İnsanlara hürriyət, millətlərə istiqlal!

200 min iranlı arasında keçirilmiş sorğunun nəticələri

Mərkəzi ofisi Niderlandda yerləşən, İranda ictimai rəyi öyrənməklə məşğul olan GAMAAN qrupu (The Group for Analyzing and Measuring Attitudes in İRAN) iranlıların 2022-ci ildə ölkədə keçirilmiş kütləvi etiraz aksiyalarına münasibətini öyrənib.

Novator.az-ın məlumatına görə, sorğu ötən ilin sonlarında 200 min nəfərə yaxın iranlı arasında aparılıb.

Respondentlərin 157 min nəfərindən çoxu İranda yaşayanlar, 42 min nəfərindən çoxu isə 130 xarici ölkədə məskunlaşmış mühacirlər olub.

“İslam Respublikası: hə, ya yox” sualına İranda yaşayan respondentlərin 81%-i, mühacirlərin isə 99%-i “yox” cavabını verib.

Sorğu İranda yaşayanların 80%-nin etiraz aksiyalarını dəstəklədiyini, onların 67%-nin etirazların ölkədə dəyişikliklərə gətirib çıxaracağına inandığını göstərib. Mühacirlərin, demək olar, hamısı aksiyaları dəstəkləyib və 90%-i etirazların dəyişikliyə gətirib çıxaracağına inandığını bildirib.

İranda yaşayanların 73%-i, mühacirlərin 96%-i Qərb ölkələrinin etirazlara dəstək verməsini, Tehran rejiminə ciddi təzyiq göstərməsini istəyib.

Ümumilikdə sorğu iştirakçılarının 70%-i Qərb hökumətlərinin əsas təzyiq vasitəsi kimi bu metodlardan yararlana biləcəyini söyləyib: Tehran rejiminin başlıca dayağı olan İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salmaq, İran səfirlərini xarici ölkələrdən qovmaq, dövlətin xaricdəki aktivlərini dondurmaq.

İranda yaşayanların 22%-i 2022-ci il aksiyaları zamanı birbaşa küçəyə çıxıb etirazlara qoşulduğunu, eyni zamanda gecələr məhəllələrdə, binalardan hökumət əleyhinə şüarlar səsləndirdiyini deyib. 35%-i hicab taxmamaq və divarlara şüar yazmaq, plakatlar hazırlamaq kimi proseslərdə iştirak etdiyini bildirib. 44%-i tətillərə qatıldığını, 75%-i boykot çağırışlarına dəstək verdiyini söyləyib. 8%-i mülki xarakterli sabotajlara əl atdığını etiraf edib.

İrandakı respondentlərin 85%-i etirazların təşkilatlanmış şəkildə həyata keçirilməsi üçün rejimə müxalif qüvvələrin öz fəaliyyətini koordinasiya etməsinə, koalisiya yaratmasına ehtiyac olduğunu vurğulayıb. Onların 59%-i bu koalisiyanı keçid hökuməti kimi təsəvvür etdiyini, 42%-i koalisiyada istər ölkədəki, istərsə də xaricdəki fəalları görmək istədiyini açıqlayıb.

Sorğu zamanı İrandakı respondentlərin 28%-nin, mühacir iranlıların isə 32%-nin prezident idarə üsuluna üstünlük verdiyi aydınlaşıb. İrandakıların 22%-i, mühacirlərin 25%-i konstitusion monarxiyaya tərəfdar çıxıb. Ölkədə parlament idarə üsulunun formalaşdırılmasını İranda yaşayanların 12%-i, mühacirlərin 29%-i istəyib.

2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Aksiyaları yatırmaq cəhdlərinin 500-dən çox adamın ölümü, 20 minə yaxın adamın həbsi ilə nəticələndiyi bildirilir. Etirazçılardan ən azı 17 nəfərinə ölüm hökmü çıxarılıb, onlardan 4-ü barədə hökm artıq icra edilib. 100-dən çox etirazçının ölüm hökmü ilə cəzalandırılan cinayətlərdə ittiham olunduğu deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR