Onlayn ictimai-siyasi qəzet
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə ittiham olunub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Braziliyanın hüquq-mühafizə orqanları 37 nəfəri sui-qəsd və dövlət çevrilişinə cəhddə ittiham edir.
“Gardian” yazır ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro və onun ən yaxın müttəfiqləri Braziliyanın demokratik sistemini sağçı çevrilişlə məhv etməyə yönəlmiş cinayət sui-qəsdində iştirak etməkdə ittiham olunan onlarla insan arasındadır.
Federal polis cümə axşamı təsdiqləyib ki, müstəntiqlər "konstitusiya dövlətini zorakılıqla dağıtmaq" üçün koordinasiyalı cəhdlə bağlı uzunmüddətli təhqiqatı başa çatdırıblar.
Polisin açıqlamasında bildirilir ki, Ali Məhkəməyə göndərilən hesabatda dövlət çevrilişinə cəhddə iştirak, cinayət təşkilatı yaratmaq, dövlət çevrilişinə cəhd də daxil olmaqla, ümumilikdə 37 nəfər cinayətdə ittiham olunur.
İttiham olunanlar arasında 2018-ci ildən 2022-ci ilin sonlarına qədər Braziliyanın prezidenti olmuş populist siyasətçi Bolsonaro, həmçinin onun ifrat sağçı administrasiyasının ən mühüm üzvləri də var.
Onların arasında Bolsonaronun keçmiş kəşfiyyat rəhbəri, sağçı konqresmen Alexandre Ramaj, keçmiş müdafiə nazirləri, general Valter Braqa Netto və general Paulo Serxio Noqueyra de Oliveyra, keçmiş ədliyyə və ictimai təhlükəsizlik katibi Anderson Torres, keçmiş təhlükəsizlik naziri, general Augusto Heleno, keçmiş dəniz komandanı,admiral Almir Qarnier Santos, Bolsonaronun siyasi partiyasının sədri Valdemar Kosta Neto və Bolsonaronun xarici siyasət üzrə ən yaxşı məsləhətçilərindən biri olan Filipe Martins var.
1964-85-ci illər diktaturası dövründə Braziliyanı idarə edən hərbi liderlərdən biri olan general Joao Baptista Figueyredonun nəvəsi olan sağçı bloger də sui-qəsdçilər arasında yer alıb.
Polis istintaqın başa çatdığını elan etməzdən bir qədər əvvəl prezident Lula da Silva onu zəhərləmək cəhdinin uğursuzluğa düçar olduğu üçün minnətdarlığını bildirib. 79 yaşlı prezident çıxışı zamanı "Mən sağam" deyib.
“Qardian” yazır ki, Bolsonaro daha əvvəl Lula da Silvaya uduzduğu 2022-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdində iştirakını inkar edib.
2 il əvvəl yenidən seçilmək şansını itirdikdən sonra Bolsonaro Birləşmiş Ştatlarda yaşayır.
Lula da Silvanın qələbəsini devirmək üçün uğursuz cəhd 2023-cü il yanvarın 8-də Braziliyanın paytaxtında radikal Bolsonaronun tərəfdarlarının prezident sarayına, konqresə və ali məhkəməyə hücumu zamanı iğtişaşlarla başa çatıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ