İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ilin dövlət büdcəsi təsdiqləndi - baş nazir parlamentdə çıxış etdi

Hərbçilərin pensiya yaşının artırılması deputatlar arasında mübahisəyə səbəb oldu

Dekabrın 5-də Milli Məclisin növbəti plenar iclasında  baş nazir Əli Əsədovun və hökumət üzvlərinin iştirakı ilə 2024-cü ilin dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi keçirildi. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, layihəyə təklif olunan dəyişikliklər aşağıdakılarıdan ibarətdir:

- Yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin  9-cu maddəsinə həmin rayonun adı əlavə edilir;

- Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait Agentliyin əsas fəaliyyəti üçün “Kənd təsərrüfatı” xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən (507,1 milyon manat) 7,3 milyon manat azaldılaraq həmin tədbirin maliyyə təminatına yönəldilir. Bu hesaba “Elm” xərcləri 7,3 milyon manat artır;

- 2023-cü ildə minimum əmək haqqının artımı ilə bağlı əlavə olaraq Bakı şəhərinin yerli xərcləri 2,3 milyon manat və Laçın rayonunun yerli xərcləri 100,0 min manat artırılır və s.

T.Kərimli daha sonra bildirdi: “Beləliklə, yuxarıda qeyd olunan dəyişiklikləri nəzərə alaraq 2024-cü ilin dövlət və icmal büdcələrinin ümumi göstəriciləri dəyişdirilmədən müzakirədə olan layihədəki səviyyədə, yəni dövlət büdcəsinin gəliri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, müvafiq olaraq icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat məbləğində saxlanılır”.

Müzakirələrdən sonra Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlədi. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edərək bir sıra vacib məsələlərə toxundu. Hökumət başçısı bildirdi ki, 2024-cü ildə büdcə vəsaitlərinin toplanması və qənaətlə istifadə olunması təmin olunacaq. Dedi ki, 2024-cü ildə Azərbaycanda 2,9 % iqtisadi artım proqnozlaşdırılır. O cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,8 % nəzərdə tutulub. Baş nazir qeyd etdi ki, Azərbaycanda müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır: “Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərib. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olub, illik inflyasiya 2,6% təşkil edib. Eyni zamanda Nazirlər Kabinetində "İnflyasiya və qiymət monitorinqi" üzrə yaradılmış İşçi qrup inflyasiya proseslərinin, onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görür. Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək".

Ə.Əsədov qeyd etdi ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur. Hökumət başçısı deyib ki, ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir: “Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq”.

Baş nazir qeyd etdi ki, inflyasiyanın qarşısının alınması üçün dövlət tərəfindən işlər görülür: “2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Bundan başqa, bu ilin yanvar-noyabr aylarında orta illik inflyasiya 9,4 % olub. Bu dövrdə illik inflyasiya isə 2,6 % təşkil edib”.

Milli Məclis “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim etdi. Deputatlar layihəni dəstəklədilər.

“Ağdərə rayonunun yaradılması onunla əsaslandırılır ki, bu ərazilərdə idarəetmənin təkmilləşdirilməsi dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə gələcəkdə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması, əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkili məqsədi daşıyır. Yəni, bu məqsədlə o rayon yaradılır”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev söylədi. Deputat qeyd etdi ki, bu yaxınlaşma yalnız fiziki imkanlar kimi başa düşülməməlidir: “Çox təəssüf ki, Azərbaycanda yerli dövlət hakimiyyətinin formalaşdırılmasında bizim vətəndaşlar iştirak etmirlər. Bələdiyyələr yerli özünüidarə orqanlarıdır. Özü də onların səlahiyyətləri olduqca kiçikdir, azdır. Ona görə mən əslində bu müzakirədən istifadə edərək nəyi təklif edirəm? Xalqımız həqiqətən də dövlət idarəetməsində islahatların aparılmasını zəruri hesab edir. Bu barədə insanlar hər məclisdə, imkan düşən hər yerdə  danışırlar və bunu gözləyirlər. Cənab prezident də vaxtilə özünün səlahiyyətli nümayəndələrini təyin edəndə söyləmişdi ki, biz gözləyirik ki, bu, özünü doğruldacaqsa, müəyyən islahatların aparılmasına ehtiyac olacaq".

Deputat Aqil Abbas isə bildirdi ki, 1992-ci ildə ləğv edilən Ağdərə rayonunun bərpası barədə qərara görə çox sevinir: “Mən bütün ağdərəlilərin əvəzindən sevinirəm. Mənim üç babamın qəbri Ağdərədədir. Vaxtilə bildirirdim ki, Xocalının bir kəndi bizdə olmadığı halda, Xocalı rayonu var, amma Ağdərənin 11 kəndi bizdə olduğu halda, Ağdərə rayonu yoxdur. Ona görə də Ağdərə rayonunun bərpa olunması haqqında möhtərəm Prezidentin təqdim etdiyi qanun layihəsini müdafiə edirəm və təşəkkürümü bildirirəm”.

Spiker Sahibə Qafarova xatırlatdı ki, ərazilərimiz işğaldan azad olunmasaydı, biz hazırda bu məsələyə baxa bilməzdik: "Ona görə də Ali Baş Komandanın, ordumuzun xidmətlərini hər zaman vurğulamalıyıq".

Layihə səsverməyə çıxarılaraq qəbul olundu. Eyni zamanda Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi təsdiqləndi.

Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə"nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatının müasirləşdirilməsi, yeni çağırışlara cavab verən ən müasir hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm addımlar atılır, eyni zamanda institusional islahatlar geniş miqyas alır: “O cümlədən hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına müvafiq olaraq bir və ya bir neçə il təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları vardır”. Komitə sədri qeyd edib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması üçün ardıcıl addımlar atılır və dövlət başçısının 7 noyabr 2023-cü il tarixli Fərmanı ilə növbəti artım olaraq, 2024-cü ilin əvvəlindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq: “Yeni qanun layihələri qəbul olunduğu halda hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə, eyni zamanda onların yekunda daha çox pensiya almasına imkan yaradacaq. Beləliklə, bir sıra qanunlarda ("Hərbi qulluqçuların statusu haqqında", “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə"nin təsdiq edilməsi barədə", “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda) nəzərdə tutulan dəyişikliklərin hər biri həm Ordumuzun, ölkəmizin müdafiə qabiliyyətinin, həm də hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi hədəflərinə xidmət edir".

Deputat Fazil Mustafa qanun layihəsi ilə bağlı narahatlığını bölüşdü. Bildirdi ki, bir sıra hallarda orduda xidmətə bu peşəyə bağlı olan şəxslər qatılırsa, ayrı-ayrı hallarda iş axtaran şəxslər də bu sahəyə müraciət edirlər. Deputat qadın və kişilərin pensiya yaşının fərqləndirilməməsini doğru saymadı. “Biz pensiya yaşında gender bərabərliyini əsas götürmürük, yaşı bərabərləşdirmirik, amma hərbi xidmətdə bərabərləşdiririk”.

Deputat Razi Nurullayev də onun narahat edən məqamlardan danışdı. Amma komitə sədrləri Siyavuş Novruzov, Ziyafət Əsgərov və digər deputatlar layihəni dəstəklədilər, əks arqumentləri qəbul etmədiklərini bildirdilər. Spiker Sahibə Qafarova isə anlaşılmazlıqların aradan qaldırılmasından ötrü ictimaiyyət üçün açıqlamaların verilməsini zəruri sayaraq deputatlara müvafiq tapşırıqlar verdi.

Qanun layihəsi ilk oxunuşda təsdiqləndi.  

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR