Onlayn ictimai-siyasi qəzet
ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı təqdim edən yeni texnologiyanı ictimaiyyətə təqdim edib.
Bu xidmətin təqdimatı həm tibbi dairələrdə, həm də etik müzakirələrdə qalmaqala səbəb olub.
"Nucleus Embryo" adlanan bu texnologiya valideynlərə 20-yə qədər embrionu analiz etdirərək onların təxminən 900 müxtəlif sağlamlıq və genetik xüsusiyyətlərinə dair risk göstəricilərini təqdim edir. Bu göstəricilər arasında Alzheimer, şəkərli diabet, xərçəng kimi xəstəliklər, eləcə də zəka səviyyəsi, boy, çəki və göz rəngi kimi xarakterik cəhətlər də var. Əldə olunan nəticələrə əsasən, valideynlər ən az riskə malik olan embrionu seçərək hamiləliyə davam edə bilirlər. Xidmətin qiyməti 5 min 999 dollar olaraq açıqlanıb.
Yeni texnologiya rəsmi olaraq tibbi riskləri azaltmaq məqsədi daşıdığını bildirsə də, bir çox mütəxəssis bu yanaşmanın "dizayn edilmiş uşaq" anlayışını daha da legitimləşdirdiyini bildirir. Artıq təkcə xəstəlik riskinə qarşı deyil, uşağın zəka və fiziki cəhətdən "üstün" olmasını istəmək məqsədilə də embrion seçimi edilə bilər.
Əlillik hüquqlarını müdafiə edən qruplar isə bu texnologiyanın dolayısıyla əlilliyi "arzuolunmaz" və ya "düzəldilməli qüsur" kimi təqdim etməsindən narahat olduqlarını bildirirlər. Belə texnologiyaların gələcəkdə cəmiyyətin müxtəlifliyinə və insan hüquqlarına zərbə vuracağı, fərqliliyin bir növ yox edilməsinə səbəb olacağı barədə xəbərdarlıqlar səsləndirilir./Milli.Az
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ