İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar şahidi xanım qazi: “Gözümü açanda insanların güllələndiyini gördüm... “

Bu gün 1990-cı ilin 20 Yanvarından 33 il ötür. O gecənin hər bir anı, ağrı-acısı xalqımızın tarixinə əbədi yazılıb.

20 Yanvar hadisənin iştirakçısı, şahidi olmuş “Tutu” ləqəbli Qarabağ qazisi Rüxsarə Cumayeva Musavat.com-a danışıb:

“O dövrü bu cür xatırlayıram. Gənclik dövrümün gözəl çağları idi, Meydan hərəkatı başladı və mən də bu hərəkata qoşulmuşdum. Meydan hərəkatından artıq 20 Yanvara doğru gəlib çıxdıq... Azərbaycan Xalq Cəhbəsinin nəzdində müdafiə komitəsi yaradıldı, onun sədri Məmməd Əlizadə idi. Məni də həmin komitədə telefonlara nəzarət etməyi tapşırmışdılar. Bütün rayonlardan gələn telefon zənglərinə mən cavab verirdim. Yanvarın 19-da təxminən saat 4-5 radələrində Fərəməz Allahverdiyev Naxçıvanın Şərur rayonundan zəng edib ki, artıq Ermənistandan gələn tanklar Sədərəyə doğru irəliləməyə başlayıb. Bundan sonra telefon zəngləri kəsildi, məlumatlar ala bilmədik. Buna görə də məcbur qalıb, telefon qovşağı idarəsinin qarşısına getdim. Orada Oruc Şirinov məni görüb soruşdu ki, “qara qız, niyə gəlmisən? “, mən də cavab verdim ki, telefon əlaqələri kəsilib, vəziyyətin nə yerdə olmasından xəbərsizik. Daha sonra isə Etibar Axundov adlı bir gəncin maşınında əyləşib, AXC-nin qərargahına doğru getdik. Bizim maşından öndə 45-50 yaşlarında, əli avtomatlı, zirehli geyimli adamlarla dolu 3 avtobus gedirdi. Həmin avtobus AXC-nin qərargahının yerləşdiyi bağda dayandı. Cəld qaça-qaça bu barədə qərargaha xəbər verdim. Qərargahdan bildirildi ki, bütün sənədlər qərargahdan çıxarılmalıdır və küçələrdə tonqal ətrafına toplaşan insanlara təhlükə barəsində xəbər verilməli, onları dağıtmalıyıq. Mən də qərargahdan keçmiş Nəsimi rayon icra hakimiyyətini binasının yanına gedib, oradakı 9 mərtəbəli binanın qarşında tonqal ətrafına toplanmış insanlara yaxınlaşdım, hansı ki, onların sayı yüzdən çox idi, bildirdim ki, qərargahdan deyilib ki, tonqalı dağıdıb, evə getmək lazımdır. Bunu demişdim ki, kimsə məni bərk vurdu və mən həmin vaxt huşum itirib yerə yıxılmışam. Ayılıb, özümə gələndə gördüm ki, güllələr atılır, xeyli insan yerdə qalıb, yaralanıb. Özümüzdə güc tapıb, yaralıları xəstəxanalara aparmağa çalışdıq. “Semaşko”ya çatanda dəhşətə gəldim, nə qədər insanlar yaralanmışdı, xəstəxananın işıqları keçmişdi. Həmin vaxt rəhmətlik Vaqif həkim mənə dedi ki, “əgər qorxmursansa təcili yardım maşınına otur, yaralıları daşıyın”. Hiss etdim ki, mənim əyləşdiyim maşının sürücüsü çox həyəcan içərisindədir, maşını yaxşı iderə edə bilmir. Onda dedim ki, mənə başqa təcili yardım maşını verilsin. Beləliklə, başqa təcili yardım maşını ilə “Salyanski kazarma”nın qarşısından keçirdik, birdən gözlənilmədən qarşımıza iki tank çıxdı və onlar bizdən əvvəldə gedən təcili yardım maşının güllələyib, üstündən keçdilər. Arxamızca gələn avtobusu isə gülləbaran etdilər. Avtobus yolun kənarındakı şalbana dəyərək, dayandı. Mən maşından düşüb, “milyarderlər məhəlləsi”nin küçələri ilə qaçıb o vaxtkı “qızıl ordu meydanı”na tərəf getdim. Meydana yaxınlaşanda gördüm ki, hər tərəf qanın içərisindədir, küçədən qan axır. Sovet ordusu Qorbaçovun əli ilə günahsız Azərbaycan xalqını, cavan, qoca, uşaq, qadın demədən qanına qəltan etmişdi. Halbuki bizim atalarımız, babalarımız həmin orduda xidmət etmişdilər. Mən xatırlayıram meydan yoldaşım Ülvi Bünyadzadəni, fuadları, natiqləri, İbrahimi... İbrahim ata olacaqdı, övladı onun şəhid olmasından sonra dünyaya gəldi. Larisa Məmmədova, İlqar... axı bu körpə uşaqların günahı nə idi? Onlar nə bilirdi ki, müharibə nədir? 33 ildir bizi ağrıdan budur ki, bu cinayəti törədənlər hələ də cəzasız qalıb.

33 il bu ağrı-acı bizimlədir, o günlərin hər anı xatirəmizdədir... Çox şükür ki, 30 ildən sonra biz Qarabağa, Şuşaya geri döndük”.

Xatırladaq ki, Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) Meydan hərəkatı dövrünə düşdüyündən orada fəal iştirak edib. Elə buna görə də, onu həm işdən, həm də universitetdən xaric olunub.

O, 1990-cu ildə Bakı Dövlət Universitetin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib. R.Cumayeva könüllü olaraq hospitalda işləyərək yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. Buna görə də 10-a yaxın ayaqlarından ağır əməliyyat keçirib.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR