İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ölkə Ermənistana qarşı birləşə bilər

Fransanın Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını İrəvana ötürmək planına reaksiya

“Fransa Ermənistana Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını ötürəcək”. 

Bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, rusiyalı tanınmış siyasi-hərbi analitik İqor Korotçenko bildirib.

“Məlumatlı mənbələrdən bəlli olduğu kimi, baş nazir Nikol Paşinyanın Parisə səfəri çərçivəsində Fransa (DGSE) və Ermənistan xarici kəşfiyyat xidmətləri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub. Razılaşdırılmış məsələlər siyahısına uyğun olaraq, İrəvana Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə DGSE tərəfindən alınan siyasi və hərbi xarakterli kəşfiyyat məlumatlarının, o cümlədən peyk və elektron kəşfiyyat materiallarının ötürülməsi nəzərdə tutulur”, - deyə o, teleqram kanalında yazıb.

Yəni Fransanın, Avropa Birliyinin Ermənistandakı fəaliyyəti təkcə Azərbaycan əleyhinə yönəlməyib. 

Bəs bu 4 dövlət ortaq təhlükəyə qarşı hansısa şəkildə birgə hərəkət edə bilərmi? 

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Fransanın Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürdüyü və ya ötürməyə başlayacağı ehtimalı yüksəkdir: “Ermənistanın strateji müttəfiqi olan Fransa bu ölkəni silahlandırırsa, kəşfiyyat məlumatlarını da İrəvanla bölüşə bilər. Ancaq son günlərdə Fransa kəşfiyyat xidməti həm Azərbaycanda, həm də Türkiyədə ciddi zərbələr alıb. Fransa kəşfiyyat şəbəkəsinin üzvləri Azərbaycan və Türkiyədə həbs olunublar, məxfi fəaliyyətlə məşğul olan diplomatlar ölkədən çıxarılıb. Ona görə də Fransanın Azərbaycan və Türkiyə ilə bağlı Ermənistana ötürə biləcəyi məlumat çox deyil”. 

Mərkəz rəhbəri qeyd edir ki, buna baxmayaraq, əgər Fransanın kəşfiyyat şəbəkəsi Azərbaycan və Türkiyədə hələ tam neytrallaşdırılmayıbsa, Ankara və Bakı bu istiqamətdə fəaliyyətini gücləndirməlidir: “Bu arada, Rusiya və İranın Fransanın kəşfiyyat şəbəkəsinə qarşı birgə mübarizəsi ehtimalı zəifdir. Çünki Rusiya və İranın milli və təhlükəsizlik maraqları Azərbaycan və Türkiyənin milli və təhlükəsizlik maraqları ilə üst-üstə düşmür. Rusiya və İran heç zaman kəşfiyyat məlumatlarını Azərbaycan və Türkiyə ilə bölüşməz. Ona görə də Türkiyə və Azərbaycan Fransa kəşfiyyatına qarşı yalnız birgə əməkdaşlığa istinad etməlidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR