Onlayn ictimai-siyasi qəzet
“Qızıl üzük laxladı, Verdim müəllim saxladı”
(xalq mahnısı yeni aranjimanda)
Danimarkada “Novo Nordisk” adlı dərman firması var. Əsası 1923-cü ildə qoyulub, şəkərli xəstələr üçün insulin istehsalı ilə başlayıblar, sonra pensilinə və başqa dərmanlara keçiblər, son illər isə “Ozempik” adlı arıqlama dərmanıyla bütün dünyada məşhur olublar. 2023-cü ildə firmanın bazar dəyəri 421 milyard dollara çatmaqla Avropanın ən baha şirkətinə çevrilmişdi. Loru dildə desəm, Avropada ən dəyərli şirkət nə neft-qaz satanlar, nə maşın-təyyarə qayıran nəhənglər idi, hazırda da belə olmalıdır. (Dəqiqləşdirdim, son aylar 3-4 şirkət onu ötməyi bacarıb və biri ərzaq şirkəti Nestle-dir). 2023-cü ildə “Novo Nordisk” təkcə ABŞ-da 10 milyard dollar dəyərində “Ozempik” satmışdı.
Bu rəqəmlərin bizə dəxli nədir soruşsanız, mövzu həmin arıqlama dərmanı deyil. Qısa müalicə kursunun dəyəri haradasa 1000 dollar ətrafında olan həmin dərman əslində orta statistik azərbaycanlı üçün əlçatmazdır və apteklərimizdə də saxtasını satırmışlar. Məni keçən ay şirkətin başçısı Lars Yorqensen-in istefa verməyi düşündürür. Sən demə, bazarda “Ozempik”ə müəyyən rəqiblər yaranıb, nəticədə satışlarda 5-6 faiz azalma var. O cümlədən “Novo Nordisk”in fantastik uğuru Danimarka milli pulu kronun möhkəmlənməsinə səbəb olub, hökumət isə bunu istəmir, çünki milli valyutanın qəfil möhkəmlənməsi yerli iqtisadiyyatın xeyrinə deyildir və sairə.
Təsəvvür edirsinizmi? Avropanın ən dəyərli şirkətindən istefa verirsən, nədir-nədir aksiyalarda yüngülvari ucuzlaşma olubmuş. Heç ondan qabaq aksiyaların havada uçmağını da vecinə almırsan. Bunu bizim ölkədə kim eləyərdi? Heç kim. Azca bacarıq, cubbulu qələbə əldə edən hər kəs kreslosuna superkleylə yapışır. Bəlkə istefa vermək istəsə, millət özü tutub yerinə qaytarar, deyərlər sən canın, bizi yetim qoyma.
Tovuz tərəfdə bir müəllim(ə)nin barmağına üzük taxmışdılar. Yanlış anlamayın, müəllim(ə) nə nişanlanıb, nə ərə gedib. Sadəcə, hansısa sinifə dərs dediyi üçün valideynlər üzük alıb dərs ilinin sonunda buna rüşvət veriblər. İndi mən bunu “rüşvət” adlandırdım, onlar “hədiyyə” deyir. Lakin bu çirkin prosesdən inciyən varmı? Deyəsən, müəllim(ə)yə töhmət verən Təhsil Nazirliyindən başqa kiminsə vecinə olmadı. “AzadlıqRadiosu” vətəndaşlar arasında sorğu keçirmişdi, az qala hamı üzük taxılmasını alqışlamış, əksinə, nazirliyi qınamışdı.
Bu adamlara necə izah etmək olar ki, müəllimin peşə kodeksi, peşə əxlaqı valideynlərdən bahalı hədiyyələr, qızıl-zinət əşyaları almağı qətiyyətlə pisləyir? “Şərqdir, müsəlmanıq, müəllimi xalq yaşadır” və sairə ilə ağzını yumacaqlar, heç səsini çıxara bilməyəcəksən. Cavidin ünlü şeiri də bizim məktəblərdə artıq arxaizmin dibi kimi səslənir: “Yoxmu sənin incilərin, altun bilərziklərin?.. Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti”.
Zəhmət çəkmək, öz əməyinin real dəyərini, qiymətini tələb etmək yerinə hamı hədiyyə istəyir. Elə bil bazara çıxarıblar özlərini. Əməyin dəyərini qanuni, sivil üsullarla ödəməli olanlar da hədiyyə, ənam, xələt şəklində verib gözükölgəli, yaltaq siniflər, zümrələr yetişdirməyə meyllidir. Sən müəllimin normal maaşını ver, üzüyü özü alsın. Çətin işdirmi? Niyə Danimarka belə sistem qurub, biz qura bilmirik?
Maraq üçün tapdım, Danimarkada müəllimin orta aylıq maaşı 35 min 183 kron imiş. Bizim pulla nə qədər eləyir? Necə deyərlər, heç soruşmayın: 9 min 155 manat.
Ta alverə başlamışıq, dedim hörmətli zəhmətkeşlərimiz üçün bazarlığı axıra qədər eləyək. “Memar Əcəmi”dəki məşhur univermağın qızılsatanlarında 1,7 qramlıq, əsl müəllim(ə) barmağına layiq üzüklər var, bir dənəsi 200 manat. Danimarkanın Orhus (Tovuza qafiyə üçün) bölgəsindən olan müəllim istəsə öz aylıq maaşıyla buradan 45 üzük alar, hələ qalan 155 manatla da metronun üstündəki kafelərdə kəlləpaça yeyə bilər.
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ