İnsanlara hürriyət, millətlərə istiqlal!

43 il öncə Moskvanın mənzərəsi – kosmosdan salamlar, dolu piştaxtalar, paytaxt küçələrində zənci körpələr...

Mövcud olduğu illərdə SSRİ bütün mümkün imkanlardan istifadə edərək dünya ölkələri arasında öz liderliyini sübut etməyə çalışıb. Digər sahələrlə yanaşı, Moskva idman tədbirlərinə də xüsusi diqqət ayırıb. 43 il öncə, 1980-ci ildə 22-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün isə Kreml daha çox canfəşanlıq edib və istədiyinə nail olub.

1974-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Vyanada keçirilən sessiyası 22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi haqqında qərar qəbul edib. Olimpiya paytaxtına iddialı olan Moskva və Los-Anceles şəhərləri arasında rəqabətdə səsvermə zamanı SSRİ-nin paytaxtı 39-20 səs fərqi ilə ABŞ-ın ikinci ən böyük şəhərini arxada qoyub.

moskva.jpg (151 KB)

Sessiyanın bu qərarından sonra qarşıdakı 6 il ərzində SSRİ-də olimpiya oyunlarına ciddi hazırlıq işləri başlanılıb. Mərkəzi Komitənin nəzarəti altında gedən işlər uğurla davam etsə də, 1979-cu ilin sonunda baş katib Leonid  Brejnev olimpiya oyunlarının Moskvada keçirilməsindən imtina etmək fikrinə düşüb, Siyasi Büroda məsələni müzakirəyə çıxaran baş katib olimpiya oyunlarının ölkəyə baha başa gələcəyini, dövlət büdcəsinə kifayət qədər mənfi təsir göstərəcəyini söyləyib. Brejnev kiçik bir cərimə ödəməklə ev sahibliyindən imtina etmək təklifini irəli sürüb. Siyasi Büro üzvləri onun təklifini qəbul etməyib, olimpiya oyunlarından imtina etməyin SSRİ-nin imicinə ciddi zərbə olacağını qeyd ediblər. Bununla da müzakirələrə son qoyulub.

idman.png (1.08 MB)

Olimpiya oyunlarına hazırlıq mərhələsi Moskva üçün gərgin keçib. Beynəlxalq müstəvidə SSRİ-yə ciddi təzyiqlər olunub. Xüsusilə 1979-cu ildə SSRİ-nin Əfqanıstana qoşun yeritməsi 22-ci Yay Olimpiya Oyunlarının keçirilməsinə ciddi mənfi təsir göstərib. 64 ölkə Moskvada keçirilən olimpiya oyunlarını boykot edib. 1980-ci ilin fevral ayında ABŞ prezidenti Cimmi Karter Moskvaya ultimatum göndərib: “Bir ay ərzində SSRİ öz qoşunlarını Əfqanıstandan geri çəkməzsə, ABŞ rəsmi olaraq 22-ci Yay Olimpiya Oyunlarını boykot edəcək...”

cimmi.jpg (119 KB)

22-ci Yay Olimpiya Oyunlarının açılışının məhz iyul ayının 19-na salınması da təsadüfi olmayıb. Sinoptiklər son 100 il ərzində Moskvanın hava temperaturunu təhlil edərək qərara gəliblər ki, iyulun 19-da hava şəraiti daha əlverişli olacaq. Oyunlar avqustun 3-nə qədər davam edib.

Olimpiya oyunlarının açılışı üçün Moskvanın 100 min yerlik Lujniki stadionu seçilib. Bu mötəbər tədbir üçün Moskvada “İzmaylovo” mehmanxana-istirahət kompleksi inşa edilib. Sonralar kompleks Avropada ən böyük kompleks kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Olimpiya oyunları ərəfəsində Moskva qapalı şəhər elan olunub. Hətta Moskva vilayətində yaşayanların belə şəhərə girişinə qadağalar qoyulub. Moskvanın küçələrindən dilənçilər, binaların zirzəmilərində, çardaqlarında yaşayan “bomj”lar çıxarılıb, küçə ticarəti məhdudlaşdırılıb.

Moskva mağazalarının piştaxtaları isə yerli sakinləri sözün əsl mənasında şoka salıb. Boş piştaxtalar xarici ölkələrin ən tanınmış məhsulları ilə doldurulub. Saqqızlar, banka pivələr, qazlı sular, kağız qutularda meyvə şirələri, siqaretlər, çoxçeşidli kolbasa məhsulları və s. Həmin dövrlərdə bu kimi mallar sovet insanı üçün əlçatmaz sayılıb. Oyunlarda SSRİ-ni təmsil edən idmançılar yalnız “Adidas” şirkətinə məxsus geyimlərdən istifadə edib. Bununla da SSRİ rəsmiləri xarici qonaqlara fərqli bir SSRİ-ni təqdim etmək istəyiblər.

2 rubldan 20 rubl arasında olan olimpiya oyunlarının biletlərini əldə etmək kifayət qədər problem olub. Xarici vətəndaşlara satılan biletlər isə müxtəlif işarələrlə fərqləndirilib. Onlar biletləri 1 rublun 1.5 dollara nisbətdə olan kursu ilə alıblar.

Olimpiya oyunlarının bir neçə loqotipi hazırlanıb. Seçim etmək problemi yarananda həmin loqotipləri “Sovetskiy sport” qəzeti vasitəsi ilə ictimaiyyətə təqdim ediblər. Əksər insanlar “Ayı balası”na səs veriblər və bu məsələ də beləliklə öz həllini tapıb. Olimpiya oyunlarının bağlanış mərasimində göyə uçurulan “Ayı balası” isə qısa bir müddətdən sonra Moskva şəhərinin ətrafında tapılıb.

ayi.png (907 KB)

Olimpiya oyunlarında ən maraqlı məqamlardan biri açılış zamanı kosmonavtlar Leonid Popov və Valeriy Ryuminin kosmosdan iştirakçıları salamlamaları olub. Kreml rəsmiləri bununla da ona “xor” baxan ölkələri öz texniki tərəqqisi ilə təəccübləndirməyə çalışıb.

22-ci Yay Olimpiya Oyunları zamanı yadda qalan hadisələrdən biri də Vladimir Vısotskinin vəfatı ilə bağlı olub. Populyar müğənninin vəfatı məhz olimpiya oyunları günlərinə, iyulun 25-nə təsadüf edib. Milyonların sevimlisi olan Vısotskinin dəfni SSRİ rəhbərləri üçün böyük problem yaradıb. İnsanlar stadionlardan, idman saraylarından Vısotski ilə son görüşə tələsiblər. Nə DTK, nə də milis Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilib. Dəfn böyük bir mitinqi xatırladıb. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində saatbasaat böyüyən izdihamda heç bir insident baş verməyib.

Moskvada keçirilən 22-ci Yay Olimpiya Oyunlarının xatirələrdə qalacaq ən maraqlı hadisəsi isə oyunlardan cəmi bir il sonra Moskva küçələrində rus analarının zənci uşaqları ilə gəzintisinin tez-tez müşahidə edilməsi olub.

Qeyd edək ki, ilk dəfə Şərqi Avropa və sosialist ölkəsində keçirildiyindən 22-ci Yay Olimpiya Oyunları tarixə təkcə kütləvi idman tədbiri kimi yox, həm də siyasi hadisə kimi həkk olunub.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR