İnsanlara hürriyət, millətlərə istiqlal!

2-ci Qarabağ müharibəsi bitəndən 370 Azərbaycan vətəndaşı mina qurbanı olub – Ombudsman etiraz etdi

2-ci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib. Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına etirazında yer alıb.

Səbinə Əliyeva vurğulayıb ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir:

“Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində cari il 24 avqust tarixində sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb. Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir. Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”.

Müharibə 4 il əvvəl bitsə də, mina partlayışları bitmək bilmir.

Ombudsmanı Səbinə Əliyevanın etirazına səbəb olan, Füzulinin Zərgər kəndindəki mina partlayışından bir neçə gün əvvəl Laçın rayonunun Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otaran şəxs piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə yaydıqları məlumat bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Əli Zeynalabdin oğlu Süleymanov həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Qeyd olunub ki, hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda vurğulanıb.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Azərbaycan dünyada ən çox minalarla çirklənmiş əraziləri olan ölkələr siyahısında ilk yerlərdədir:

ramil-memmedli.jpg (57 KB)

“Torpaqlarımız işğal altında qaldığı 30 ildə və 44 günlük Vətən müharibəsindən sonra 2023-cü ilə qədər ərazilərimizdə milyonlarla mina basdırılıb. İşğaldan azad olunan ərazinin sahəsi 10 min kvadrat kilometrdən çoxdur. Ermənistanın Qarabağda xaotik, dağınıq şəkildə basdırdığı minalarla bağlı problem uzun illər bizi narahat edəcək. Nəqliyyat infrastrukturlarında, strateji əhəmiyyətli ərazilərdə, yaşayış məntəqələrində minalar tam təmizlənəcək. Amma yoldan 2-5 metr kənarda, yaxud kəndlərin ətrafındakı torpaq yollarda bu problem bir müddət qalacaq. Bu təhlükənin həlli vətəndaşların ayıq-sayıqlığı, vaxtında aidiyyəti qurumlara məlumat verməsindən asılıdır. Çünki problemin nə qədər mürəkkəb və çətin olduğunu artıq xalqımız da son dövrlərdə anlamaqdadır”.

Hərbi ekspert qeyd etdi ki, digər tərəfdən, Azərbaycan bütün texniki avadanlıqlarla ANAMA-nı və güc strukturlarının mühəndis-istehkam qurumlarını təmin edib:

“Xüsusən də Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam qurumlarına yük düşür. Bu istiqamətdə bir sıra addımlar da atılıb. Sadəcə, burada iki məsələ var: hərbi yönümlü minatəmizləmə işləri, bir də mülki yönümlü... Humanitar xarakterli minatəmizləmə işləri hər hansı azərbaycanlının yaşadığı evdən ta ulu babasının dəfn olunduğu yerə qədər əhatə edən prosesdir. Bu da hər daşın altı, hər evin yan-yörəsinin axtarılması deməkdir. Təbii ki, bu da çətin və ağır işdir. Hərbi təyinatlı minatəmizləmə işləri isə yüksək səviyyədə aparılır, bu sahədə resurslarımız var. Amma mülki yönümlü minaların təmizlənməsi işlərində çətinliklər var. Bu da mütəxəssislərin çox olmaması səbəbindən irəli gəlir. Qənaətimə görə, bu təhlükələrin aradan qaldırılmasında xarici təşkilatların, humanitar qurumların dəstəyi çox ciddi rol oynaya bilər. Ümumiyyətlə, bir mina təmizləyən şəxsin hazırlanması zaman alır və qısa müddətdə onları yetişdirmək asan deyil”.

Hərbi ekspert bildirib ki, humanitar təşkilatlar ABŞ, Britaniyanın yaratdığı strukturlardır, onların qarşısında qoyulan əsas tapşırıq 60-cı illərdə Helsinki sammitindən sonra başlayıb və əsas vəzifələri də missioner fəaliyyəti göstərmək, kəşfiyyat məlumatları əldə etməkdir:

“Bu baxımdan Qərb humanitar təşkilatları Azərbaycanda bu məsələlərə əhəmiyyət vermirlər, vətəndaşlarla işləməyi, onları “verbovka” etməyi üstün tuturlar. Belə olmayasaydı, mina təmizlənməsi üçün canlı qüvvə ilə dəstək verər, evi dağılmış, yuvası vuran qoyulmuş insanlarımızın yanında olardılar. Ona görə də öz işimizi gərək özümüz görək və Qərbin humanitar təşkilatlarından uzaq olaq. Öz resurslarımız, potensialımız hesabına ərazilərimizi minalardan təmizləyərik. Qərbdən də Ermənistana hər hansı təzyiq göstəriləcəyini gözləməyə dəyməz”.

Hərbi ekspert bildirib ki, 1-ci Qarabağ müharibəsindən bu günə qədər 3 min 400 vətəndaşımız minalardan əziyyət çəkib:

“Son 3 il yarımda isə 361 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 61 nəfəri həlak olub. Ermənilər, hətta müharibə başa çatdıqdan sonra da 500 km uzunluğunda bir ərazini yenidən minalayıb. Beynəlxalq konvensiyalara görə müharibə başa çatanda minalayan tərəf qarşı tərəfə ərazilərin xəritəsini verməlidir. Amma Ermənistanın minaladığı ərazilərin dəqiq xəritələrini verməməsi işimizi çətinləşdirir və insanların minaların yeni qurbanına çevrilmək riskini artırır. Minalardan təmizlənmə işləri müvafiq qurum tərəfindən aparılır. Bu günə qədər 140 min hektar sahənin minalardan təmizlənməsi ilə bağlı məlumat verilir. Amma görülməli işin miqyası çox böyükdür və böyük maliyyə tələb olunur. Həm də minatəmizlənmə prosesin effektiv aparılması üçün siyasi iradə, müasir avadanlıqlar və kollektiv yanaşma vacibdir. İşğaldan azad edilmiş ərazilərdə tikinti işinə başlanması üçün həmin ərazinin qarışında axtarış aparılmalı və təhlükəsizlik təmin olunmalıdır. Xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra separatçıların nəzarətində qalmış ərazilərdə Ermənistandan yenidən gətirilmiş minalar basdırılıb. Bu gün ərazilərimizdə qalan minaların sayı milyonlarla ölçülür. Bu həm də öz doğma yurdlarına qayıdan insanlar üçün də potensial təhlükə mənbəyi olaraq qalmaqdadır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR