İnsanlara hürriyət, millətlərə istiqlal!

50 şəxsə sosial reabilitasiya xidməti göstərilir - Sosial Xidmət Agentliyi

“Sosial Xidmətlər Agentliyi bu günlərdə çətin həyat şəraitində yaşayan 2 vətəndaşa yardım edib”.

Bu məlumatı Musavat.com-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi verib. Qurumun mətbuat katibi Murad Sadıxov bildirib ki, köməyə ehtiyacı olanlar təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib: “Hazırda vətəndaşlar həmin xəstəxanadadırlar və ailənin vəziyyəti diqqətdə saxlanacaq. Müəssisənin “Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi”nə 2023-cü ilin əvvəlindən bu günədək 4 nəfər müraciət edib. Hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir”, deyə qeyd edilib.

Qeyd edək ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir. Müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur.

Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3 (üç) dəfə yemək, 2 (iki) dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR