Onlayn ictimai-siyasi qəzet
Arxada qoymaqda olduğumuz 2024-cü ilin Azərbaycan həyatının müxtəlif sahələrində qoyduğu izlər, əldə olunan nailiyyətlər, həll olunmayan problemlərin qiymətləndirilməsi həyata keçirilir. Belə sahələrdən biri də rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu, süni intellekt, innovasiya və startap ekosistemi, kibertəhlükəsizlikdir.
2024-cü il bu sahədə nələrlə yadda qaldı?
Musavat.com Azərbaycan İnternet Forumunun prezidenti, sahə üzrə ekspert Osman Gündüzə istinadən xəbər verir ki, cari ildə rəqəmsal transformasiya sahəsində diqqət cəlb edən bir neçə hadisə olub:
“Çoxsaylı hüquqi sənədlərə dəyişikliklər edilməklə şəxsiyyət vəsiqəsi və bir neçə sənəd tam rəqəmsallaşdırılıb. Kağızdan kütləvi imtina bu il yaddaqalan olub. İRİA-nın bu sahədə fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. İRİA, ETN və AzTU təşəbbüsü ilə bu il universitetlərə qəbul prosesində kağızdan və paralelçilikdən imtina edilib, tonlarla kağız toplanmasına son qoyulub, yalnız rəqəmsal qeydiyyata üstünlük verilib. Adı çəkilən qurumların datası əsasında rəqəmsal tələbə kartları tətbiq edilib.
myGov-un populyarlığı nisbətən artıb. Rəqəmsal hökumət quruculuğu sahəsində BMT-nin iki ildən bir dərc edilən hesabatında ölkə üzrə irəliləyiş əldə edilib. Polisin rəqəmsallaşması, e-Polis mobil tətbiqinin, 102SOS rəqəmsal həllin hazırlanması və istifadəyə verilməsi də bu sektorda cari ildə yaddaqalan məqam olub.
Bir sıra mərkəzi icra qurumları, Mədəniyyət Nazirliyi, ADY, ETSN, Ədliyyə Nazirliyi, ƏƏSMN, Səhiyyə Nazirliyi özlərinin rəqəmsal transformasiya konsepsiyalarını qəbul ediblər. Əmək müqavilələrinin tam elektronlaşdırılması, SİMA rəqəmsal imzanın populyarlaşması da rəqəmsal transformasiyaya müsbət təsir edib”.
2024-cü ildə Azərbaycanda qeyd olunan sahədə infrastruktur da inkişaf edib: “Başa çatmaqda olan ildə ən diqqətçəkən layihə, əlbəttə, bütün ölkə üzrə genişzolaqlı internet şəbəkəsinin qurulmasını nəzərdə tutan “Onlayn Azərbaycan” layihəsi olub.
Açıqlanan statistikalardan görünür ki, uzun illər problem olaraq qalan bu məsələ əsasən öz həllini tapıb. Nazir Rəşad Nəbiyev verdiyi sözü tutub və 2024-cü ilin sonu üçün bütün ölkə üzrə keyfiyyətli internetə əlçatan infrastruktur demək olar ki, qurulub. Nazirliyin 85 milyonluq kreditdən imtina etməsi, vaxtilə 0.5 milyard büdcə vəsaiti nəzərdə tutulan bu layihənin Nazirliyin öz hesabına reallaşdırılması diqqət çəkən olub.
Aztelekom-un magistral rolu güclənib, Starlink bu il də fəaliyyətə başlaya bilməyib. A2Z telekommuniksaiya operatoru lisenziyası alıb.
Dərhal qeyd etmək lazımdır ki, ƏN yaddaqalan məqamlardan biri də 15 avqust tarixində bütün provayderlərin eyni anda minimal tarifləri qaldırması olub. Antiinhisar qurumunun bu məsələni “kartel sövdələşməsi” adlandırması diqqət çəkən məqam olub. Qurum bununla bağlı iş qaldırsa da, indiyədək bunu başa çatdıra bilməyib. Eyni zamanda ilk dəfə olaraq ölkədə yüksək tariflərlə əlaqəli “şərikli internet” və “internetdən imtina” halları müşahidə edilib.
Daha bir diqqətçəkən hadisə kibertəhlükəsizlik və kritik informasiya infrastrukturundakı dinamika olub.
Kibertəhlükəsizlik sahəsində beynəlxalq reytinqlərdə mövqeyimiz xeyli yüksəlib. Uzun müddət gözləntilərdən sonra kritik informasiya infrastrukturuna daxil obyektlərin siyahıları dərc edilib. Siyahı və onların aid olduğu dövlət qurumlarının tam siyahısı isə hələlik açıqlanmayıb.
DTX-nın bu sektorda mülkiləşməsi, qurum tərkibində Milli Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və təqdimatı sektorda diqqətçəkən hadisələrdən olub. Sektorda ictimai institutlaşma da güclənib, AKTA-nın aktivliyi xeyli artıb. RİNN -də yeni İctimai Şura da formalaşıb.
Sektorda daha bir diqqət çəkən məqam isə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin fəaliyyəti, çoxsaylı uğurlu əməliyyatları və banklarla birgə kibercinayətkarlığa qarşı mərkəz formalaşdırması olub.
Cari il bu sektor XRİTDX-nın Beynəlxalq Kiberdiplomatiya və digər çoxsaylı tədbirləri ilə də yadda qalıb”.
2024-cü ilin ən mühüm hadisələrindən biri prezidentin fərmanı ilə İKT və Nəqliyyat sektorunda yeni nəhəng qurum – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılmasıdır:
“Tənzimləyici funksiyanı yerinə yetirən İKTA-nın bütün provayderləri bir platformada toplaması, keyfiyyətə nəzarət üçün rəqəmsal həll yaratması, ən çox şikayət olunan provayderlərin siyahısının dərc edilməsi yadda qalan hadisə olub.
Lakin tənzimləyicinin bazara təsir imkanlarının yetərli olmaması da diqqət cəlb edib. Bu il də mobil operatorlara 5G lisenziyası verilməyib.
Rəqəmsal radio infrastrukturunun formalaşması istiqamətindəki addımlar da cari ildə diqqət cəlb edən olub.
“Bir bina – bir provayder” problemi, internetin keyfiyyəti, rəqabətli mühitin formalaşması kimi problemlər hələlik öz həllini tapmayıb. Cari ildə Aztelekom -a son dörd ildə beşinci dəfə yenidən sədr təyin edilməsi də diqqət cəlb edib. Aztelekom və Baktelecom-un de-yure birləşməsi cari ildə də baş tutmayıb”.
O.Gündüzə görə, cari il ölkəmizdə sosial medianın öz mövqeyini daha da gücləndirməsi ilə yadda qalıb:
“LinkedIn ilk dəfə olaraq Azərbaycan social media bazarında xeyli önə çıxıb. Bununla belə, Facebook ictimai fikir formalaşdırmaqda və ictimai platforma olaraq mövqeyini qoruyub saxlayıb. TikTok isə ölkədə ən kütləvi platforma olub.
Cari ildə Wikipedia-nın Azərbaycan seqmentində baş verənlər, xüsusilə şəhidlərin məlumatlarının bir anda bu platformadan silinməsi, bu istiqamətdə aparılan ictimai müzakirələr yaddaqalan olub. Süni intellekt sahəsində tədbirlərin sayının artması və bir neçə dövlət qurumunun tenderlərində süni intellekt əsaslı layihələrin olması diqqət cəlb edib. Banklar və mobil operatorlarda (ABB, Azercell və s.) süni intellekt əsaslı həllərin tətbiqinə diqqət artırılıb. Kriptovalyutaların tənzimlənməsinə diqqət artıb.
Cari ildə RİNN süni intellekt sahəsində tənzimləmə səlahiyyəti əldə edib. 4SIM sektorda əvvəlki illərə nisbətən xeyli aktiv olub.
Bununla yanaşı, zəruri olan superkompüter mərkəzinin yaradılması, dövlətə məxsus məlumatlardan effektiv istifadə məsələləri hələ də öz həllini tapmayıb. Süni intellektlə bağlı gözlənilən strategiyalar bu il də qəbul edilməyib.
Cari il innovasiya sahəsində xeyli geriləmə ilə yadda qalıb. Qlobal İnnovasiya İndeksində Azərbaycan 14 pillə geriləyərək, potensialı bizimlə müqayisə olunmayacaq ölkələrlə yanaşı, 94-cü yerdə qərarlaşıb.
Hesabatda innovasiya sahəsinə resurslar ayrılsa da, effektiv nəticələrin əldə olunmadığı qeyd edilib. Məhz bu səbəbdən "InMerge Innovation Summit" də diqqət cəlb etməyib. Sektor üzrə Prezident Administrasiyasının rəsmisinin bu tədbirə qatılmaması, lakin Gömrük Forumuna qatılması xüsusi diqqət çəkib.
Startap ekosistemində də ciddi uğurlar əldə edilməyib. Startaplara ilkin inkişaf mərhələsində dəstək mexanizmi bu il də hazırlanmadı. Bu il 65 subyektə Startap Şəhadətnaməsi verilib.
İRİA-nın Azərbaycan İnnovasiya Mərkəzini formalaşdırması və Sumqayıtda belə bir mərkəz yaratması, SABAH.HUB-ın ekosistemin inkişafına yönəlik mega layihəsi müəyyən ümidlər yaradıb.
COP29 çərçivəsində təşkil olunan İT tədbirləri və dayanıqlı İT infrasturkturun qurulması, qlobal İT təmsilçiləri ilə görüşlər və rəqəmsallaşma ilə əlaqəli sənədlərin, o cümlədən Yaşıl Rəqəmsal Bəyannamənin qəbulu cari ildə diqqət cəlb edən məqamlar sırasında olub.
Sektorda inkişafa dəstək ola biləcək hüquqi normativ sənədlərin qəbulu sahəsində müəyyən irəliləyişlər olub. Həyat hadisələri ilə bağlı bəzi sənədlərin rəqəmsallaşması üçün hüquqi sənədlər qəbul edilib.
Bu günlərdə rəqəmsal hökumət quruculuğuna aid çoxsaylı sənədlər Milli Məclisin müzakirəsinə çıxarılıb.
Bununla belə, rəqəmsal transformasiya konsepsiyası, Rəqəmsal Məcəllə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası, Data və süni intellektin inkişafına yönəlik strategiya, “İnnovasiya fəaliyyəti haqqında” qanun, Vençur maliyyələşmə və vençur fondları haqqında qanun, dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə qaydaları, distant təhsilin təşkili qaydaları, açıq məlumat bazaları haqqında qanun, dronların qeydiyyat qaydaları və digər mühüm sənədlər hələ də qəbul edilməyib”.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ