İnsanlara hürriyət, millətlərə istiqlal!

"24 milyon manat Nəcməddin Sadıkov və digər şəxslərlə əlbir olaraq mənimsənilib" - "şlyapa Zahid"in məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətində(DTX) başlanılmış cinayət işi üzrə 42 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Musavat.com xəbər verir ki, prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb. Vəkil müvəkkilinə "24 milyon manat bankdan kredit götürülüb, həmin pul Nəcməddin Sadıkov və digər şəxslərlə əlbir olaraq mənimsənilib. Bu barədə nə deyə bilərsiniz" deyə soruşub. Zahid Niftəliyev isə vəkilin sualına belə cavab verib: "Kredit alınması ilə bağlı söhbət olmayıb. Burada firma açılması ilə bağlı söhbət olub. Hansısa şərəfsiz, vicdansız kredit almaq adı ilə imzamdan istifadə edib, pulu yeyibsə...".
Bu zaman hakim Novruz Kərimov təqsirləndirilən Zahid Niftəliyevə xəbərdarlıq edib. Deyib ki, bu cür ifadələri işlətmək olmaz. Zahid Niftəliyev isə söyüş söymədiyini deyib. Amma hakim onun nəzərinə çatdırıb ki, vicdansız, şərəfsiz demək də söyüş kimi nəzərdə tutulur.

Daha sonra vəkilinin suallarını cavablandıran Zahid Niftəliyev bildirib ki, kreditin götürülüb-götürülməməsi ilə bağlı onun xəbəri olmayıb, bu barədə yalnız sabiq vergilər naziri Fazil Məmmədovun ölümündən sonra xəbər tutub: "Baş qərargah rəisi məni yanına çağıraraq dedi ki, Fazil bizə humanitar yardım etmək istəyir.

Amma orada kredit, pul söhbəti olmayıb. Mən banka gedərək müqaviləyə imza atmışam, amma kredit görməmişəm. Ötən məhkəmə prosesində həmin otaqda kimlərin iştirak etdiyini demişəm".

Zahid Niftəliyev bir daha deyib ki, o heç bir pul görməyib: "Vergilər Nazirliyi məndən hesabat istədi. Mən də Mahir Rəfiyevdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənlik deyil, vəssalam.

Fazil rəhmətə gedəndən iki ay sonra bankdan mənə zəng vurdular, dedilər ki, kreditin var. Bankın müdiri məni çağırdı. Orada bildim ki, kredit götürülüb, pulu da mənimsənilib. Mənim ömrümdə kreditim olmayıb. Bilirəm ki, sənədlərə imza atanda baxılmalıdır. Mən bilirdim ki, Fazil Məmmədov orduya humanitar yardım etmək istəyib. Demək istəyirəm ki, bu, Fazilin öz işi olub. Mən kim idim ki, mənə o qədər kredit versinlər".

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Proses noyabrın 27-də davam etdiriləcək.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR