İnsanlara hürriyət, millətlərə istiqlal!

43 deputatın nazirə müraciəti - iki paytaxt arasında gərginlik azaldımı?

Vaşinqtondan Bakıya bir neçə təmsilçi gəlsə də, münasibətlərdə xüsusi irəliləyiş olmayıb, lakin tərəflər əlaqələrin dərin böhrana girməsinə də imkan verməyiblər - partiya sədri və hüquq müdafiəçisinin izahı...

Milli Məclisin 43 deputatının ABŞ-la iki sazişə xitam verilməsi, USAİD-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciətindən 20 gün vaxt keçir.

“Yeni Müsavat” yada salır ki, Milli Məclisin deputatlarının müraciəti ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətindən sonraya təsadüf edir. Həmin müraciətdə Bakıda təşkil olunacaq BMT iqlim dəyişikliyi üzrə konfransı ərəfəsində Azərbaycan hökumətinə bütün siyasi məhbusların, o cümlədən erməni əslli şəxslərin sərbəst buraxılması üçün təzyiq göstərilməsinə çağırılıb. Deputatlar XİN rəhbərindən xahiş edib ki, ABŞ-la yeni müqavilələrin razılaşdırılması və qüvvədə olan müqavilələrin uzadılması üzrə danışıqları dərhal dayandırsın.

Milli Məclisin deputatları öz müraciətlərində Birləşmiş Ştatları Azərbaycana qarşı qərəz nümayiş etdirməkdə ittiham ediblər. “ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur”, sənəddə qeyd edilib. Deputatlar ABŞ Senatının və Nümayəndələr Palatasının üzvlərinin insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlarını “saxta əsaslar” adlandırıblar.

Müraciətdə deyilirdi ki, Minsk Qrupunun həmsədri olan ABŞ Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb. “ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir”, sənəddə qeyd edilib. Deputatlar nazir Bayramovdan Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün xahiş edərək ölkələr arasında imzalanmış bir sıra anlaşmaların ləğvinə, ABŞ hökuməti tərəfindən maliyyələşən layihələrin dayandırılmasına çağırıblar.

Bundan sonra ABŞ-dan Bakıya bir neçə təmsilçi gəlsə də, Azərbaycan-Vaşinqton münasibətlərində xüsusi irəliləyiş olmayıb. Bəs bu müraciətə hansısa reaksiya verildimi, ABŞ-Azərbaycan münasibətlərində hansısa normallaşma varmı? Çünki ardıcıl olaraq ABŞ liderinin müşaviri, sonra xüsusi köməkçisi Azərbaycan Prezidenti ilə görüşə gəlib. Eləcə də konqresmenlərin Blinkenə müraciətinə Dövlət Departamenti cavab verməyib. Vaşinqton bu çağırışa münasibət bildirmək istəməyib. Halbuki Azərbaycan həmin müraciətin elə DD-də hazırlandığını açıqlamışdı. Ekspertlərə görə, tərəflər gərginliyin daha da artmasında maraqlı olmayıblar. Xüsusən də COP29 konfransının başlamasına az vaxt qalır və əsəbləri bir qədər də tarıma çəkməyə ehtiyac yoxdur. Yəni rəsmi Bakı 43 deputatın, Dövlət Departamenti də konqresmenlərin çağırışına uyğun addım atsaydılar, o zaman ABŞ-Azərbaycan münasibətləri ciddi siyasi-iqtisadi böhrana girmiş olacaqdı...

Akif Nağının imzaları təqdim olundu

Akif Nağı

“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, konqresmenlər dəfələrlə belə çağırışlar ediblər, qanun layihələri hazırlayıblar, erməni lobbisinin sifarişi əsasında bəyanatlar veriblər, heç birinin nəticəsi olmayıb. Partiya sədrinin sözlərinə görə, amerikalı konqresmenlər yaxşı bilirdilər ki, Dövlət Departamenti onların istədikləri cavabı verməyəcək: “Bunu bilə-bilə yenə də müraciət yaymışdılar. Sadəcə, erməni diasporuna hesabat təqdim olunur ki, üzərimizə düşəni etdik, müraciət ünvanladıq, sonrası rəsmi Vaşinqtonun səlahiyyətindədir. Ancaq Birləşmiş Ştatlar gördü ki, Azərbaycan adekvat tədbir həyata keçirir. Yəni Vaşinqton bildi ki, Bakının da reaksiyası var”. A.Nağının fikrincə, Blinken və Dövlət Departamenti konqresmenlərə məhəl qoymadığı üçün Azərbaycan Xarici İşlər Nazirliyi də onların apardığı bu prosesi izlədi, ABŞ-ın mövqeyini gözlədi: “Blinken konqresmenlərə qoşulmadığına görə rəsmi Bakı da məsələni dərinləşdirmədi. Ümumilikdə isə ABŞ-Azərbaycan əlaqələrinin müsbət məcrada inkişaf etməsinə ehtiyac var. Bayden administrasiyası da, Konqres də qərəzini bir kənara qoyaraq normal münasibətlərə diqqət yetirməlidir”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə deyir ki, ABŞ-ın bu müraciəti cavabsız qoyacağı əvvəlcədən məlum idi. Onun dediyinə görə, COP29 ərəfəsində müxtəlif mərkəzlər Azərbaycana hücuma keçib və biri də Konqresin ermənipərəst üzvlərdir, lakin Blinken özü bu konfransa dəvət olunub deyə Bakı ilə əlaqələri korlamağı əsla istəməzdi: “Konqresin Azərbaycan əleyhinə olan üzvlərinin bir hissəsi artıq ifşa olunub. Menendezin korrupsya əməlləri üzə çıxıb, cinayət işi açılıb, Adam Şiff və digərləri də faş olunublar. Bu şəxslər seçkilərdə erməni diasporunun maliyyəsindən yararlanırlar, sonra Konqresə üzv seçiləndə əvəzini ödəməyə, xidmət göstərməyə başlayırlar. Bu müraciət də o qəbildən idi və həm Ermənistan hakimiyyətinə, həm erməni lobbisinə bir qulluq etmiş oldular”.

Hüquq müdafiəçisi ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmasına tərəfdardır: “Bizdən asılı olmayan səbəblərdən bu əlaqələr hamar getmir. Lakin Baydenin son məktubu və köməkçilərinin Azərbaycana səfərlərindən belə nəticə çıxarmaq olar ki, bizi itirmək istəmirlər. Çünki Azərbaycan İranla və Rusiya ilə qonşudur. ABŞ bu coğrafi faktı yaxşı dərk edir. Cənab Prezident qeyd etmişdi ki, Azərbaycan Rusiya və İranla sərhədləri olan yeganə ölkədir. Hər halda, bu mesajı Birləşmiş Ştatlarda oxuyublar. Ona görə regionun kövrəkliyi və həssaslığı nəzərə alınmalıdır, Azərbaycanın üzərinə qərəzli, böhtan dolu ittihamlarla gəlmək olmaz. Biz ikitərəfli münasibətlərdə bərabərhüquqlu yanaşmanı tələb edirik”.

Xatırladaq ki, ABŞ prezidentinin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəsmi Bakının Dövlət Departamentində Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinə çağıran məktubun yazılmasına dair iddiaları təkzib edib. İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqları ilə bağlı qaldırdığı sualı cavablandıran baş məsləhətçi deyib ki, bu mövzu Vaşinqtonla Bakı arasında vaxtaşırı müzakirə olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR