İnsanlara hürriyət, millətlərə istiqlal!

40 minədək qanunsuz tikili sənədləşəcək: Belə tikintilərə görə cəzalar ağırlaşır

Bütün dünyada tikinti sektoru iqtisadiyyatın drayverlərindən biri hesab olunur və bu sahədə zəruri tələblərə əməl olunması ön plana çəkilir. Azərbaycanda da tikinti sektoru iqtisadiyyatın əsas sahələrindən biri olaraq ciddi inkişaf mərhələsi yaşamaqdadır. Son 20 ildə bu sahəyə investisiya qoyuluşları dəfələrlə artıb, həyata keçirilən tikinti-quraşdırma işlərinin miqyası genişlənib.

Azərbaycan dövləti tikinti sektorunda prosedurların asanlaşması, özəl investisiyaların artması, bu sahədə çalışan sahibkarlar üçün əlverişli şərtlərin təmin olunması üçün çoxsaylı addımlar atıb. Bu adddımlar sayəsində Azərbaycanda sözün həqiqi mənasında tikinti bumu qeydə alınıb.

Təəssüflər olsun ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir.

Belə olan halda, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır.

Eyni zamanda bir sıra hallarda təhlükəsizlik qaydalarına əməl olunmaqla həyata keçirilən tikintilər yerləşdikləri torpağın təyinatına uyğun olmadığına görə qeydiyyata alına bilmir.

63a2bfa26e7eb63a2bfa26e7ec167161027463a2bfa26e7e963a2bfa26e7ea.jpg (261 KB)

Qeyd olunanları diqqətə alaraq, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib.

Milli Məclis tərəfindən "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanuna edilən dəyişiklikləri mayın 30-da Prezident İlham Əliyev təsdiq edib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilir.

Həmin tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilir. Haqqın məbləği və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Qanunun Milli Məclisdəki müzakirələri zamanı verilən məlumata əsasən onun qüvvəyə minməsi ilə təxminən 40 minə yaxın qeyri-yaşayış xaraketrli tikilinin istismara qəbuluna icazə verilməsi mümkün olacaq.

Növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Prezident tərəfindən iyunun 14-də “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb.

Fərmana əsasən 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş qaydaya əsasən qeyri-yaşayış binalarının istismarına icazə verilməsi üçün əsas tələblər bunlardır:

solutions_for_non_residential_bu.jpg (298 KB)

-yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması;

-yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi;

-liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı;

-torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququnun təsbit edilməsi;

-qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi.

Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Həmin obyektlərin sahibləri sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidilər. (Qaynar xətt: 012-512-22-40; 012-512-21-73).

Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib.
Prezident Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsini tapşırıb.

Onu da qeyd edək ki, Azərbaycanda Tikinti Məcəlləsi və digər qanunvericiliyin tələblərinə əməl etmədən çoxsaylı yaşayış binaları da tikilib. 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 529 nömrəli Fərman imzalanıb. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kvadratmetr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib.

Bir məsələni də bildirək ki, bəzi məmurların qanundakənar istəkləri nəticəsində Azərbaycanda qanunvericiliyin norma və tələblərinə uyğun tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatı, istismara qəbulu ilə bağlı da problemlər vardı. Prezidentin iki fərmanı bu qanunsuzluqların aradan qaldırılmasına, tikintini həyata keçirən sahibkarların hüquqlarının təmin olunmasına gətirib çıxarır.

İndiyədək qanunvericiliyin tələblərinə uyğun olmadan aparılmış tikintilərin qeydiyyatının sadələşdirilməsi, qeydiyyata yaradılan süni və məqsədli maneələrin aradan qaldırılması ilə yanaşı, Azərbaycan dövləti növbəti mərhələlərdə bu kimi halların təkrarlanmaması üçün də zəruri addımlar atır. Belə ki, tikintiyə icazə alınması prosesində səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslərin tikintiyə və ya istismara icazəni elektron portal üzərindən alması təmin ediləcək.

62df5204-2158-4c5c-88dd-cd6a79344fd4_850.jpg (94 KB)

Qanunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Həmin şəxslər rayon ərazisində bütün tikintilərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə məsul olacaqlar. Bu, hər hansı bir ərazidə aparılan qanunsuz tikiliyə görə məsuliyyətin konkretləşməsinə imkan verəcək.

Azərbaycanda qanunsuz tikintilərin qarşısının alınmasına yönəlmiş daha bir addım özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulmasının qadağan edilməsidir. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunacaq.

Tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.

Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikintini(burada əsasən fərdi evlər nəzərdə tutulur) özbaşına aparan fiziki şəxslər xəbərdarlıq və ya 300-500 manat miqdarında, vəzifəli şəxslər 1500-2500 manat miqdarında, hüquqi şəxslər isə 15 000-25 000 manat cərimə olunacaqlar.

Tikintisinə icazə tələb olunan obyektlərin belə icazə alınmadan tikintisi zaman fiziki şəxslərin ödəyəcəyi cərimə miqdarı 300-500 manatdan 800-1000 manata, vəzifəli şəxslərin cəriməsi 1500-2500 manatdan 2500-4000 manata, hüquqi şəxslərin cəriməsi isə 15 000-25 000 manatdan 20 000-25 000 manata çatdırılır.

Məlumdur ki, Azərbaycanda çoxmənzilli yaşayış binaları və qeyri-yaşayış binalarından əlavə, yüz minlərlə qeydiyyatsız fərdi evlər də tikilib. Hesablamalara görə, təkcə Bakı və onun ətrafında belə evlərin sayı 400 mindən yuxarıdır. Qanunvericiliyə edilən dəyişikliklər belə evlərin tikintisinə görə cəza və cərimələri sərtləşdirir – həm fiziki şəxslər, həm də vəzifəli şəxslər üçün. Bu, növbəti mərhələdə sənədsiz fərdi evlərin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi istiqamətində də ciddi addımların atılacağını deməyə əsas verir. Fərdi evlərin sənədləşməsi ilə bağlı problem də həllini tapdıqdan sonra bütün növ qanunsuz tikintilərin qarşısının alınması istiqamətində daha effektiv nəticələrin əldə olunacağı gözlənilir…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR