Onlayn ictimai-siyasi qəzet
Nasist Almaniyasının törətdiyi hərbi və insanlığa qarşı cinayətlərdə əsir düşərgələri məkan kimi xüsusi rol oynayıb. 337 saylı hərbi əsir düşərgəsi isə cəza və işgəncələrin “çeşid”inə görə daha çox fərqlənib. Fəaliyyət göstərdiyi 18 ay ərzində düşərgədə 128 min hərbi əsirin və mülki şəxslərin həyatına son qoyulub. Düşərgənin təyinatı hərbi əsirlərin saxlanması olsa da, bu məkanda on minlərlə dinc əhali də saxlanıb və onların təxminən 90 faizi aclıqdan, xəstəlikdən və işgəncədən həyatlarını itiriblər...
337 saylı hərbi əsir düşərgəsi nasistlər tərəfindən 1941-ci ilin sonlarında Belarusiya ərazisində, Borodoviçi şəhərindən 22 kilometr aralıda, “Lesnaya” dəmiryolu stansiyasının yaxınlığında salınıb.
Aclığın hökm sürdüyü bu düşərgədə əsirlərdən qul kimi istifadə olunub. Meşədə ağac kəsmək, odun daşımaq, tikinti və bu kimi digər ağır işlərdə əsirlərdən texnika kimi istifadə edilib.
Ən ağır işgəncə qış fəslində qadın və kişiləri eyni vaxtda, eyni ərazidə tamam lüt soyunduraraq şaxtalı havada uzun müddət çöldə saxlamaqdan ibarət olub.
Bu düşərgədə əsirlərin saxlanma şəraiti insanlıq normalarından qat-qat aşağı olub. Hətta təbii ehtiyaclarının ödənilməsinə şərait yaradılmayıb, 200 əsir bir tualetdən istifadə etmək məcburiyyətində qalıb, gün ərzində ən yaxşı halda hər bir nəfərə 125 qram çörək verilib, əsirlər heç bir səbəb olmadan döyülüb və təhqir olunub.
Nasistlərə müqavimət göstərənlər, rejim qaydalarını pozanlar düşərgənin mərkəzində asılaraq edam olunub və günlərlə saxlanılıb. Bununla da digərlərinə müqavimətin mənasız olduğu başa salınıb.
Dəhşətli faktlardan biri də odur ki, əsirlərdən kimyəvi preparatların sınaqdan keçirilməsi üçün istifadə edilib. Belə ki, müxtəlif kimyəvi maddələr əsirlərə yeridilib, nəticələrinə görə təsiri və təyinatları müəyyənləşdirilib.
Qadınlara verilən işgəncələr sırasında insan ağlına sığmayan daha bir əzab onların intim yerlərinə acı bibər yeridilməsi olub. Müqavimət göstərən qadınlar isə cəza növü olaraq 15-20 nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb.
Xüsusilə əsir düşən sanitar, tibb bacısı və hərbi rütbəli qadınlar bu düşərgəyə düşəndə, elə ilk andaca özlərini öldürməyə cəhd ediblər. Çünki cəhənnəmi xatırladan bu məkanda onları nə gözlədiyini yaxşı biliblər. Ancaq nasistlər onların bu “xoşbəxtliyə” nail olmasına da mane olublar.
Bu düşərgədə yüksəkçinli alman zabitlərinə əsir qadınlarla intim əlaqədə olmağa qadağa qoyulub. Sıravilər isə bu məsələdə nisbətən sərbəst olublar. Elə vaxt olub ki, bütöv bir növbənin bütün əməkdaşları bir əsir qadından ölənə qədər “istifadə” ediblər. Bu azmış kimi, zorlanmaqdan ölən qadının meyiti sonra güllələnib.
Düşərgədə məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılıb.
Sutka ərzində düşərgədə 500-700 nəfərin vəhşicəsinə qətlə yetirilməsi norma sayılıb. Əsirlərin öldürülməsi üçün heç də xüsusi adamlar ayrılmayıb. Belə ki, düşərgənin sıravi nəzarətçisindən tutmuş komendantına qədər hər kəs bu işi həvəslə icra edib.
337 saylı hərbi əsir düşərgəsinin fəaliyyəti haqqında mütəmadi olaraq Adolf Hitlerə məruzə edilib. 1942-ci il dekabrın 30-da Üçüncü Reyx rəhbərliyinin toplaşdığı müşavirədə Hitlerin təbliğat naziri Göbbels öz nitqində 337 saylı hərbi əsir düşərgəsinin adını da çəkib və o, SSRİ-nin işğal olunmuş ərazilərində fəaliyyət göstərən düşərgələrin arasında bu düşərgəni ən “nümunəvi” düşərgə kimi qiymətləndirib. Sözsüz ki, nasistlər “nümunəvi” statusunu cəza və işgəncələrin növlərinə, ölüm sayının çox olmasına görə müəyyənləşdiriblər.
Fəaliyyət göstərdiyi müddətdə düşərgənin yalnız bir komendantı olub. Ziqfrid Eyxqorn ağlasığmaz dərəcədə qəddarlığı ilə fərqlənib. Komendantın hər dəfə hər hansı bir baraka girməsi yüzlərlə əsirin ölümü ilə nəticələnib. Eyxqornun ən çox sevdiyi “əyləncə” düşərgənin həyətində tonqal yandırıb əsirləri həmin tonqala diri-diri atdırmaqdan ibarət olub.
1942-ci ildə düşərgənin “sakin”i olan və təsadüf nəticəsində sağ qalan, ixtisasca riyaziyyat müəllimi Vitali Koçetov sonralar verdiyi müshibələrdə komendantı aşağıdakı kimi xarakterizə edib:
“İlk baxışdan Ziqfrid Eyxqorn mülayim adam təəssüratı bağışlayırdı. Yəni üz cizgilərindən heç də qəddar adama oxşamırdı. Düşərgəyə gətirildiyimin ikinci günü idi. Az-çox alman dilində bilirdim. Bizi düşərgənin həyətinə düzdülər və saymağa başladılar. Nəzarətçi üç ayrı dəstəni ayrılıqda saydı. Eyxqorn ondan ümumi sayı soruşanda nəzarətçi üç dəstədə olanların sayını düzgün hesablamadı. Mən elə yerimdən dedim ki, nəzarətçi sayı düzgün hesablamayıb. Bu düzəlişimdən sonra həmin nəzarətçi məni üç gün buzlu suyun içərisində saxladı. Komendant isə bu cəzanı mülayim cəza sayırdı. Əgər Eyxqornun dilinə içki dəyirdisə, demək, həmin gün ölümlərin sayı birə beş artırdı...”
Sovet qoşunları Belarusiyanı işğaldan azad edərkən düşərgəni də bütövlükdə öz nəzarətlərinə götürüblər. Eyxqorn qaçmağa cəhd etsə də, onu sərhəddə saxlayıblar. Komendant müharibədən sonra hərbi tribunalın hökmü ilə ən ağır cəzaya, güllələnməyə məhkum edilib.
Hazırda 337 saylı hərbi əsir düşərgəsinin yerində memorial kompleks salınıb və muzey fəaliyyət göstərir.
İlham Cəmiloğlu,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ