Onlayn ictimai-siyasi qəzet
Konqres Avroparlamentin “əlavəsi”nə çevrilir?; “Murad Sadəddinov: ”Azərbaycan preventiv tədbirlər görməlidir"
Ötən cümə ABŞ qanunvericilərinin ikipartiyalı qrupu Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib. Xəbər verildiyi kimi, təxribatçı sənədin müəllifləri erməni lobbisinə bağlı konqresmenlər Dina Titus və Qas Bilirakisdir.
Dina Titus bu xüsusda deyib ki, “sanksiya tətbiqi üçün səbəb Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə və siyasi müxalifətə qarşı repressiyalardır” (əlbəttə ki, müxalifət məsələsi quru bəhanədir, əsas erməni maraqlarıdır).
Qeyd edək ki, bu, Azərbaycana qarşı sanksiyalar ehtiva edən ilk qanun layihəsidir. Sənədə Konqresin 21 üzvü də qoşulub. Onların, demək olar, hamısı antitürk, islamafob və ermənipərəstdir. “Turan”ın müxbiri sənədin sonrakı trayektoriyası baxımından prosedur sxemini açıqlayıb: qanun layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək. “Qanun layihəsinin yekun variantında 41 yox, 44 azərbaycanlı məmur var. 41 məmurun adı daha öncə açıqlanıb, üç nəfərin adı hələlik məlum deyil”.
44 vəzifəli şəxsin tam siyahısının bu həftə açıqlanacağı gözlənilir. Qanun layihəsinin yekun variantı Qarabağda müharibəyə də toxunur və Azərbaycan hakimiyyətini ermənilərin hüquqlarını pozmaqda ittiham edir. Yəni əslində layihənin ortaya çıxmasının tək səbəbi bu: Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərindən sonra erməni lobbisinə və “xristian klubu”na bağlı Qərb quruluş, media və dövlətlərinin hərəkətə keçəcəyi gözlənilən idi. Gəlin indi aşağıdakı sitata baxaq və qiymətimizi verək: “Azərbaycan hökuməti hərbi əsirlərin hamısını azad etməyib və yeni hərbi əsirləri və mülki şəxsləri saxlamağa davam edir. Buna cavabdeh olanlar hüquqi məsuliyyət daşıyanlardır”.
“Erməni hərbi əsirlər və mülki şəxslər” deyəndə əlbəttə ki, cinayət törətmiş erməni diversantlar və suveren ərazimiz olan Qarabağda Azərbaycan dövlətinə uzun illər meydan oxumuş Ruben Vardanyan başda olmaqla, məhkəməsi gözlənilən separatçı-canilər və xuntaçılar nəzərdə tutulur.
Müəlliflər daha sonra fikri əsas məzmundan yayındırmaq üçün daxili siyasi amilləri də qeyd edirlər. İddialara görə, siyahıda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Penitensiar Xidmət üzvlərinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin və digər dövlət məmurlarının adları var.
Qeyd edək ki, bu ərəfədə Avropa Parlamenti insan haqları bəhanəsi ilə Azərbaycan əleyhinə növbəti sənəd qəbul edib.
Bəs baş verənlər Qərbin Azərbaycana münasibətdə hansısa ortaq taktikasından xəbər vermir ki? Sanki erməni lobbisi ilə birləşib sözü bir yerə qoymuş kimi görünürlər. ABŞ Konqresi də eyni yanlışı təkrarlayarmı? Təkrarlayarsa, Bayden sənədi imzalayarmı? Ön tədbirlərimiz nə olmalıdır?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamentinin qətnaməsi ilə ABŞ-dakı bir qrup konqresmenin hazırladığı qanun layihəsinin Qərbin Azərbaycana qarşı vahid taktikasının olduğu inandırıcı deyil: "Anti-Azərbaycan qətnaməsinin və qanun layihəsinin hazırlanmasında erməni lobbisi və onların əlaltısı olan deputatlar, konqresmenlər iştirak ediblər. Yəni bu addımların atılmasına daha çox ermənilər və ermənilərə bağlı olan qüvvələrin Azərbaycan düşmənçiliyi amilləri öz təsirini göstərir. Xüsusilə də ABŞ-da sanksiyalar təşəbbüsü ilə çıxış eləyən konqresmenlərin kimliyinə diqqət etdikdə dediklərimizin nə dərəcədə əsaslı olduğunu görərik. Həmin konqresmenlər uzun illərdir qatı ermənipərəst şəxslər kimi tanınırlar. O layihənin əsas təşəbbüskarı konqresmen Dina Titus uzun müddətdir erməni diasporu ilə açıq-aşkar əməkdaşlıq edir. O, dəfələrlə Qarabağda keçən ilə qədər qanunsuz fəaliyyət göstərən separatçı rejimin başçıları ilə görüşlər keçirib, onlara dəstək verib. Dina Titus Ruben Vardanyanla da görüşüb. İndi də görünür onu Azərbaycana qarşı Vardanyanın pulları qısqırdır. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın vəzifəli şəxslərinə qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsinin arxasında Amerika dövləti dayanmayıb. Siyahıdakı 44 nəfərin içərisində 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinə rəhbərlik eləmiş şəxslərin də adları var. Bu nüans da bir daha sübut edir ki, erməni diasporu bizdən qisas almaq istəyir. Siyahıda məhz 44 nəfərin adının olması da 44 günlük müharibəyə mesajdır. Ermənilər öz aləmlərində bizdən bu şəkildə qisas aldıqlarını düşünürlər.
Azərbaycan tərəfi bu cür cəhdlərin qarşısını almaq üçün preventiv tədbirlər görməlidir. ABŞ hökuməti ilə, Dövlət Departamenti ilə, Konqreslə iş aparılmalıdır. Ermənipərəst konqresmenlərin sifarişli və absurd qanun layihəsi təqdim etdikləri sübuta yetirilməlidir. Ciddi iş aparılsa, qondarma qanun layihəsi Konqresdə qəbul edilməyə də bilər. Hətta qəbul edilsə belə, sonda ABŞ prezidenti tərəfindən imzalanmaz. Risklərin qarşısının alınması üçün Azərbaycanın əlində imkanlar var".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, bu bədnam, absurd layihənin təşkilatçılarının da, onlara dəstək verənlərin də kimliyini Azərbaycan bilir. Həmin şəxslər daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, erməni lobbisinin pullarından qidalanan konqresmenlərdir. Cəmi 21 nəfər konqresmen bu qanun layihəsinin təqdim edilməsinə qoşulub: “Nəzərə alsaq ki, Konqresin üzvlərinin sayı bu rəqəmdən təxminən 30 dəfə çoxdur, o baxımdan hesab edirəm, həmin qanun layihəsinin Konqresdə keçməsi o qədər də, rahat olmayacaq. Əgər hətta Konqres səs verib onu qəbul edəcəksə, növbəti mərhələdə ABŞ prezidentinə təqdim olunacaq və qanuna görə, 180 gün müddətində Prezident qanun layihəsini ya imzalamalıdır, ya da imzalamaqdan imtina etməlidir. Mən hesab və ümid edirəm ki, qanun layihəsi Konqres tərəfindən dəstəklənməyəcək və heç Prezidentə qədər gedib çıxmayacaq”.
Hüquq müdafiəçisi xatırlatdı ki, layihədə adı qeyd olunan Azərbaycanın vəzifəli şəxslərinin bir qrupu Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsində sücaət göstərmiş, üzərlərinə düşən vəzifəni çox yüksək səviyyədə yerinə yetirmiş, rəhbərlik etdikləri qurumların fəaliyyətini hərbi əməliyyatlar dövründə çox yüksək səviyyədə təmin etmiş şəxslərdir: "Azərbaycan ictimaiyyəti onlarla qürur duyur. Onlar torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs işdə Prezidentin yanında olublar və bizim üçün qəhrəmandırlar. Ona görə də dünya erməniçiliyi, erməni lobbisi həmin qəhrəman azərbaycanlıları hədəfə alıb. Bu adamların adlarının qeyd olunduğu bir layihə quraşdırıb Konqresə qəbul üçün təqdim edilməsi absurddur. Vəzifəsindən irəli gələn fəaliyyəti həyata keçirən, heç bir beynəlxalq və yerli qanunları pozmayan şəxslərə qarşı sanksiya tətbiq olunması tələbinin irəli sürülməsi absurddur və heç bir fakta, hüquqa söykənmir. Ona görə də özünə hörmət edən, qanunlara hörmət edən heç bir qurum, o cümlədən Konqres o cür absurd iddiaların əksini tapdığı layihəni qanun kimi qəbul etməz”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ