İnsanlara hürriyət, millətlərə istiqlal!

“18 gün qaldım, bir yol qəzası görmədim” – Nəvəsi ilə Amerikanı gəzən Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Musavat.com-un suallarını cavablandırıb.

- Bayramda ABŞ-yə səfər etmişdiniz. Hansı təəssüratla qayıtdınız?

- Məni Amerikaya oradakı lobbimizin nümayəndələri dəvət etmişdi. Orada yaşayan azərbaycanlılarla görüşlərimiz oldu. Əvvəlcə San-Fransiskoya getdik. Daha sonra isə 4-5 günlük Los-Ancelesə səfər etdik. Orada konsulluğumuzda olduq, insanlarla görüş keçirdik. Hollivudu gəzdik. Çox maraqlı bir səfər oldu. Mən 34 il bundan öncə də orada olmuşdum. Nəvəmi apardım, şəhəri gəzdi. Bizə maşın vermişdilər, çox yerlərə baş çəkə bildik.

“Apple”, “Google” şirkətinin, “WhatsApp”ın ofisində olduq. Möhtəşəm yerlər idi.

- Dediniz ki, 34 il bundan öncə ilk dəfə ABŞ-də olmusunuz. Bu dəfə ikinci səfərinizi etdiniz. Amerika cəmiyyəti çoxmu dəyişib, bəyəndinizmi?

- Çox bəyəndim. Tanımadıqları adamlara salam verirlər, gülərüzdürlər. Qayda-qanun, sürücülük mədəniyyəti var. 18 gün orada qaldım, bir yol qəzası görmədim. Halbuki orada maşınlar çoxdur.

- Səhhətiniz gəzməyə imkan verdimi? Bəzən ayağınızdan şikayət edirsiniz...

- Əsadan istifadə edirdim. Normal gəzə bilməsəm də, problem olmadı.

- Yeri gəlmişkən, deputat Səyyad Salahlı deyib ki, Xalq artisti Cahangir Novruzovun Azərbaycana dönməsi, burada məktəbini yaratması barədə düşünmək lazımdır. Siz bu haqda nə düşünürsünüz?

- Çox istedadlı adamdır, gözəl aktyordur. Bu gün Azərbaycana Cahangir kimi adamlar lazımdır. O, niyə yaradıcılığını başqa ölkədə reallaşdırmalıdır ki?! Şərait yaradılsın, o da burada məktəbini yaratsın, çalışsın.

- İttifaqın fəaliyyəti ilə bağlı hansı yeniliklər var?

- Kino Agentliyi çəkilişlərlə məşğul olur. İş gedir, sağlıq olsun.

Rasim Balayevin ABŞ-də olarkən Azərbaycan icması qarşısında etdiyi çıxışla bağlı video və fotoları təqdim edirik.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR