İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşında ermənilərin girov götürdüyü şəxs şahidlik etdi - Şuşa türməsində kütləvi məzarlıq aşkarlandı - Fotolar + VİDEO

Şuşa türməsinin həndəvərində kütləvi məzarlıq aşkarlanıb.

Bu məzarlığın aşkarlanması 1-ci Qarabağ müharibəsi günlərində Şuşa türməsində girov saxlanılan, o günlərdə 12 yaşı olan Cəmaləddin Süleyman oğlu Hüseynovun verdiyi məlumat əsasında mümkün olub. Cəmaləddin Hüseynov Şuşa türməsinə ezam olunan "Yeni Müsavat" əməkdaşı ilə söhbətində o dəhşətli günlərdə baş verənləri belə xatırladığını deyib:

-1993-cü ilin iyunda Ağdamın Qiyaslı kəndi işğal olunarkən girov düşmüşəm. Bizi ilkin olaraq Əsgərana apardılar. Orada 1 həftə qalandan sonra bura - Şuşa türməsinə gətirdilər. O günlərdə burada
Kəlbəcərdən, Ağdamdan, Şuşanın özündən, Laçından, Xocalıdan və başqa rayonlarımızdan qız-gəlin, arvad-uşaq da daxil olmaqla bəlkə də 1000-dən artıq əsir və girov həmyerlimiz vardı.

1994-cü ilin sentyabrına qədər burada saxlanılmışam. Ermənilər əsir və girovları armaturla, dubinka, dəmir parçaları ilə vəhşicəsinə döyürdülər. Ölən və ölümcül hala düşənləri burada - Şuşa türməsinin həndəvərində basdırırdılar. Burada traktor saxlayırdılar, həmin traktorla türmənin həndəvərini qazıb döyüb öldürdükləri, ölümcül hala saldıqları həmyerlimiz olan 4-5 nəfəri birlikdə qazdıqları quyuya atıb üstünü traktorla basdırırdılar. Elə əsir və girovlar olurdu ki, döyülmə zamanı ölmürdü, buna baxmayaraq onları da diri-diri torpağa basdırırdılar. Mən burada qaldığım 1 il 3 ay ərzində 400-ə yaxın azərbaycanlını döyüb öldürməklə burada basdırmalarının şəxsən şahidi olmuşam. Məcbur edirdilər ki, işgəncələrdən ölənlərlə yanaşı diri qalanları da quyuya ataq".

Dəhşətli müharibə cinayətlərinin şahidi olan Cəmaləddin Hüseynov bu barədə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına məlumat verib. Onun məlumatı əsasında ilkin olaraq 4 nəfərin meyitinin qalıqları aşkarlanıb. Bu bir daha sübut edir ki, Şuşanın işğalından sonra ermənilər Şuşa türməsindən işgəncə məkanı kimi istifadə ediblər. İşğaldan sonra Şuşa türməsində azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib.

Onlara qarşı amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Bu onu göstərir ki, Ermənistan uzun illər bizə qarşı təcavüzkar siyasət yürüdüb. Onlar düşünürdülər ki, Şuşa şəhəri həmişəlik onların işğalında olacaq və törətdikləri dəhşətli müharibə cinayətlərinin üstü heç vaxt açılmayacaq. Amma zaman keçdi, Azərbaycan öz torpaqlarına qayıtdı, haqq-ədalət bərqərar oldu. Şuşada aşkarlanan bu insan qalıqları Başlıbel, Fərrux və Edilli istiqamətlərində aşkarlanmış kütləvi məzarlıqların davamı kimi də qeyd etmək olar.

Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı Azərbaycana məlumat verməkdən yayınır.

Bunu müxtəlif beynəlxalq tribunalardan prezident İlham Əliyev dəfələrlə vurğulayıb.
"Bizdə olan etibarlı məlumatlara əsasən, demək olar ki, azərbaycanlı əsir və girovların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb”.
 

Prezident İlham Əliyev, həmçinin 2022-ci il fevralın 23-də Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyinə müsahibəsində Ermənistan rəhbərliyini kütləvi məzarlıqların yerlərinin bildirilməməsinə görə ittiham etdmişdi: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmı­şıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?”

Göründüyü kimi, Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. Kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verməlidir.

E.Məmmədəliyev,
Musavat.com

Şuşa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR