağlı müzakirə aparmışdıq. Onlara dedim ki, maddə dəyişdirilməli, sanksiyası ciddiləşdirilməlidir.
“Leş Tofiq”i dəfələrlə həbs edib buraxdılar. Rayonlardan ölmüş heyvanları Bakıya daşıyan şəxs məhz bu adam idi. Bir neçə dəfə məhkumluğu olsa da, yəqin ki, yenə də fəaliyyətini davam etdirir. Deməli, cəzalanma məsələsində boşluq var. Bu, ciddi məsələdir. Kiminsə eşşək əti satdığına görə tutulduğunu hələ eşitməmişik. Qanunvericiliyə ciddi cəza, sanksiya əlavə edilməlidir. Narkotik çəkənə il yarım cəza verilir, amma eşşək əti satanı bir aydan sonra buraxırlar. Azərbaycan xalqının genefondunun məhvinin qarşısını almaq üçün mütləq qanunvericilikdə ciddi cəzalar müəyyənləşməlidir”.
Xatırladaq ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.
Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.
“Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib”, - məlumatda bildirilib.
Bundan əlavə, Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən "Sərin" şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus "Sərin" şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Şahanə Rəhimli,
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ